Katarakta əməliyyatı olunacaq xəstələrin psixoloji hazırlığı [Katarakta: 28]

Katarakta əməliyyatında psixoloji hazırlığı çox önəmli mövzudur. Niyə görə? 

Yəni işin birinci hissəsi müayinə olduq, diaqnoz qoyuldu, bütün detalları həll elədik və əksər hallarda bu detalları əməliyyat olacaq pasiyentlərimiz yaşlı olduğuna görə əksəriyyəti onların övladları ilə danışmış oluruq və övladları da bir an öncə məsələnin həll olunub, problemin ortadan qaldırılmasını istəyirlər. 

Hə, doktor, tamam qərar verdik. Nə vaxt gəlirik əməliyyata? 

Baxıram valideynin üzünə. Valideyn hazır deyil idi katarakta diaqnozuna. Nə də olmasa, “əməliyyat” sözü var. Bir təşviş, həyəcan var. 

Və bir balaca da detallı araşdırınca bəzi məqamlar üzə çıxa bilir. Məsələn, baxırsan, xəstə onkoloji xəstədir, hal-hazırda kimyaterapiya periodu içərisindədir, onsuz da, kimyaterapiya periodu bir az gərgin olur, xəstələrin immun sistemi düşür, psixoloji gərgin olurlar. 

Yəni belə halda, belə hayın, küyün içərisində bir də mirvari əməliyyatının stressi, əlbəttə ki, xəstələr üçün çətin olur. Və ya xəstələr normal müayinəyə gəlirlər, müayinə günü katarakta diaqnozu qoyulur, əməliyyat ola bilərsiniz deyirik. 

– Hə, doktor, elə imkan varsa, bu gün eləyək. 

Yenə xəstənin üzünə baxırsan, xəstə psixoloji hazır deyil. Yəni qıraqdakılar üçün doğrudan da asan ola bilər, amma o insanların psixoloji hazır olmağı çox önəmlidir. 

Hətta sizə maraqlı bir təcrübəmi danışım. 

Yaxın bir dostumun anasını əməliyyat etmişdim. Amma çoxdan olan, haradasa 2004-2005-ci illərdə olmuş hadisədir. Xəstə 100 faiz görür, digər gözü üçün əməliyyata gəlib və soruşuram: 

– Necədir? Əvvəlki əməliyyatdan, yəni əməliyyat olan gözünüzdən bir şikayətiniz varmı? 

– Görür də, gözdür də… Nə bilim? Bilmirəm ki… 

Yəni belə bir təzadlı bir şey. Oğlu mənə məlumat verdi ki, anam həyətə çıxmaq istəmir, çünki “Yaxşı görmürəm” deyir. Baxmayaraq ki, müayinə vaxtı 100 faiz gördüyü müəyyənləşib. 

Bir balaca danışdıranda məlum olur ki, həyat yoldaşını itirib. O, həyat yoldaşını itirəndən sonra depressiyaya düşüb. Artıq heç bir şeydən ləzzət almır və yaxşı olan şeyləri belə yaxşı kimi dəyərləndirmir. Oğlu tələsib xaricə gedəsi idi, tələsirdi: 

Digər gözünü də tez əməliyyat elətdirək, mən çıxım gedim. 

Elə halda mən dedim yox, bu xəstə, bu psixoloji statusla, bu vəziyyətin altından çıxa bilməz. Yəni 100 faiz görən bir göz haqqında belə tam ürəkli danışmırsa, bizim növbəti əməliyyatdan çox da razı qalmayacaq. Tələsməyək, dedim, gəlin bu gün psixoterapevtə göndərək.

Psixoterapevtə, gedildi, bir balaca müalicə aldı. Oğlu xaricdən gəldi, əməliyyat elədik. 

Bu gözü çox gecikdirilmişdi deyə əslində, görməsi 100 faiz deyil idi. Yəni əməliyyatdan sonra əldə etdiyimiz görmə 80 faiz idi. Əməliyyatdan sonra 80 faiz görmə olmasına baxmayaraq, çox razı idi. Çünki əhval-ruhiyyəsi düzəlmişdi, artıq həyətə çıxırdı. Bağ-bağçayla məşğul idi, çiçəkləri ilə məşğul idi, çiçək əkirdi. 

Yəni bununla demək istədiyim xəstənin psixoloji halı həm əməliyyatın gedişatında, həm də əməliyyatdan sonrakı sağalma dövründə, reabilitasiya dövründə çox-çox önəmlidir. 

Yəni gərgin, stressli bir periodda bu işi görməklə biz ikinci bir stress, qıcıq mənbəyi yaratmış oluruq və xəstələrin toparlanması xeyli vaxt ala bilir. 

Hətta xəstələrim var mənim 3 ay, 4 ay çox mənasız səbəbləri böyüdərək problemi həll eləyə bilmirik. 

– Doktor, sanki bəzən gözümdə batma olur. 

– Təxminən hansı sıxlıqda olur? 

– Orta hesabla həftədə bir dəfə. 

– Harada olur? 

– Bilmirəm ki.. Nə bilim?! Sanki elə bil buradamı olur, yoxsa buradamı olur? 

Təsəvvür edin, belə bir xəstə və 3 ay, 4 ay həftədə 1, 2 dəfə bu şikayətlə gəlir. Yəni bir narazı pasiyent təbəqəsi yaranır. Ona görə bu xəstələrdə tam psixoloji rahatçılıq əldə etdikdən sonra əməliyyat olunmalarını tövsiyə edərdim.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir