katarakta emeliyyatindan sonra gormemek

Mirvari suyu əməliyyatı olunub, əməliyyatdan sonra görməmək 

Burada 2 hal ola bilər: 1) Xəstə əməliyyatdan qabaq görürdü, əməliyyatdan sonra görmədi və 2) Xəstə əməliyyatdan qabaq görmürdü, əməliyyatdan sonra da görmədi.

Xəstə əməliyyatdan qabaq görürdü, əməliyyatdan sonra görmədi

Bir insan əməliyyatdan öncə nəsə bir şey görürdü, az bir şey… Misal üçün 5%. Əməliyyat oldu. Əməliyyatdan sonra heç nə görmədi. Əgər hadisə bu şəkildədirsə, burada bir problem var. 

Ola biləcək problemlər: əməliyyatın gedişatında hər hansı bir hadisə olub. 

Hadisə: xəstənin qan təzyiqi qalxa bilər və ya xəstənin mirvari suyu çox sərt olmuş olar, “mature cataract”ımız olar, “cataracta nigra” deyirik. Belə bir şey ola bilər. 

Əgər belə bir hadisə olarsa, biz qapalı cərrahiyyə eləyə bilmərik, açıq cərrahiyyəyə keçərik əməliyyatın gedişatında. 

Əməliyyatın gedişatında açıq cərrahiyyəyə keçərkən ortaya çıxan fəsadlar

Əməliyyatın gedişatında açıq cərrahəyə keçərsək, xəstənin ümumi qan təzyiqi qalxar, göz təzyiqi aşağı düşər, “ekspulsiv” dediyimiz damarların qanaması hadisəsi ola bilər. Və ya xoroidal qatının gözün daxilində təziqin aşağı düşməsi ilə bağlı xoroidal qatının qopması hadisəsi ola bilər. Yəni əməliyyatın gedişatında yaşana biləcək fəsadlar… 

Heç bir həkim, heç bir xəstə bu fəsadlardan sığortalanmayıb. Ola biləcək şeylərdir. 

Belə halda, belə olan halda yenə də əlbəttə ki, həkim əməliyyatdan çıxandan sonra xəstə sahiblərinə məlumat verir. Belə bir plan qurmuşduq, amma gedişatda belə hadisələr oldu, planımız dəyişdi, belə bir nəticə ilə qarşılaşdıq. 

Hə, “eksplusiv” varsa, görmə təkrar bir daha formalaşmaz, amma xoroidea qatı qopubsa, bir neçə müddətdən sonra təkrar yerinə oturar, toparlanar. Yəni yenə də ən doğrusunu həkimləri o xəstə haqqında proqnoz verəcək. 

Ya deyəcək ki, “Belə bir talesiz hal oldu, xəstəmiz görməyəcək” və yaxud da ki, “Əməliyyatın gedişatında belə bir hal oldu, amma toparlanacaq, narahat olmayın”. Yəni mütləq həkim xəstə sahiblərini bilgiləndirir. 

Xəstə əməliyyatdan qabaq görmürdü, əməliyyatdan sonra da görmədi

İkinci mövzu: xəstə əməliyyatdan qabaq görmürdü, əməliyyatdan sonra da görmədi. Heçnə dəyişmədi. Belə olan halda nə olur? 

Xəstə gəldi. Müayinə sırasında məlum oldu ki, xəstədə katarakta var. Mənim xəstə ilə danışıq şəkilim… Bizim mulyajımız var. Mulyajla göstərirəm. Ümumiyyətlə bir “görmə” hadisəsini anladıram, fiziologiyanı… Görmə necə olur: işıq düşür, büllur sındırır, makulaya gedir, makuladan sinirlə beyinə gedir, beyin görür.

Əgər bu yolların hər hansı birində, bu zəncirdə bir qırıqlıq varsa, bir problem varsa, görmə alınmır. 

Pronozsuz Fako əməliyyatı: Büllurun arxasını görə bilməmək

Hal-hazırda büllur bulanıb, işıq şuaları gözün arxasına düşmür. Gözün arxasının və sinilərin vəziyyətinin necə olduğunu mən bilmirəm. Mən bülluru götürəcəyəm. Əgər bizim problemimiz sadəcə bulanmış büllur idisə, əməliyyatdan sonra görmə formalaşacaq. Yox, əgər büllurdan başqa hər hansı bir problemimiz olubsa, o zaman nəticə əldə etməyə də bilərik. 

Ən azından o büllur oradan götürüləcək gözün arxası haqqında, sinirin gedişatı haqqında məlumat əldə olunacaq. Biləcəyik: “əlavə nə problemimiz var?” və o problemlər “həll ola biləndir, yoxsa yox?” Xəstəyə birka yazanda da belə yazırıq ki, “proqnozsuz fako əməliyyatı”. Proqnozsuz. Nəticəni həkim olaraq mən də bilmirəm. 

Bu arada bir dənə mötərizə açıram. Təxmini bizə ipucu verən bəzi əlamətlər var. O “proqnozsuz” sözü deyirik ha, xəstəyə deyirəm ki, “Mən də bilmirəm”… Amma o bilmədiyim şey haqqında da boş yerə, mən əgər 100/100 əminəmsə görməyəcək, mən niyə əməliyyat eliyirəm ki? Oradakı bir mahiyyət var. 

Əgər bəbəyin işığa reaksiyası varsa, demək ki, bu göz ölü gözü deyil. İkincisi, ən azı B-scan dediyimiz ultrasəs müayinəsi edirik, “torlu qişə qopub, yoxsa qopmayıb?” – onun haqqında məlumat əldə edə bilirik. 

Əməliyyat olunarsa görmə şansı var

Yəni bəzi incə müayinələrimiz var ki, bu müayinələr bizdə “əməliyyat olunsa, şansı var ki, görsün” hissi oyandırır. Yəni şansı olmayan xəstəyə həyatda əməliyyat eləmərəm. Şansı olan xəstələrə əməliyyat eliyərəm. 99% də nəticə əldə edirik. 99%! Yəni biz xəstəyə vəd etməsək belə, Şükür Allaha, nəticələrimiz çox yaxşı olur. 

Çox nadir hallarda, hətta indiyə qədər 2 dənə xəstə xatırlayıram. Şəxsimdən deyirəm, başqa həkimlərimizin təcrübəsi fərqli ola bilər. Bir dənə xəstəmiz, onda tramboz olmuşdu. Mirvari suyu götürdük, görməsi olmadı. 

İkinci bir xəstəmiz planlı olaraq əməliyyat elədik. Bu da əslində gözəl bir mövzu oldu, yadıma düşdü. Yadımdan çıxmır: “Hümbət dayı”. Aramız çox yaxşıdır. Çox maraqlı bir ünsiyyətimiz olub. Axırda bəlkə də danışaram onun haqqında. Qlaukomatoz göz idi. Şişən kataraktası var idi. Göz görmürdü. Ən azından göz ağrımırdı. Amma o katarakta şişə-şişə qlaukomanı kontroldan çıxardacaq idi və dəhşət ağrıları başlayası idi. 

Belə normal, hər şeyi qaydasında səviyyəli insandır. Söhbətimizi elədik. Dedim ki, 

– Hümbət dayı əməliyyat olmalısınız. Amma əməliyyatın mahiyyəti başqalarda, başqa insanlarda görmək üçündür, sizdə görmə artmayacaq, çünki sinir quruyub. Sadəcə əməliyyatı ona görə edirik ki, ağrılarınız gələcəkdə olmasın, gözü göz kimi saxlayaq. 

Əməliyyat elədik. Əməliyyatdan sonra istədiyimizə nail olduq. Kontrol oldu. Hələ də… Bəlkə də 7 il, bəlkə də keçib üstündən. O göz yenə yerindədir, ağrısı yoxdur, sakitdir. Sadəcə bir sürpriz yaşadım. Əməliyyatın səhərisi günü qızı gəldi. 

– Doktor, mən də doktoram. Atam niyə görmür? Niyə əməliyyat elədiniz? 

Deyirəm, ay xanım axı… Özü də müəllimlə danışım ki, “sizinlə danışmaq yetərlidirmi, Yoxsa əlavə kimlərsə də gəlməyə ehtiyac varmı, söhbət eləmək üçün, qərar verməkdən ötrü?” Hümbət müəllim demişdi ki, özüm “Özüm bəs eliyirəm. Kimsəyə ehtiyac yoxdur”. Səhərisi gün qızı gəlib ki, “Doktor bəs atam niyə görmür? Əgər görməyəcəkdisə, niyə əməliyyat elədiniz?” Belə bir sürprizlə qarşılaşdıq. 

Ona da məlumat verdim ki, yəni bəzi əməliyyatlar var ki, görmək üçün deyil, ağrıdan qurtarmaqdan ötrüdür, gözü göz kimi yerində saxlamaqdan ötrüdür. Yəni bu xəstədə ikinci bir variant bu da ola bilər. Onu da yenə həkim mütləq xəstəyə əvvəlcədən məlumat vermiş olmalı idi. 

Xəstədə kompensasiya olunmayan şəkər xəstəliyi varsa

Üçüncü, maraqlı bir mövzu ola bilər. Yaşamışam bunu: Xəstədə şəkər xəstəliyi var. Kompensasiya olunmur. Yəni şəkəri tənzim olunmur. Əməliyyatdan öncə müayinə eliyirsən, gözün dibi normalmış kimi görünür. Yəni həkimi narahat eləmir. Şəkərə aid ciddi problemlər görmürük, əməliyyat eləyirik. 

Əməliyyatdan bir həftə sonra görmə pisləşdi

Əməliyyatdan qabaq, misal üçün xəstə 5% görürdü, əməliyyatın səhəri günü 15% gördü. Əməliyyatdan bir həftə sonra görməsi 1%-ə düşdü, daha da pisləşdi. Ay doktor, niyə belə oldu? Müayinə edib baxıb görürsən ki, gözün dibində kistoz makulyar ödem əmələ gəldi kontrolsuz şəkərə bağlı. 

Hə, elə olan hallarda iynələri var onun, intravitral iynələr. O iynələrlə onları toparlayıb normaya gətirib çıxartmaq olur. Yəni heç bir şey olmamış hala gətirib çıxartmaq olur. Yəni burada demək istədiyim, əgər şəkəri varsa, uzunmüddətli qan təzyiqi varsa, buna bağlı da ola bilər. 

Belə olan hallarda yenə də həkimlərindən heç bir vaxt… Pasiyentlər nə problemləri olur olsun, həkimləri ilə ünsiyyəti kəsməsinlər. O həkim əgər o əməliyyatı eləyibsə, demək ki, əməliyyatın problemlərini də həll edə biləcək qabiliyyətdədir. Həkim nə lazımdır, o doğru olan nədir, onu da həll edəcək. 

Ən pis halda nə ola bilər? Elə hadisə ola bilər ki, həkim deyə bilər ki, “Bu mövzu var, bu artıq mənlik deyil, gedim filankəsin yanına”. Çünki bizdə konsultasiya, konsulium, məsləhətləşmə deyilən tibbdə belə bir şey var. Başqa bir həkimin köməyinə də ehtiyac ola bilər. 

Endoftalmit – əməliyyat yerinə infeksiya düşməsi

Onun xaricində ən xoşumuza gəlməyən bir hadisə daha olur: Endoftalmit – infeksiya, iltihab. Əməliyyat elədik, ə əməliyyatdan sonra hər şey qaydasında oldu. Amma əməliyyatdan bir neçə müddət sonra əməliyyat sahəsinə, gözün daxilinə infeksiya düşdü. 

Əməliyyat vaxtı biz kiçik kəsiklər atsaq belə, o kəskilərdən gözün içərisinə infeksiya qaça bilər. 

Ona görə biz əməliyyatdan sonra xəstələrə həm antibiotik yazırıq, profilaktik olaraq, həm də gigiyenalarına diqqət etmələrinə, xüsusi diqqət eləmələrinə: 

– Baxın, dərman tökəndə mütləq əllərinizi sabunlu su ilə yuyun, parça dəsmallar istifadə etməyin. Tək dəfəlik istifadə olunan salfetkalar işlədin. Buraya işlətdiyiniz salfetkanı digər gözə işlətməyin. 

Bu qədər xəbərdarlıq edirik. Amma buna baxmayaraq bəzən olur baxırsan, xəstə gəlir, elə burada yanımda, Müayinəyə gəlib tamamən fərqli bir səbəbdən. Konyunktiviti var, gözü də sulanır, burnun da sulanır. Salfetkanı götürüb burnunu silir, sonra da gözünü silir. Mənim gözümün qabağında. 

Deyirəm, siz neynirsiniz? Bu salfetka ilə həm burnunu sildin, sonra da… “Yox, Doktor. Başqa vaxtı belə eləmirəm”. Nəisə, bu artıq adət olur. 

Yəni əməliyyat olanda 2 həftə, 3 həftə bu şeylərə diqqət eləmək lazımdır ki, infeksiya düşməsin. 

Bəzən deyirik, ilk 3-4 gün yatanda arxası üstə yatın və ya həmin tərəf üstə yatmayın, digər tərəf üstə yatın. Bəzən olur xəstə gecə yuxuda olur xəbəri olmur, həmin tərəfi, gözün üstünə yatır, oradan infeksiya keçə bilər, qaçaq ola bilər, göz daxlı maye çölə qaça bilər. Yəni ola biləcək problemlər çoxdur. 

Bunun ən doğru həlli: həkimlərinə getsinlər. Hə, ikinci bir variant, insanıq… Azərbaycan üçün bu reallıqdır. Yenə də bəzən olur, ortada güvənsizlik əmələ gələ bilər… İkinci bir həkimə gedib fikir almaq. 

– Öz həkimimiz belə bir mövzu dedi, Bilmirik nə qədər doğrudur? Gəldik sizdən məsləhət almağa. Vəziyyət necədir? 

Yəni bir az mövzunu daha dəqiqləşdirməkdən ötrü, həkimlərinə güvənlərinin artması üçün ikinci bir fikir ala bilərlər. Başqa bir həkimə gedib müayinə elətdirsinlər, görək başqa bir həkim nə deyəcək?

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir