Salam, hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu yenə suallar içərisindən “Gözdə yorğunluq” mövzusu.
Gözdə yorğunluq əslində geniş mövzudur, çox faktorları var. Amma bu gün sualın məqsədinə uyğun şəkildə cavab vermək istəyirəm. Çünki sual verən adam müayinə olunmuşdu bizdə və onda gözündə astiqmat var idi. Astiqmata bağlı yorğunluqdan daha çox danışacağam bu gün.
Bununla necə qarşılaşırıq? Xüsusilə də, son zamanlar daha çox qarşılaşmağa başladıq və daha çox da korona keçirən xəstələrdə… Bir az diqqətinizi çəkmək istəyirəm bu mövzuya.
“Doktor, mənim görmə ilə bağlı heç bir problemim yox idi, hər şey əla idi. Korona keçirdim, korona keçirdəndən sonra görməyim dumanlaşıb, görməyim pisləşib. Tez yoruluram, gözüm yorulur, axşamlar görməyim dumanlaşır.”
Və ya tamamən bizim bu sual verən pasiyentimiz kimi: “Doktor, gözümdə yorğunluq var. Bunun səbəbi?”
Yorğunluğun əsas səbəbi astiqmatizmdir
Əksər hallarda astiqmatizm olan gözlərdə görmə faizi lazım olan qədər olur. Yəni misal üçün, bizim Şirmer cədvəli ilə 100 faiz xəstə görür. Amma xəstə yorulur. Müayinə zamanı məlum olur ki, xəstə 100 faiz görmüş olmağına baxmayaraq, xəstənin gözündə astiqmatik dərəcələr var, 0.75, 1, 1.25… Hətta 2, 2.25-ə qədər astiqmatı olub da, 100 faiz görən xəstələrimiz var. Əslində 2.25 astiqmatı olan bir göz 100 faiz görə bilməz. Bəlkə də, 60 faiz, bəlkə də, 70 faiz ancaq görməlidir.
Bəs bu necə olur bunlar 100 faiz görür? Akkomodasiya əzələləri… Gözün içərisində əzələlər var. Dərinlik duyğusunu formalaşdıran əzələlərdir. Dərinlik üçün akkomodasiya edir. O əzələlər görüntünü formalaşdırmaqdan ötrü 2 qat, 3 qat daha artıq işləyir deyə görmə formalaşır. O insanlar da uzaqda bir şeyi daha dəqiq, net görməkdən ötrü bir az daha gözlərini qıyırlar. Belə edincə fokuslanır və istədiyi rəqəmi və ya avtobusun nömrəsini görə bilirlər. Amma bu onlara yorğunluq verir.
Niyə koronadan sonra gözlər tez yorulmağa başladı?
İşin ikinci hissəsi – “Korona ilə bağlı hissəsi nədir?” desək… Bu xəstələrin akkomodasiya əzələləri indiyə qədər işləyirdi və onlar görmələri ilə bağlı problem yaşamırdı. Yəni, əgər xəstələnməmişdən əvvəl onlar bir göz həkim müayinəsində olmuş olsaydı, göz həkimi onlara deyəsi idi ki: “Sizdə astiqmatizm var. Düzdür, hal-hazırda görürsünüz, idarə edirsiniz, amma nə vaxtsa da, bədənin müqaviməti aşağı düşəndə, bədən problemi kompensasiya etməyəndə görmə ilə bağlı problem yaşayacaqsınız.”
Yəni, o korona keçirən xəstələrdəki görmənin keyfiyyətinin aşağı düşməyi bədənin immun sisteminin, müqavimətinin aşağı düşməyi və akkomodasiya əzələlərinin yorulması, tez yorulması, ona bağlı var olan qüsurun üzə çıxmağıdır.
Astiqmata bağlı yorğunluğu necə aradan qaldıra bilərik?
Məlum oldu səbəb. Gözdəki yorğunluğun səbəbi dediyimiz kimi, əksər hallarda az miqdarda da olan astiqmatlardır. Bunların çıxış yolu nədir? Ya eynək istifadə edəcəklər, əgər imkan varsa, istifadəsi ilə bağlı bir problem yoxdursa, eynək istifadə edəcəklər və ya əgər astiqmatın dərəcəsi çoxdursa, keyfiyyətlə yanaşı kəmiyyətə də təsir edirsə, bu zaman eksimer lazer olub bu sıxıntılarını həll edəcəklər.
Eynəyin özünün istifadəsi… Əgər astiqmatdırsa və görmə keyfiyyətində və ya gözün yorğunluq problemi varsa, nə qədər çox taxılsa, o qədər daha yaxşı olar.
Amma pasiyentlərin böyük əksəriyyəti gün ərzində ya telefon, ya kompyuterlə işləyirlər və kompyuterlə istədikləri zaman heç olmasa o eynəkləri istifadə etsinlər. Eynəklər həm görmələrini rahatlatacaq, həm görməyin keyfiyyətini artıracaq, yorğunluqlarını azaldacaq, həm də o şüşələrdə xüsusi filtrlər qoyula bilir ki, monitordan gələn mavi şuaları, mavi işıqları önləmiş olsun, filtrasiya etmiş olsun, şüanın zədələrindən, zərərlərindən qorumuş olsun.
Bir də əgər kompüterdən istifadə edirsə, yorğunluğu azaltmaqdan ötrü eynəklə yanaşı, nəmləndiricilər də istifadə etsələr çox yaxşı olar.