torlu qişa incelmelerinin ehemiyyeti

Torlu qişa incəlmələri niyə əhəmiyyətli mövzudur?

Gündəlik müayinə sırasında patologiyalarla çox qarşılaşırıq və əksəriyyəti… Biz artıq alışmışıq göz dibində incəlmələr olur, xəstəyə məlumatlar verilir, tapşırıqlar verilir, kimisi yerinə yetirir, kimisi yerinə yetirmir. Yerinə yetirilmir, fəsadlarla geri qayıdırlar və bu fəsadlar necə ortadan qaldırılır? Rutin biz işimizi görürük. 

Amma bu yaxınlarda avqust ayının 25-də bir xəstə ilə bağlı bir problem yaşadım və o problem artıq məni vadar elədi ki, bu gün bu mövzunu paylaşım. Nə idi yaşadığım problem?

Naxçıvandan xəstə gəlib. Yüksək miopu var, zəif görmə əməliyyatı planlaşdırır. Müayinə nəticəsində məlum oldu ki, xəstənin zəif görməsindən əlavə torlu qişasında nazikləşmə var. Hətta balaca iynənin ucu boyda… “Dəlik varmı, yoxmu?” – belə şübhə altında qalmışıq. Əməliyyat və əməliyyatdan sonrakı periodu daha təhlükəsizləşdirməkdən ötrü həmin o incələn və dəliyə bənzər olan sahənin ətrafını lazerlə bərkitmə tövsiyə olundu. Xəstəni yönləndirdik administratora, administratordan beş gün sonrası üçün prosedura randevu aldılar. 

Avqustun 25-i müayinə oldu, avqustun 30-da pasiyent göz dibi bərkidilməsi üçün – baryer lazer fotokoaqulyasiya üçün təkrar müraciət etdi. Prosedurdan öncə rutin xəstəyə sakitləşdirici verilir, ağrıkəsici verilir və bəbək təkrar böyüdülür. Bəbək böyüdüldü, patologiya axtarıldı və məlum oldu ki, beş gün öncə “Dəlik idimi, deyildimi?” deyə şübhələndiyimiz həmin o prosesdən, patologiyadan torlu qişanın təxminən 1/5-i, 20 faizə yaxın hissəsi artıq qopub. 

Yenə həm sevindik, həm üzüldük. 

Sevindik ona görə sevindik ki, xəstə o halı ilə əgər razılaşmayıb Naxçıvana geri qayıtsaydı, böyük ehtimal bir neçə həftə içərisində torlu qişanın total qopması və hətta korluğa gətirib çıxarda bilərdi. Ona sevindik ən azından xəstə yanımızdadır və biz müdaxilə edə bilirik. 

Amma üzüldük, çünki o qədər buna bənzər hadisələr, xəstələrdə qarşılaşırıq ki, onlara çox ciddi xəbərdarlıq etməyimizə baxmayaraq, xəstələr bunu ciddiyə almırlar. 

Düzdür, bəzən, həqiqətən də, hər hansı bir problem çıxmır, amma bəzən də məsələ böyüyür və torlu qişanın qopmasına qədər gətirib çıxarda bilər. Məhz bu hadisə bir az daha məndə sosial məsuliyyət hissi olaraq belə bir yazı yazmağa vadar etdi. 

Növbəti yazılarda “Torlu qişa incəlmələri. O incəlmə altında hansı patologiyalar toplanır?” – onlar və sizin üçün faydalı olacaq daha çoxlu məlumatlar verməyi planlaşdıram.

One thought on “Torlu qişa incəlmələri niyə əhəmiyyətli mövzudur?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir