Katarakta əməliyyatı olmasaq nə olar? [Katarakta: 29]

Mənim üçün maraqlı olan bir mövzu. Çox yaşayırıq bu problemi. Pasiyent gəldi, müayinə oldu, katarakta diaqnozu qoyuldu və “Əməliyyat olsun” dedik. Amma xəstələr hər hansı səbəbdən əməliyyat olmaq istəmirlər. Belə olan hallarda nə eləməliyik? 

Mən özüm nə eləyirəm? Əlimdən gələn qədər xəstənin əməliyyat olmamasına səbəb ola biləcək, onu narahat edən bütün suallarına cavab verməyə çalışıram. Yəni birinci, xəstəyə deyirəm, gəlin rahat olaq, əməliyyat olmaq istəməməyinizin səbəblərini mənə deyin və onları bir yerdə müzakirə eləyək. 

“Hə… Qonşumuzda, filankəs əməliyyat oldu, əməliyyatdan sonra gözü görmədi, kor oldu.” 

misal üçün. Hə, bunun açıqlamasını verirəm. Və yaxud da ki: 

“Yox, əməliyyatdır. Mən əməliyyatdan qorxuram. Əməliyyatda gözümü çıxardacaqsınız.” 

Elə xəstələr olur: 

“Gözümü çıxardıb sonra təzədən yerinə necə qoyacaqsınız?” 

deyir misal üçün. Və ya 

“Əməliyyatda iynə vururlar gözə, mən ondan qorxuram” 

və ya 

“Əməliyyatın özündə çox ağrı olur, mən ondan qorxuram.” 

Və ya 

“Mən yuxu görmüşəm. Yuxuda gördüm ki, əməliyyat olandan sonra gözüm kor oldu.” 

O qədər fərqli-fərqli səbəbləri olur ki, yəni əksəriyyəti beynində tutduğu mövzuların cavabını aldıqdan sonra ki, bu asan olmur. Bəzən yarım saat – 40 dəqiqə bunların üstündə işləmək lazım olur. Əksəriyyəti qane olur, yəni əməliyyata razılıq verirlər. 

Amma buna baxmayaraq, yenə də, hələ də fikrində israrlı olanlar olur. Belə olan hallarda da yenə də mümkün qədər ətrafındakı əgər yaxınları kim varsa, onlara lazım olan məlumatları veririk və başqa variantımız yoxdur, yola salırıq gedir. 

Onlar çox təəssüf ki, bəlli zaman sonra kimisi 1 il sonra, kimisi 3 il sonra, kimisi 5 il sonra elə vəziyyətə gəlirlər ki, ayaqlarının altını görmürlər. Yəni təsəvvür edin, qolundan tutub gətirirlər. Bir insan özünü o hala sala bilər. 

Və hətta bəziləri… Əməliyyatın gedişatı o qədər ağır olur ki, yəni mirvari – katarakta qaldığı müddətcə sərtləşir, sərtləşdikcə əlavə problemlərə gətirib çıxardır. Normal əməliyyat əgər 6 dəqiqə, 8 dəqiqə, 10 dəqiqə çəkirsə, belə gecikmiş kataraktalarda bəzən bir saat, hətta saat yarıma qədər məşğul olduğumuz xəstələr olur əməliyyatın gedişatı. 

Əlbəttə ki, həm biz yoruluruq, həm də elə fəsadlaşmış, ağırlaşmış kataraktaların reabilitasiyası, sağalmağı da vaxt aparır. Günlər, hətta həftələr çəkə bilər. 

Yenə buradan tövsiyəmiz, xüsusilə də, o tərs insanlara, əməliyyat olunmaq istəməyənlərə, onsuz da, geci-tezi əməliyyat olacaqsınız. Nə qədər erkən dövrdə əməliyyat olsanız, həm əməliyyatın gedişatı daha yüngül, asan olacaq, həm sizin üçün, həm xəstə üçün, həm əməliyyatdan sonrakı reabilitasiya periodu, yəni sağalma periodu daha qısa müddət çəkəcək və daha sürətli sağalıb, sağlamlığınıza, gözəl görməyinizə daha erkən qovuşmuş olacaqsınız. 

O ki qaldı işin ikinci tərəfi, yəni o xəstələrin fərqli səbəblərdən əməliyyat olmaq istəməmələri, yenə də hər halda o bizdən asılıdır, onların əgər suallarına doğru düzgün, dolğun, onları qane edəcək şəkildə cavablandırsaq, əksər hallarda dediyim kimi, onlar da qane olurlar. 

Maraqlı bir hadisəni danışmaq istəyirəm. Xəstəyə katarakta diaqnozu qoymuşuq. Mən həkim kimi bilirəm, o xəstənin görmə keyfiyyəti nə qədərdir. Yəni düşünün bəziləri sırada üç sıra, yəni 30 faiz oxuyur və görürəm deyir, amma onların 30 faizi bizim normal gördüklərimizin, 1 faizi keyfiyyətində belə deyil, bütün duman içərisində görürlər. Mən deyirəm: 

– Kataraktanız var, görməyiniz çox pisdir. 

– Yox, yox, yox… Mən yaxşı görürəm, mən narazı deyiləm. 

Burada buraxa da bilərsən söhbəti. Amma axı mən bilirəm xəstənin necə keyfiyyətsiz gördüyünü və ona kömək etməyə çalışıram. Hər hansı bir şəkildə pişim- pişim, pişim-pişim, pişim-pişim… Pis görən gözünü əməliyyat edirik. Səhəri gün gəlir 

– O birisini də əməliyyat elə. 

– Nə oldu bəs, yaxşı görürdün? 🙂

Yəni katarakta yavaş-yavaş bulandığına görə bəzən onlar fərqində belə deyillər. Görmələrinin nə qədər pisləşdiyinin fərqində belə deyillər. Əməliyyat olandan sonra artıq fərqinə varırlar. 

Hətta bir dostumun, həkim dostumun anası çox çətinliklə yola gətirib əməliyyat eləmişəm. Səhəri gün gəlib gülə-gülə, 

– Ay doktor, Allah sənə ömür versin. 

– Nə olub? 

– Oğlum, Samir televizor alıb gətirib. Neçə müddətdir deyirəm ki, bu nə televizordur sən alıb gətirmisən, heç yaxşı da göstərmir. Uşağın üstünə qışqırıram, tənbeh ədirəm onu. Amma dünən gedəndən sonra gözümü açmışam, baxıram, görürəm, yox, deyəsən fərqli görsənir. Səhər tezdən, əmin oldum ki, sən demə problem televizorda deyilmiş, problemi mənim gözümdə imiş. Televizor qəşəng göstərirmiş. 

Onu dedi və güldü. 

Bu şəkildə çox pasiyentlərlə qarşılaşırıq. Yekunda tövsiyə: Əgər katarakta diaqnozu qoyulubsa, çox uzatmadan əməliyyatlarını olsunlar, keyfiyyəti görmələrinə daha tez qovuşsunlar.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir