Katarakta əməliyyatının mahiyyəti

Katarakta əməliyyatı zamanı bulanmış billur götürülür, yerinə təzə billur qoyulur.

Əlimlə bir şey göstərəcəm: Billurun anatomiyası. Bir dənə kisədir, əlim kisədir. Onun içərisinə jele doldurulub. Bu kisə akkomodasiya edə bilir. Bunun sayəsində biz uzaq, orta, yaxın məsafələri rahat görə bilirik. Bəlli yaşa çatandan sonra billur artıq akkomodasiya qabiliyyətini itirir. Yəni billur artıq elastikliyi itdiyinə görə hərəkət edə bilmir, bir. Sonra yavaş-yavaş sərtləşir. Sonra yavaş-yavaş bulanmağa başlayır. Bulananda artıq katarakta əmələ gəlmiş olur. 

Əməliyyat vaxtı biz bəbəyin içərisindən həmin bu kisənin – bunun adına biz elmi dildə kapsul deyirik – kapsulun ön tərəfində kapsuloreksis edirik. Yəni kapsulun bir hissəsini kəsib götürürük. Oradan içəri alət salırıq. İçəridəki bulanmış kütləni doğrayıb alət vasitəsi ilə sovurub təmizləyirik, aspirasiya edirik. Artıq belə bir boş kisə qalır. Üstü açıq, altında başqa bir kisə bütöv. 

Linzanı buraya implantasiya edirik. Bu kisənin içərisində implantasiya olur. Altdakı kapsul bizə dəstək üçün lazımdır. Linza yerində qalsın deyə. 

Həmin linzanın ayaqları orta hesabla 2-4 aya lazım olan yerə bərkiyir. 2-4 aydan sonra arxada qalan o kapsul funksiyasını itirmiş olur. Həmin kapsulun bəlli vaxtdan sonra şəffaflığı azalır. Təxminən əməliyyat olan, katarakta əməliyyatı olan 100 xəstədən 63-də əməliyyatdan sonrakı müxtəlif dövrlərdə – bu 3 ay ola bilər, 6 ay ola bilər, 5 il ola bilər, 10 il ola bilər, fərq etməz – həmin arxa kapsul bulanır. Arxa kapsulun bulanması da görmənin pisləşməyinə gətirib çıxarır. Bunun bizim kitablarımızda adı PCO – Posterior capsule opacification və ya rus mənbələrində İkincili Kataraktadır. 

Böyük ehtimal o söhbət oradan çıxır…

 “Katarakta əməliyyatı olduq. Hər şey yaxşı idi. Daha sonra yenə də görməyimiz pisləşməyə başladı. Həkimə getdik. Həkim dedi ki, sizdə ikincili katarakta var. Ay həkim, axı mən kataraktadan əməliyyat olunmuşdum?!” 

Anlaşılmazlıq buradan çıxır. Yəni ikinci səfər görməyinizin bulanmağının səbəbi, əslində, katarakta deyil. Həmin o arxa kapsulun şəffaflığının itməsidir, bulanmağıdır. Bu problemi həll etməkdən ötrü xəstənin bəbəyi böyüdülür. Xəstə oturduğu vəziyyətdə 30 və ya 40 saniyə həmin o bulanmış kapsul lazerlə təmizlənir və xəstə yenə əvvəlki görməyinə, keyfiyyətli görməyinə qovuşur. 

Bəzi xəstələrdən də belə suallar gəlir: 

“Həkim, gözümün içərisindəki linzanı çıxarıb, yuyub, təzədən qoymaq olarmı?” 

Linzanın çıxarılıb, yuyulub, təmizlənib qoyulması kimi bir prosedur yoxdur. Oftalmologiyada belə bir şey yoxdur. Böyük ehtimal, bu, YAG Laser Capsulorhexis prosedurunu xəstəyə anlatmaqdan ötrü birisi belə bir nümunə çəkib və yayılıb. Yəni linza çıxarılıb yuyulmaz. Əgər linzanın arxasında kapsul bulanıbsa, onu lazerlə təmizləyib, görməni təkrar bərpa etmək mümkün olur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir