Mirvari suyunu “yetişdirmək” lazımdırmı?

Bəzi doğru bilinən yalnışlar var: Cəmiyyətdə insanların böyük hissəsi hələ də belə fikirləşir ki, əgər “mirvari suyu” (katarakta) əmələ gəldisə, onu “yetişdirmək” lazımdır. 

Bu boş yerə yaranmış bir söz deyil. Bunun altında yatan bir mərhələ var. 

Təxminən 20 il bundan əvvələ qədər, texnologiyanın hələ inkişaf etmədiyi dövrdə icra olunan bir metod – kataraktanın ekstrakapsulyar ekstraksiyası və ya kataraktanın intraokulyar retraksiyası, əllə icra olunan əməliyyatlar idi.

O metodlarda xüsusi mikrocərrahi qaşıqlar var idi. Buynuz qişa saat 3-dən 9-a qədər böyük yarısı kəsilir, ondan sonra o qaşıq billur kütləsinin arxasına salınır, billur kütləsi çıxarılırdı. Billur kütləsi tam çıxsın deyə o zamanlar lazım idi ki, billur tam sərtləşsin. Yəni bizim bayaq dediyimiz kimi, “yetişsin”.

Yəni bu yetişmə söhbəti 20 il bundan əvvəl katarkatanın ekstrakapsulyar ekstraksiyası üçün lazım idi. Çünki tam yetişməmiş billuru qaşıqla çıxara bilmirdilər. O jel kimi ətrafa yayılırdı və əməliyyatın uğurlu keçməyinə maneçilik törədirdi.

Amma günümüzdə artıq çox şeylər dəyişib. Yəni videoda həmin əməliyyata baxırsan, indiki əməliyyata baxırsan, “Doğrudan da mı bunlar ikisi də eyni məqsəd üçün icra olunan əməliyyatlardır?” deyirsən. Yəni çox dəyişib.

Artıq günümüzdə katarakta ortaya çıxdısa, əməliyyat olunmalıdır. Yetişdirmək mövzusu ilə əlaqədar bəzi xəstələr gəlir:

– Vaxt keçib, artıq görməyim pisləşdi və ona görə gəldim. 

– Sizə katarakta diaqnozu nə vaxt qoyulmuşdu?

– 3 il bundan qabaq. 

– Bəs niyə vaxtında gedib əməliyyat olunmadın?

– Nə bilim. Dedim, qoy yetişsin, ondan sonra gedərəm. Dedilər, “Qoy yetişsin, ondan sonra gedərsən”. 

Yetişsin söhbəti çox olur. Yaşadığım təcrübədə onlarla belə xəstə olub. İlk dəfə rayonda poleklinikaya gedib və ona deyiblər:

“Hələ yetişməyib. Gözlə, qoy, yetişsin.”

Yetişdirən periodda da “mirvari suyu”nun yanına bir dənə “qara su” qoşulub. 2 ildən, 3 ildən sonra… Xəstə soruşur:

– Yetişmək nəyə deyirlər?

– Nə vaxt görməyin tam itsə, onda gələrsən.

Düşünün: görmə gedir, gedir, gedir… Xəstə sevinir:

“Hə, yetişir, yetişir, yetişir. Hə… yetişdi! Yəni 0 oldu. İndi gedim həkimə”.

Həkimə gəlir və şok.

“Sizdə mirvari suyundan əlavə qara su da var. Görməyiniz çox təəssüf ki, qara sudan getdi. Bu görmə artıq bir daha geri qayıtmayacaq”.

Çox təəssüf ki, onlarla belə misallar var. Yəni vəzifə olaraq mənim öhdəmə düşür ki, bu mövzuda pasiyentlərimizi məlumatlandırım. Artıq yetişdirmək mövzusu yoxdur. Mirvari suyu əmələ gəldisə, günü-gündən artacaq. Hətta yanına əlavə problemlər də qoşulacaq. Ona görə nə qədər erkən əməliyyat olsaq, o qədər əlavə problemlərdən uzaq qalmış olarıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir