Əvvəlki yazımızda qeyd etmişdik, axırıncı cümləmiz belə olmuşdu: “Qlaukoma xəstəliyinin müalicəsi görməni bərpa etmək üçün deyil”. Bəs onda biz niyə müalicə olunuruq?
Bəzən xəstələr gəlir, deyirik ki, bəs bu dərmanları tökməlisiniz. Bu dərmanlar ondan ötrüdür ki, mövcudu qoruyaq.
Elə xəstə gəlir ki, tamam görməsini itirib. Heç bir şey görmür.
“Ay doktur, onsuz da görmürəm. Əgər dərman da görməyimi geri qaytarmayacaqsa, onda niyə əziyyət çəkirəm gündə 2 dəfə – 3 dəfə bu dərmanları mən tökürəm, bu qədər pul xərcləyirəm?”
O zaman belə bir cavab veririk:
Göz sadəcə görmək üçün deyil.
Bir – estetik görünüş var, yəni xarici görünüş. Ən azından kənardan baxanda baxırsan ki, deformasiya olmamış olur, yəni o göz gözə oxşamış olur.
Göz görməsə belə heç olmasa rahat olmalıdır, ağrı verməməlidir.
Əgər qlaukoma vaxtında müalicə olunmazsa, görməni itirməklə yanaşı, daha sonra ağrılar və çox ciddi problemlərlə qarşılaşırıq.
Ağrı, qızartı, göynəmə… Hətta xəstələrin böyük hissəsi keyfiyyətli yuxunun nə olduğunu bilmirlər. O qədər baş ağrıları olur ki, o baş ağrıları yatdıqları zaman belə onlara dinclik, rahatlıq vermir.
Və “bulyoz keratopatiya” dediyimiz bir hal başlayır. Bunun nəticəsində elə dəhşətli ağrılar başlayır ki, elə bil ki, bir şüşəni əzib gözün içərisinə töküblər. O şəkildə dəhşətli batmalar, ürək bulanmaları, hansı ki, heç bir dərmanla o ürəkbulanmanı, qusmanı, öyüməni ortadan qaldırmaq mümkün olmur.
O hala gəlib çıxmasın deyə, indidən gözün görməsi olmasa belə, dərmanlar tökülməlidir. Yoxsa, o hala gəlib çıxanda… Çünki elə xəstələrimiz olur, sözə qulaq asmırlar, tərslik edirlər:
“Yox, görməyəcəksə, dərman-zad tökmürəm”.
Baxırsan, bir neçə ay və ya bir neçə ildən sonra:
“Doktor, qurban olum, bunu dart çıxart. Yəni artıq mən yaşaya bilmirəm”.
O hala gəlib çıxırlar. Və gözün götürülməsi – “enukleasiya” dediyimiz məcburi bir əməliyyat icra etmək ehtiyacı doğur.
İşin iki hissəsi:
Birinci hissə – xəstənin görməsi varsa, qlaukoma müalicəsindən sonra fikirləşməsinlər ki, görmələri yaxşılaşacaq. Yəni o mövcud görməni qorumaq üçün müalicəmizi edirik.
İşin ikinci hissəsi – “Əgər görmürəmsə və müalicə görməyimi də bərpa etməyəcəksə, mən bu dərmanı niyə tökürəm?”
Dərmanı ona görə tökürük ki, gələcəkdə betərin betəri olmasın deyə.