İnternet mənbələrinə nə qədər güvənmək olar?

Necə ki, real həyatda çoxlu məlumatlar var… Məncə, real həyatın, bəlkə də, bir kopyası virtual həyatdır – internet. Orada da hər cürə mənbə var, hər cürə məlumat var. 

Necə ki, real həyatda məlumatları dəqiqləşdirməmiş bəzi insanlar ağlına gələni danışır, hər halda virtual aləmdə də eyni insanlar var, onlar da məlumatları mənbəyindən dəqiqləşdirmədən istənilən cür danışa bilirlər, yaya bilirlər.

Və biriləri “internetdən oxudum” deyib, həmin məlumatların üstündə iş görürlər. 

Misal üçün, bir dieta proqramına baxırlar – “Filankəs belə elədi, 5 kq arıqladı, mən də elədim”.

Çox təssüf ki, bu bizim tibb sahəsinə də tədbiq olunur.

Yəni nə olur?

Xəstə gəldi, müayinə etdin, sən olunmalı olan hər şeyi elmi tərəfdən xəstəyə izahını verdin, eynəyini yazdın, dərmanını yazdın, xəstə getdi: “Hə, doktor bəs mən internetdən oxudum ki, belə-belə şey var. Bu nədir?”.

İnanılmaz dərəcədə gərginləşirik və yoruluruq. Yəni o suala cavab versən bir dərd, cavab verməsən bir dərd. Çünki baxırsan ki, həmin məlumat, elmi bir məlumat deyil. Hansısa forumdan götürülmüş… Yəni kiminsə heç bir elmi əsası olmayan bir məlumatına sən izah vermək məcburiyyətində qalırsan.

Qarşı tərəf həkimdirsə, yenə də məlumatı dəqiqləşdirmək və istədiyini çatdırmaq daha asan olur. Amma qarşı tərəf həkim olmayanda elə mövzular var ki, o mövzunu izah etmək bizə çox çətin gəlir. Çünki binokulyar görmədir, görmənin ali funksiyalarıdır, stereo görmədir, fuziyadır… Bunlar haqqında məlumat istəyirlər. Fuziyanı mən sənə necə başa sala bilərəm? Yəni sən bir həkim deyilsən… Bir göz həkimi olmayan adama fuziyanı başa salmaq olar, amma çox vaxtımız gedəcək. Bizim o qədər vaxtımız yoxdur. Gərək qarşı tərəfin ən azından o mövzuda, optika haqqında, beyin sinir sistemi, göz haqqında heç olmazsa bir minimal məlumatları olmalıdır ki, sənin verəcəyin informasiya doğurdan da yerinə otursun.

Hətta bundan başqa da sənin elədiklərinə bəzən fərqli bir baxış gətirir: “Doktor, bizim uşağın gözün dərəcəsi 5 idi, sən eynəyi 3 verdin, amma mən internetdə oxuyuram ki, əslində 3-ə eynək yazılmamalı idi”. 

Biz həkimlər xəstəliyi yox, xəstəni müalicə edirik. Yəni ola bilər ki, xəstənin gözünün dərəcəsi müsbət 5 olsun, amma bunun akkomodasiya qabiliyyəti o qədər yaxşı ola bilər ki, 5-i kompensasiya edər, görməsi 100% olar, heç bir çəplik olmaz və biz bunu müşahidə altında saxlaya bilərik.

Amma belə xəstə var ki, gözün dərəcəsi müsbət 1,5-dır, akkomodasiyası çox azdır və 1,5 bu uşaqda çəplik əmələ gətirir. Yəni bunda artıq dərəcə tam verilməlidir, 1,5 şəklində verilməlidir.

Və ya uşağın psixoloji problemləri var, doğuşdan nevroloji problemləri var. Belə hallarda artıq tamamən taktika dəyişəcək. 

Və ya çəpliklə kombinasiya olmuş halları var… 

Yəni bunları bir-bir xəstələrə başa salmaq və yaxud da o sual verən insanlara başa salmaq inanılmaz dərəcədə biz həkimlər üçün çox çətindir.

Yəni bir müayinəni etmək, bəlkə də, heç o qədər çətin deyil, hansı ki kimsə internetdən bir məlumat oxuyub, bir sual verib o suala sən cavab vermək ehtiyacı duyursan.

Tövsiyəm o olar ki, internetdə güvənilən məlumat tapıla bilər, amma hər adamın ona lazım olan etibarlı mənbəni tapmaqda problem yaşama ehtimalı var.

Bunu necə izah edə bilərəm?

Mən, tutaq, göz həkimiyəm, mən göz həkimi kimi mənbələrimi bilirəm, hardan nəyi necə oxumalıyam, hətta oxuduqlarımı sonra necə işləyib beynimə otuzdurmalıyam, onu necə şəkildə qəbul eləməliyəm? 

Çünki hər ölkənin özünə görə bir standartları var, hər xalqın, millətin özünə görə bir təfəkkür tərzi var. Yəni hər oxuduğumuzu oxuduğumuz şəklində tədbiq etmirik. Onları yenə də istənən halda vəziyyətə, şəraitə uyğunlaşdırıb tətbiq edirik. 

Həmçinin də pasiyentlər oxuduqları bütün məlumatları “100/100 dəqiqdir və bunun əsasında iş görülə bilər!” deyə, məncə, güvənməməlidirlər.

Oxusunlar, amma informasiya aldıqları mənbələrin güvənilirliyini yenə də dəqiqləşdirib, təsdiqləyib, ondan sonra o mövzulara güvənsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir