Xeyr. Katarakt əməliyyatından qorxulmamalıdır. Yəni, həkim diaqnoz qoydusa, müzakirə olunub, qərar verildisə, əməliyyat gecikdirilməməlidir.
Amma bundan qorxan insanlar var. Niyə nigaranıq? Ətrafımızdakı insanlardan eşitdiyimiz neqativ təcrübəyə görə… Məsələn, “Bizim qonşu əməliyyat oldu, gözü belə oldu.”
İşin fərqli yönləri var:
- Birincisi – işin professionalı.
- İkincisi – texniki infrastrukturu.
- Üçüncüsü – istifadə olunan materiallar.
- Dördüncüsü – xəstənin doğru araşdırılması.
Birinci məqam – əməliyyatı icra edən cərrah.
Göz əməliyyatları elə həssaslıq tələb edən əməliyyat qurupudur ki, 3 aya, 5 aya, 1 ilə, 2 ilə bu əməliyyatları öyrənmək mümkün deyil.
Bunu öyrənməkdən ötrü insanlar illərini xərcləyirlər. Orta hesabla, 5-10 il öyrənmə periodu var. Bundan sonra – 10 ildən sonra sən artıq özünə güvənirsən. Deyirsən ki, bəli, mən bu işi yaxşı bacarıram. Bu şəkildə insan özünə inanmağa başlayır.
O zaman mütləq işin ustasını, professionalını, bu işlə məşğul olan adamı axtarıb tapmalıyıq. Birinci işimiz bu olacaq. Bəlkə də Azərbaycanda 1500 göz həkimi var. Hamı katarakta ilə məşğul deyil. Elə həkim var katarakta ilə məşğuldur, elə həkim var qlaukoma ilə məşğuldur, elə həkim var okuloplastika ilə məşğuldur, elə həkim var strabizm (çəpgözlük) ilə məşğuldur. Ona görə bu işi ən yaxşı bilən həkimi axtarıb tapacağıq.
İkinci məqam – texniki infrastruktur.
Hansı məqamlar var? Əməliyyatxana hissəsi var, poliklinika hissəsi var – işin müayinə hissəsi. Müayinədə lazım olan alətlər, əməliyyatxanada lazım olan alətlər… Mikroskoplar həddindən artıq incə detallı göstərməlidir, keyfiyyyətli bir mikroskopa sahib olmalısan. İşlətdiyin alətlər dövrün tələblərinə cavab verməlidir.
2002-ci ildə biz katarakta fako əməliyyatına başlayanda gözün içərisinə giriş kəsiyimiz 3.2 mm idi.
- Sonra düşdük 3 mm-ə..
- Sonra düşdük 2.85-ə…
- Sonra düşdük 2.7-ə…
- Sonra 2.6-a…
- Sonra 2.4-ə…
- Hazırda 2, 2.2 və ya bəzən 1.6 mm-lik kəsiklərlə əməliyyatı icra edirik.
Yəni bugünkü texniki imkanların bizə bəxş etdiyi o müsbət avantajları istifadə etməliyik. Müayinədə də mikroskoplardır, analizatorlardır, tapoqrafdır, ultrasəsdir – bunların hamısı mütləq olmalıdır.
Üçüncü məqam – istifadə olunan materiallar.
İstifadə olunacaq materiallar fərqlilik ərz edir: mənşəyinə görə, tərkibinə görə, keyfiyyətinə görə. Bəzən xəstələr deyir, “Filan yerdə bu əməliyyat daha ucuzdur, filan yerdə bir az daha bahadır”. Ucuzluq və bahalılıq nisbidir. Filan yerdə ucuz olmağı o mənaya gəlmir ki, o yaxşıdır. Çünki bahalı olub keyfiyyətli material işlədənlər, ucuz olub daha az keyfiyyətli material işlədənlər – tamamilə fərqli mövzulardır. Bu yekunda işin nəticəsinə təsir göstərir.
Dördüncü məqam – xəstənin orqanizmi.
Əgər hər hansı bir patoloji problem varsa, şəkər xəstəsinizsə, qan təzyiqi problemi varsa və ya orqanizmin özündə iltihaba meyilli problemləriniz varsa, əməliyyatdan sonra xəstənin sağalması uzana bilər. Bunlar xəstələrlə müzakirə olunmalıdır. Əgər orqanizmdə bir problem yoxdursa, sağalma periodu daha sürətli keçir, əlavə sürprizlərlə qarşılaşmırıq. Amma yox, xəstədə uveit varsa, xəstədə şəkər varsa, qan təzyiqi varsa və ya xəstənin EÇS-i (eritrositlərin çökmə sürəti) çoxdursa – bunlar əməliyyatdan sonra problemlə qarşılaşma ehtimalımızı göstərir. Əməliyyatdan öncə tədbirimizi almalıyıq ki, əməliyyatdan sonra bu problemlərlə çox qarşılaşmayaq. Əgər bunlar – saydığım bu 4 məqam, nöqtə nəzərə alınarsa, qətiyyən bu əməliyyatdan qorxulmaz. Bitdi.
Başda dedik – “Katarakt əməliyyatından qorxmalıyammı?” Əsla! Katarakt əməliyyatı qorxulu əməliyyat deyil.