Təhlükəli göz xəstəlikləri

Bu adı seçməkdə 2 məqsədimiz var. 

  1. Sözün həqiqi mənasında ciddi patologiyalar, gözdəki ciddi patologiyalar – onlardan bir az danışmaq; 
  2. Amma işin əsas hissəsi, ikinci hissəsi bir az kinayəli – “Doğrudan da xəstəliklər o qədər təhülkəlidirmi? Xəstəliklərmi təhlükəlidir, yoxsa bizmi o xəstəliyi o təhlükəli hala salırıq?” Yəni, danışılmalı olan hissə ikinci hisədir. 

Gözdəki təhlükəli xəstəliklər – bəli, qlaukoma (qara su) çox qorxuludur, torlu qişanın qopması çox qorxuludur, şəkərli diabetə aid gözün dibində olan dəyişikliklər çox qorxuludur, gözdəki onkoloji xəstəliklər çox qorxuludur… 

Amma inandırım, bu xəstəliklər bizi qorxutmur. 

Çünki bu xəstəliklərin çıxış yoluna biz hazırıq. Biz həkim olaraq 6 il tibb təhsili, ondan sonra 1 il, 2 il, 3 il ixtisas təhsili, ondan sonra aspirantura, ondan sonra, ömrümüzü… Yəni, 30 ilə yaxındır, mən oxuyuram. Bu xəstəliklər haqında inana bilməyəcəyiniz qədər savadlıyıq və məlumatımız var. 

Biz xəstəlikdən qorxmuruq, biz xəstədən qorxuruq. Biz səhlənkarlıqdan qorxuruq, biz məsuliyyətsizlikdən qorxuruq. 

Yoxsa xəstəlik gəlir, diaqnoz qoyursan. İstənilən etapda diaqnoz qoyulandan sonra onun artıq müalicəsi var, çıxış yolu var. 

Amma ən önəmli problem, xəstələr vaxtında işin üstünə düşmürlər, ya səhlənkarlıq edirlər və ya nədənsə qorxurlar və bu səhlənkarlıq və qorxularının nəticəsində problemlərini “işin içərisindən çıxılmaz” hala salırlar. Təsəvvür edin, xəstə artıq elə vəziyyətdə gəlir ki, ayağının altını görmür, “Doktor, qurban olum, nə olar, mənə kömək elə…” Kömək etməyə yer qalmayıb ki… O hala salınıb ki, artıq göz sinirləri bərbad gündə, torlu qişa bərbad gündə. Artıq əlimizdən bəzən bir şey gəlmir. 

Çəkilişdəki ana məqsədim – Çox xahiş eliyirəm, həkimdən qorxmasınlar, hadisələrə, problemlərə çox səthi yanaşmasınlar, əgər narahatlıqları varsa, zaman itirmədən mütləq həkimə müraciət etsinlər. 

Hətta bir az daha irəli, profilaktika baxımından…. 

Problemləri olmasa belə imkan daxilində 40 yaşdan sonra mütləq ildə 1 və ya 2 dəfə, əlbəttə ki, burada genetikanın çox böyük rolu var, genetik olaraq göz xəstəliklərinə meyli olan irsiyyət varsa, nəsil varsa, ildə 2 dəfə, irsiyyətdə göz problemi olmayan bir nəsildirsə, o zaman ildə 1 dəfə profilaktik baxışdan keçsinlər. 

Çünki profilaktik baxışlar zamanı biz hal-hazırda var olan və ya gələcəkdə risk altında olduğumuz problemləri öngörə bilirik və xəstələri məlumatlandırırıq. Əgər bir şey haqqında əvvəlcədən məlumatın olarsa, əlbəttə o problemdən çıxış yolunun tapılması da daha asan olur.

Yekunlaşdırım videonu…

Biz xəstəlik nə qədər ağır olur, olsun, nə qədər təhlükəli olur, olsun, biz xəstəlikdən qorxmuruq. Biz xəstədən qorxuruq. Biz səhlənkarlıqdan qorxuruq. Xəstələrdən də xahişim, səhlənkarlıq etməsinlər, vaxtında həkim müayinəsində olsunlar və həkim bir təyinat verirsə, o təyinata uyğun hərəkət olunsun. 

Mənim praktikamda yaşadığım hallar olub: Xəstə qlaukoma ilə gəlib, dərmanını yazmısan, təzyiqi normaya salmısan, “1 ay sonra kontrola gəl” demisən. 100% görən bir xəstə düz 1 ildən sonra 5% görmə ilə təkrar sənə müraciət edir. Müayinənin nəticəsinə baxıram, 1 il bundan öncə mən xəstəyə “1 ay sonra kontrola gəl” demişəm. 

Nə oldu? – “Nə bilim doktor… Vallah görməyim yaxşı idi, dedim ki, yaxşı görürəm, niyə gedim ki, həkimə?”

Elə hallar olur ki, geriyə dönüşü olmur. Yəni, yekunda sənin tanıdığın bir insan görmədən məhrum olur. 

Bizə də ağırdır, yəni, həkim olaraq bu hadisələr… Yəni, bir insana kömək edə bilməmək, ona əlini uzada bilməmək inandırım sizi, inana bilməyəcək qədər bizim üçün də çətin bir şeydir. Yəni, kimsə səndən kömək diləyir, səndən kömək istəyir və sən deyirsən: “Çox üzr istəyirəm, mən sənə kömək eliyə bilmirəm”. Bunun acısını biz yaşayırıq. 

Çox xahiş edirəm, bunun acını bizə yaşatmasınlar. 

2 thoughts on “Təhlükəli göz xəstəlikləri”

    1. Salam. Hal-hazırda bu və digər müalicəsi dövrümüzdə olmayan xəstəliklərin müalicə üsullarını tapmaq üçün elmi təcrübələr aparılır. Hal-hazırda olmasa da gələcəkdə bu sahənin inkişafı və müsbət nəticələr gözlənilir.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir