Korona keçirən insanlarda yaranan göz problemləri

Hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu əslində maraqlı və günümüzə uyğun bir mövzudur. Sağ olsun dostlar sayəsində… Sual verdilər və mənim də ağlıma gəldi bunu sizlə paylaşmaq: “Korona keçirən insanlarda yaranan göz problemləri.”

Maraqlı mövzudur və günümüzə uyğun bir mövzudur. Kifayət qədər material, kifayət qədər təcrübə var. İmkan daxilində qısa bir müddətə, ana başlıqları ilə bəzi şeyləri sığışdırmağa çalışacağam.

“Korona keçirəndən sonra gözüm tez yorulur.”

Əksər rast gəldiyimiz problem: “Doktor, mən çox qəşəng görürdüm. Görmə ilə bağlı heç bir problemim yox idi. Mən korona keçirdim. Korona keçirəndən sonra mənim görməyim dumanlaşdı, yaxşı görmürəm, gözüm yorulur.” 

Müayinə nəticəsində məlum olur ki, bu pasiyentin koronadan öncə də astiqmatı var idi. Sadəcə bədənin kompensator gücü yaxşı idi, o xırda-para qüsurları ört-basdır edirdi və bu adam problem hiss eləmirdi. Korona keçirdi. O periodda müqavimət çökdü və var olan qüsur üzə çıxmağa başladı və artıq o da özünü yaxşı görməmə, pis görmə, dumanlı görmək, yorulma kimi özünü büruzə verdi və bir vasitəyə, tutaq ki, eynəyə ehtiyacımız var.

“Korona keçirəndən sonra görməyim dumanlaşdı.”

İkinci qrup xəstələr: “Doktor, görməyim dumanlaşdı.”

Gözümüzün içərisində şüşəyə bənzər cisim var. Ümumiyyətlə, gözün daxilindəki bütün mühitlər ideal şəffaf olmalıdır. Düşən işıq yayınmadan birbaşa görmə mərkəzinə, makulamıza gedib çatsın və oradan da işıq şüaları elektrik impulslarına çevrilib sinir sisteminə göndərilsin. 

Korona keçirəndən sonra immun sistem aşağı düşdüyünə görə, hətta bəzən sıfırlandığına görə orqanizmdə bəzi iltihabi reaksiyalar ortaya çıxır və o şüşəyəbənzər cisimdə – “vitreus” deyirik, bəzi bulanmalar… Bu, hamıda olmur, bəzilərində bəzi bulanmalar ortaya çıxır və bu da görməyin keyfiyyətini aşağı salır, dumanlı görməyə gətirib çıxardır. Biz buna “vitrit” və ya “uveit” deyirik. 

Autoimmun zəifliyi olan insanlarda autoimmun proseslər üzə çıxmağa başlayır. 

Əksər hallarda bir neçə aya uyğun müalicə həm göz tərəfindən, həm orqanizm tərəfindən uyğun müalicə ilə bu şikayətləri ortadan qalxır. Çox nadir halda cüzi bulanmalar qalır və onlar da zamanla beyin onu silir, ört-basdır edir.

Korana keçirəndən sonra antibiotik mənşəli göz xəstəlikləri

Üçüncü mövzunuz artıq ciddi mövzulardır. Bunlar amma çox deyil, misal üçün, 2 dənə xəstəmiz oldu korona xəstəliyi keçirdiblər, xəstəliyi çox ağır keçirdiblər, 2 həftəyə yaxın reanimasiyada yatıblar, sepsis olub və çox güclü, fərqli-fərqli antibiotiklər istifadə olunub. Birisi cavan xanım idi. Haradasa 32-33 yaşlarında… Birisi də 40 yaşın üstündə bir xanım idi. Onların ikisində funqal mənşəli, yəni göbələk mənşəli “xorioretinit” və “vitrit” müşahidə olundu. Görmələri 10 faizin altına düşmüşdü. Halbuki koronadan öncə görmə ilə bağlı heç bir problem olmayan insanlar olublar. 

Onları biz yenə təkrar yönləndirdik infeksionistə. İnfeksionist və oftolmoloqun ortaq müalicəsi ilə problem tamamən ortadan qaldırıldı.

Bir həftə bundan öncə baxdım pasiyentlərdən birinə… Daha öncəsini görməmiş olsa idim, “Bu pasiyentdə heç bir problem yoxdur, heç bir problem yaşamayıb, keçirtməyib” belə deyə bilərdik. Yəni izsiz soruldu getdi.

“Korona keçirəndən sonra gözümün rəngi dəyişdi.”

Sonra başqa bir pasiyentimiz, o da bu yaxınlarda gəldi. Xanımdır. Korona keçirdib. Koronanı ağır keçirdib. Xəstəxanada yatmayıb, evdə olub. Antibiotiklər istifadə edib və bir neçə gündən sonra güzgüdə baxıb ki, gözünün rəngi dəyişir. Deyir, “Hər halda, fikirləşdim ki, mənim nəsə görməyim yaxşı deyil. Çox da üstünü vurmadım, üstünə gəlmədim.” Amma ətrafındakı insanlar da: “Deyəsən, sənin gözünün rəngi dəyişir” dediyinə görə narahat oldu. Karantin periodunu keçirtdi, karantin periodundan sonra həkimə müraciət elədi. Onların şəkli də var imkan olsa, bəlkə də, onları da bu videoya əlavə edərik.

Qüzehli qişamız var. Gözümüzə rəng verən qişadır. O, piqmentlərlə doludur. Onun skeleti var. Skeletin üzərinə çoxlu piqmentlər hopub və ona görə gözümüzün rəngi formalaşır. 

Həmin o xanımda piqmentlər ərimişdi, qopmuşdu və piqmentlər qopunca da gözün skeleti əslində açıq rəngdədir və gözünün rəngi dəyişmişdi. Bunlar üçün rəng təkrar düzəlməz. Gözünün rəngi, yəni o piqmentlər təkrar yerinə əmələ gəlib hopmaz. Amma risk daşıyan faktor – həmin o tökülən piqmentlər gözümüzün “kanalizasiya hissəsi” dediyimiz trabekulyar şəbəkə – orada bir hörülmüş bir tor kimi şəbəkə var, onların ağzını tıxayır və gözdə təzyiq əmələ gəlməyinə səbəb olur. Yəni qlaukoma xəstəliyinə səbəb ola bilər. Oradakı piqmentləri maksimal dərəcədə əritmək və kiçiltmək üçün yenə dərman müalicəsinə başladıq və vaxtaşırı kontrollara çağırdıq pasiyentimizi.

“Korona zamanı gözümdə konyuktivit yarandı.”

Daha çox rast gəldiyimiz hallardan bir dənəsi o periodda, korona keçirilən periodda gözlərdə konyunktivit. Xəstənin gözü həddən artıq çox qızarır, qamaşır, işığa baxa bilmir. Hətta bəziləri gözlərini aça bilmirlər. İfrazat o qədər çox olur ki, gözlər, kipriklər bir birinə yapışır.

Əslində bu konyunktivitə koronadan öncə də, qriplərdə də rast gəlirdik və çox da qorxulu bir şey deyil. Normal, özünün bir müalicə protokolu var. O müalicə ilə də qısa, 1 həftə – 10 günlük bir müalicə ilə də o problemlər ortadan qalxa bilir.

Çox nadir halda, yenə rast gəldiyimiz keratitlərlə nəticələnir. Erkən dövrdə, koronanın qurtardığı erkən dövrlərdə… 

Düzdür, bir az müalicəyə çətin tabe olur, yəni orta hesabla 4 həftəlik bir vaxtımız gedir müalicə üçün. Amma əksər hallarda onlar da yenə çox cüzi izlə müalicə olunub ortadan qaldırıla bilir.

Qısa olaraq hal-hazırda ümumi xətləri ilə bu. Gələcəkdə əgər imkan olarsa, yenə koronanın gözlə əlaqədar problemləri və fəsadları haqqında yenə də bir video çəkib sizinlə paylaşarıq.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir