Şəkərli diabetə bağlı gözdibi problemlərində nə zaman iynə vurulur?

Şəkərli diabeti olan xəstələrin göz dibi problemləri olarsa, nə zaman iynə vurulur? İynənin növləri, çeşidləri… İynənin vurma hadisəsi ağrılı prosesdir, yoxsa yox?

Birincisi, bir əvvəlki videolarda da qeyd etmişdik, şəkərli diabeti olan xəstələrin göz dibi problemləri varsa, göz dibi problemlərinin vəziyyətinə görə kriteriyalar var: Artıq qərar verilir iynə olsun, yoxsa lazer olunsun? 

O iynələrin ümumi ədı anti-VEGF-dir.

Şəkərli diabet zamanı gözdibində nə baş verir?

Şəkərli diabetli xəstələrdə kobud şəkildə bir az, bəlkə də, daha rahat başa düşülsün deyə…

Nələr cərəyan edir gözün dibində? 

Qanda şəkərin miqdarı çoxalır. Qanda şəkərin miqdarının çox olmağına baxmayaraq, ən böyük problem qandakı şəkəri hüceyrəyə daşıyan sistemdədir. Bu sistem işləmədiyinə görə qanda şəkər çox olsa da, hüceyrələr şəkərsiz qalır və “aclıqdan ölür”, belə deyək.

Bu hüceyrələr “Şəkər çatmır” deyə davamlı “bağırır”. Mərkəzi sinir sistemi hüceyrələrin bağırmağa görə “Hər-halda orada qidalanma yoxdur” deyə yeni damarlar “göndərir” oraya ki, oraya qan getsin. Yeni əmələ gələn damarlar təbii normal damarlara nisbətən quruluş olaraq fərqlidir və endoteli olmadığına görə bu damarlar: 1) sızdırmağa meyilli, 2) qan təzyiqi qalxarsa, asanlıqla partlamağa meyillidirlər.

Gözdibində neovaskulyarizasiya qorxuludur!

Ona görə biz belə damarlardan – neovaskulyarizasiyadan çox qorxuruq. Göz dibində, xüsusilə, olarsa. Əgər bu damarlar varsa, bu damarlar ya sızdırmağa səbəb olacaq və ya qanamaya səbəb olacaq. İynənin də mahiyyəti həmin bu yeni əmələ gələcək damarları önləməkdən ötrüdür və dolayısı ilə əgər biz o damarları önləmiş olsaq ödemi, ikinci də qanamaları önləmiş olacağıq.

Anti-VEGF iynələr vaxt qazandırmaq üçündür

Yenə də, nə olur olsun, bu iynələr uzun müddətli təsirə malik deyil. Orta hesabla 1 aylıq təsirə malikdir, yəni effekti 1 aydır. Bir aydan sonra, maksimum 40 gündən sonra onların təsiri ortadan qalxır. Bu iynələr əslində bizə vaxt qazandırmaqdan ötrüdür.

Əgər xəstə müraciət etdi, məlum oldu ki, çox ciddi şəkəri var, şəkəri kontrolsuzdur, artıq gözün dibində də proseslər başlayıb… Şəkərini kontrola salana qədər və bədən özünü toparlayana qədər 3 ay, 4 aylıq bir periodda biz iynələrlə gözü qorumağa çalışırıq ki, bədən özünü toparlayandan sonra artıq o proseslər ortadan qalxmış olsun. 

Yəni qanda şəkərin miqdarı çoxalmayacaq, hüceyrələr də kifayət qədər qlükoza ilə təmin olunacaq və metabolizm normal davam edəcək. Yəni bu müddəti qazanmaqdan ötrüdür bizə iynələr. Yoxsa iynələr müalicə edici deyil, vaxt qazandırıcıdır.

İynələrin növləri

İynələrin də çoxlu növləri var. Bunların növünə görə, gözün dibinin vəziyyətinə görə biz molekul seçirik. Elə hallar olur ki, bir molekul istifadə edirsən, çox nadir halda olur, o molekul konkret bir fərddə effekt vermir və məcbur biz molekulumuzu dəyişdiririk, başqa bir dərmana keçirik. Yəni orta

hesabla 3 və ya maksimum 4 bizim fərqli molekulumuz var, onları istifadə edirik.

İynə vurma prosesi ağrılıdırmı?

İynənin özü ağrılıdırmı? Qətiyyən ağrılı deyil. Hətta bir əzələdaxili və ya dərialtı iynə intravitreal iynələrdən daha ağrılıdır. Ağrılıq baxımından qorxulu olmasa da, risklilik baxımından çox yüksəkdir.

Bəzən xəstələrə “İynə vurulmalıdır” deyirsən. “Doktor, mən gedim rayonda vurduraram.” Onlar elə başa düşürlər ki, elə normal əzələdaxili iynə kimi bir şeydir bu. 

Ancaq göz həkimi tərəfindən steril və yarı-steril şəraitdə vurulmalı olan bir iynədir. 

Çünki göz daxilində şüşəyə bənzər cisim o qədər həssas bir yerdir ki, oraya kənardan bir dənə də bakteriya düşsə, endoftolmit və Allah qorusun, nəticədə gözü itirməklə qarşı-qarşıya gələ bilərik. Yəni bu iynələri vurarkən sterillik maksimal səviyyədə olunmalıdır və özəl, xüsusi bir şəraitdə bu iynə vurulmalıdır.

İynədən sonraki proseslər

Qısamüddətli gözdaxili təzyiq yüksələ bilər, lokal yüngül ağrılar ola bilər, gözdə sulanma, qamaşma ola bilər necə ki, bu qaynağa baxanda gözdə əlamətlər olur, həmin əlamətlər ola bilər.

2 saat biz gözü bağlı saxlayırıq, 2 saatdan sonra açılır. Açılanda yüngül dumanlanma olur, yüngül batma, sulanma olur. Dərmanlar – antibiotikini istifadə eləyir. İlk gün antibiotik bir az sıx istifadə olunur. Əksər hallarda səhər yuxudan qalxandan sonra şikayətləri ortadan qalxmış olur. Yəni heç bir problemləri olmur.

İynə vurduqdan sonra bir neçə müddətlik gözünün önündə duman ola bilər bir neçə həftəlik. Bəzi hallarda da xəstələr həmin iynə vurulan yerdə qanamalarla rastlaşırlar. O qanama önəmli bir şey deyil. O da 2-4 həftəyə öz-özünə keçib gedir, ona görə də narahat olmamaqlarını öncədən xəbərdar edirik. 

İynənin səhərisi gün kontrol olunub, bir də bir ay sonra kontrol olunur.

Təkrar iynələr vəziyyəti sabit saxlamaq üçündür

Bir də təkrar başa qayıdım… İynə müalicə edici deyil, iynə bizə vaxt qazandırmaqdan ötrüdür. 

Bəzi hallar olur ki, özəl hallar, iynəni başladıqmı birinci iynədən effekt əldə edirik, amma ikinci, üçüncü iynələr birinci iynənin effektivliyinin stabilliyi üçündür. Yəni daha yaxşı etməz, o halı qoruyub saxlamaqdan ötrüdür.

Yenə də xəstədən xəstəyə dəyişir. Hər şeyin başında orqanizmin normal vəziyyətdə saxlanılması: şəkər problemi varsa, təzyiq problemi varsa, xolesterin, lipid problemləri varsa, laxtalanma problemləri varsa, bunlar həmişə çox həssaslıqla, norma çərçivələrində saxlanılmalıdır ki, bizim etdiyimiz işlərin effektivliyi olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir