Bu gün belə bir sualın cavabını verməyə çalışacağam. Qlaukoma nə vaxt kor edir?
Qlaukoma konkret… Bir az qorxuram, cümlələri ürəyimdən gələn kimi deyə bilmirəm ki, onlar yanlış anlamasınlar. Qlakoma kor edir!
Bir növbəti yazıda qeyd edəcəyik: hansı hallarda kor edir və kor etməmək üçün neyləmək lazımdır?
Əslində bəlkə də xəstəliyi qoysaq bir qırağa məncə bu mövzuları danışsaq, insanlar üçün daha əhəmiyyətli olar.
Çünki bəzi insanlar var ki, qlaukomanın ciddiyyətini anlatmağa çalışırıq, adamlara söhbət çatmır. Bəzi insanlar da var ki, elə qlaukomanın “q” hərfini deyən kimi artıq panikləməyə başlayırlar, depressiyaya düşürlər.
Ona görə kimə haradan başlamaq lazım olduğunu bəzən mən belə tuta bilmirəm.
Pasiyentləri bir az danışdırıram. Aşağı-yuxarı təxminən bunların bir baxış bucaqlarını, fəlsəfələrini tuturam, ondan sonra hansı istiqamətdə mövzunu davam etdirmək lazım olduğu qərarına gəlirəm.
Deməli, birinci mövzu işi ciddiyə almayan pasiyentlər üçün danışaq.
Yəni qlakoma həqiqətən də insanı kor edir. Qlaukoma təhlükəli xəstəlikdir! Qlaukoma sinsi xəstəlikdir! Çünki, qlaukoma əgər üstünə düşülməzsə, korluqla nəticələnən bir xəstəlikdir!
Qlaukomanın xüsusiyyətlərindən biri də budur ki, əksər hallarda qlaukoma əlamətsiz gedir! Yəni insan bilmir ki, bunun gözündə qlaukoma var.
Yəni düşünün, bəlkə məndə də qlaukomu var, bəlkə sizdə də qlakoma var, xəbərimiz yoxdur. Yəni əlamətsiz olduğuna görə insanların ağlına gəlmir ki, mənim problemim ola bilər.
Əksər hallarda nə olur?
Əksər hallarda təsadüfi bir səbəbdən aşkarlanır.
Yəni xəstə 40 yaşını keçib, yaxını yaxşı görmür, gəlir ki, “Yaxın eynəyi istəyirəm” – onda məlum olur.
Və ya xəstə konyunktivit keçirir, gözü qızarır, həkimə gəlir: “Doktor, gözüm qızarıb” – o vaxt aşkar olunur.
Və ya: “Doktor, axır vaxtlar hiss edirəm ki, sərrast hərəkət edə bilmirəm”. Onda da artıq iş-işdən keçmiş olur.
Kimlər şanslıdır?
Xəstəlik çox zərər vermədən aşkar olunarsa! Yəni,
“Bacımı aparmışdım, dedim, ‘Bir məni də yoxlayın’. Yoxladılar, baxdılar gördülər, təzyiqim çoxdur”.
Bu tip hallarda sinir çox zədələnmədiyinə görə o xəstələri daha asan vəziyyətdən çıxartmaq olur. Amma sinir zədələnəndən sonra zədələnmiş siniri bərpa etmək demək olar ki, mümkün deyil.
Nə qədər elə xəstə olub?!
Yaşadığımız problem:
“Doktor, getdim həkimə. Həkim mənə dedi ki, gözümdə davleniya var, təzyiq var, dərman yazdı”.
Hə?
“Elə tökdüm, bir müddət: 1 ay -2 ay. Baxdım, gördüm heç xeyir zad yoxdur, dərmanı daha tökmədim”.
Axırı nə oldu? 1 ildən sonra kor oldu! Yəni mənim yanıma kor şəkildə… Deyirəm,
– Əvvəlki həkimə gedəndə görməyin yaxşı idimi?
– Hə, hə.. Görürdüm o vaxtı, görürdüm”.
– Bəs həkim dedi, sonra həkimə getdinmi?
– Yox e… Baxdım, gördüm, heç mənası yoxdur.
Yəni, insanların verdiyi qərarlar… Düşünə bilirsinizmi!? İnsan özü-özünü kor edir!
Hətta heç yadımdan çıxmır. Bir bunu da elə burada, bu şəkildə deyim, bəlkə kimin üçünsə faydalı olar.
Şəmkirdən gəlmişdi xəstə. Həkimə gedib, həkim deyib, “Gözündə qara su var, qlaukoma var”. Dərman yazıb və gəlib bir müddət töküb. Bir müddətdən sonra belə qərara gəlib ki, bu dərman mənə lazım deyil. Və üstündən il yarım vaxt keçmişdi. Mənim yanıma gəldi. Mənim yanıma gələndə heç nə görmürdü, kor idi o göz. Və artıq o gözü geri qaytarmaq mümkün deyil idi. Və o qədər də rahat idi ki, bu pasiyent, yəni sanki hər şey normalmış kimi…
Aydın oldu ki, həkim əlindən gələni eləyib.
Mümkün qədər həkimlərin boynuna atmağa çalışırlar.
“Həkim mənə düzgün məlumat vermədi. Həkim belə elədi, həkim elə elədi…”
Ay balam, həkim yazıq dərmanı yazıb, bundan artıq neynəsin? Kontrola çağırılıb. Kontrola getməmisən. Dərman vaxtı yazılıb. Reseptə baxıram, “ömürlük” sözü yazılıb. “Ömürlük” – yəni bu dərman ömürlük istifadə olunmalıdır! Buna baxmayaraq, dərmanı kəsmirsən. Deyirəm ki, xəbərin var, sən özün özünü kor etmisən?!
Yəni düşün, kimsə bir başqa adam, qonşuda kimsə, nəsə bir zərər versə idi sənin gözünə, sənin gözünü bir başqası kor eləsə idi, sən bəlkə bu adamın nəslini yox eləyərdin?! Amma özün öz gözünü kor eləmisən və gəlib mənim yanında gülürsən. Deyirsən, gülürsən. Yəni bunu məsuliyyətsizliyəmi qoyaq, səhlənkarlığamı qoyaq, yoxsa adını necə qoyaq bunun?
Yəni bu şəkildə gəlirlər pasiyentlər. Və burada bəlkə də altı qırmızı xətlə çəkiləcək sözlər deyirəm: Qlaukoma müalicəsi itirilmiş görməyimizi geri qaytarmaq üçün deyil!