Şəkərli diabet xəstələrində göz müayinəsi nə vaxt olmalıdır?

Əgər bir nəfərə şəkərli diabet diaqnozu qoyuldusa, mənim dediklərim standart deyil, amma ümumi qəbul olunmuşdur. Əlbəttə ki, bu kontrol olunan şəkərli xəstələr üçün keçərlidir – İlk 7 il ildə bir dəfə göz müayinəsi olmalıdır, 7 ildən sonra ildə 2 dəfə, yəni 6 aydan bir göz müayinəsi olunmalıdır.

Əgər kontrolsuz bir şəkəri varsa, xəstə şəkərinə ciddi nəzarət etməyib, gözlə bağlı artıq problemi ortaya çıxıb və həkimə gəlir. Müayinə nəticəsində məlum olur ki, artıq gözün dibində dəyişikliklər var. O dəyişikliklər də 2 etapa bölünür əlbəttə ki: qeyri-proliferativ və proliferativ diabetik retinopatiya.

Əgər gözün dibindəki vəziyyət həddən artıq çox bərbad bir vəziyyətdə deyilsə, bəzi hallarda başqa videolarımızda demişdik, şəkər sahmana salmaqda, o dəyişikliklər geri sorula bilir. Yəni sanki heç bir şey olmamış kimi ola bilir. Belə olan hallarda əlbəttə ki, şəkəri endokrinoloq nəzarətinə göndəririk və ciddi şəkər kontrolu tələb edirik. Bir neçə aya əgər hər şeyi doğru gedərsə, 3-4 aya göz dibindəki dəyişikliklər sorulur və xəstələrin şikayətləri ortadan qalxır.

Belə olan hallarda yenə də ortalıq sakitləşənə qədər, biz tam göz dibindən əmin olana qədər baxmayaraq ki, heç bir müdaxilə etmirik, amma yenə də ayda bir dəfə kontrol tələb edirik.

Yox əgər inkişaf etmiş retinopatiya vəziyyətində bizə müraciət edirlərsə, belə hallarda da yenə ciddi endokrinoloq nəzarəti, müdaxiləyə ehtiyac varsa müdaxiləmizi edirik. Artıq müdaxilənin gedişatına görə ya 2 həftədən bir, ya 4 həftədən bir təkrar kontrollara çağırırıq. Bu kontrolların müddəti də, yenə də gözün dibi stabilləşənə qədər orta hesabla 4-6 ay.

Əgər hər şey istədiyimiz kimi nəticələnərsə, göz dibindəki patoloji proseslər stabilləşər, istədiyimiz görməni əldə edərik, xəstənin şəkər kontrolu normal gedərsə, bundan sonra kontrollar hər 6 aydan bir aparılmalıdır.

Bəzi təcrübədə hallar yaşamışıq, xəstə gəlib müalicəsini alıb, stabilləşib orta hesabla, iynələri, lazer olunub və “kontrollu şəkər” olaraq xəstəni yönləndirmişik, “Gedin bir də 3 ay sonra kontrola gəlin” demişik. Xəstə gedib, 3 ay sonra kontrola gəlib. 3 ay sonra artıq göz dibinin vəziyyəti elə bərbad halda olur ki, yəni çox təəccüblənirik. Hətta xəstəni danışım sizə:

– “İndiyə qədər niyə gəlmədin?”

– “Doktor axı sən demişdin 3 ay sonra gəl. Biz də ona görə 3 ay sonra gəldik. Düz 3 ay. Vaxtımızdır. İndi gəlmişik.”

Biraz danışdırandan sonra anamnestik məlumatlardan məlum olur ki, bu 3 ay içərisində 2 bacısını və 1 qızını itirib və çox stresli bir period keçirdib. “Heç iynəni nə vaxt vurdum nə vaxt vurmadım, yadıma düşmədi”, şəkər kontrolunu etməyib, dərmanlarını içməyib. Bəli, belə bir kontrolsuz bir period keçirdib və mən “3 ay sonra gəl” demişəm deyə gəlib.

Biz əlbəttə ki, normal şərtlərdə o müddəti deyirik. Əgər bir fors-major bir hal olarsa, bizim nəzarət edə bilməyəcəyimiz bir hadisə olarsa, əlbəttə ki, o müddət dəyişə bilər. Yəni bizim 2 həftə, 4 həftə dediyimiz mütləq o şəkildə olacaq deyə deyil, əlbəttə ki.

Hətta biz xəstələrə deyəndə cümləni bu şəkildə deyirik “Əgər heç bir şikayətiniz olmazsa 3 ay sonra kontrola gəlin.” Bu nə deməkdir? “Şikayətiniz olduğu an həkimə müraciət edin” deməkdir. Yəni oturub bir də 3 ay gözləməyin. Bu şəkildə…

Kontrollar daha önəmlidir, çünki biz kontrollar vaxtı… 

Hətta bəzən gəlir xəstə “Doktor, şəkərimə çox ciddi nəzarət edirəm. Neçə vaxtdı ölçürəm, səhərlər şəkərim 5,5-dir.” Amma mən gözdibinə baxıram, gözün dibində qanamalar davam edir. Ola bilər səhərlər 5,5 olmuş ola bilər, amma yeməkdən sonra 400-ə qalxır, 500-ə qalxır şəkər. Bu da əslində bir ciddi həyəcan təbilidir və bu o deməkdir ki, şəkər yenə də kontrolda deyil. 

Bəli, səhər acqarına ölçəndə normada olmuş ola bilər, amma bu yenə bizim üçün kriter deyil. Çünki bizim tələb nədir? Kobud şəkildə: 

  • Gün ərzində acqarına şəkər 7-dən aşağı olmalıdır. 
  • Gün ərzində şəkər dalğalanmamalıdır. Gah 5 olsun, gah 14 olsun… 
  • Və gün ərzində heç olmasa minimum 5 kilometr piyada gəzmək tələb olunur.

Əgər bunlar yerinə yetirilərsə və vaxtaşırı kontrollar olunarsa, az öncə də qeyd etdiyim kimi, müayinə vaxtı artıq biz nəyinsə düzgün olmadığının fərqinə varırıq. 

Hətta başqa bir misal deyim. Xəstə “Şəkərim qaydasındadır” deyir, amma göz dibindəki proseslər heç cürə sakitləşmir.

Yenə də bunu biz şəkər həkiminə yönləndiririk. Çünki “Gedirəm” deyir, amma sən demə bir ildən çox imiş şəkər həkiminə getmirmiş. Sidikdə albuminin miqdarı 400 üstündə imiş və o albumin normaya salınandan sonra artıq xəstənin gözü stabilləşdi, görməsi artdı.

Yəni bəzən sadəcə şəkər deyil, orqanizm ümumi dəyərləndirməlidir. Sadəcə şəkər deyil, qan təzyiqi və digər faktorlara baxılmalıdır. Əgər hər hansı bir hissədə bir problem varsa, həll olmalıdır ki, hər şey istədiyimiz kimi olsun.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir