Yanaşı xəstəliyi olanlarda kataraktaya necə yanaşmalı?

Hər hansı bir xəstəliyi olan xəstələrdə katarakta varsa, necə yanaşmaq lazımdır?

Yaxud şəkəri olan xəstələrdə katarakta problemi varsa, yanaşma necə olmalıdır? 

Elə birinci oradan başlayaq. 

Yəni əgər bir insanın şəkəri varsa, bu insan yaşayırsa, istər-istəməz bəlli yaşdan sonra katarakta ilə üzləşəcək. Bəzi statistik məlumatlar var ki, şəkər xəstələrində katarakta digər insanlara nisbətən bir az daha erkən rast gəlinir, müşahidə olunur. Səbəb də şəkər xəstələrində metabolizm pozulduğuna görədir. 

Bizim billurumuz çox həssas, qidalanmağa çox həssas olan bir orqandır. Onda metabolizm pozğunluqları özünü daha tez, daha erkən göstərir, biruzə verir və katarakta müşahidə olunmağa başlayır.

Əslində, belə baxanda şəkər xəstəliyi bizim üçün qorxulu deyil. Artıq şəkər xəstəliyi bir həyat tərzidir. Sadəcə önəmli olan insanların məlumatlı olmağı və problemi qəbul edib, qəbullanıb, onun fəsadlarını ortadan qaldırmaqdan ötrü cəhd göstərməsidir. Önəmli olan budur. 

Şəkər xəstələrini biz 2 yerə bölərik: yəni kontrollu şəkər xəstəsi, kontrolsuz şəkər xəstəsi. Bəli, kontrollu şəkər xəstələrində katarakta ola bilər və heç bir özəlliyi də yoxdur. Normal, digər insanlarda katarakta əmələ gəlirsə və o katarakta necə müalicə olunursa, eyni şəkildə müalicə olunur. Sıxıntıları biz kontrolsuz şəkər xəstələrində yaşayırıq. 

Kontrolsuz şəkər xəstələri deyək. Kontrolsuz şəkər xəstələri dedik kimlərdir: məsələnin ciddiyyətini qəbul etmək istəmirlər və ya şəkəri özlərinin müalicə edəcəklərinə inanırlar, həkimə getmək istəmirlər, təkrarlanan müayinələrini olmaq istəmirlər. Kontrolsuz şəkər olur və bu şəkər nəticəsində sadəcə göz deyil, bütün orqanizm toxumalarında problemlər ortaya çıxmağa başlayır. 

Bəzən suallar gəlir: – “Həkim, mənim valideynlərim – atam və ya anam şəkər xəstəsidir. Katarakta əməliyyatı ola bilərmi?”. 

Əlbəttə ki, katarakta əməliyyatı ola bilər. Yəni şəkər xəstəliyi katarakta əməliyyatına bir maneə törətməz. Önəmli faktor şəkər xəstəliyi kontrolun altındadırmı? Əgər kontrol altındadırsa, heç bir problem yoxdur. 

Kontrol altında olmayan şəkər xəstəsi – bunun əməliyyatı problem ola bilər. Hətta əməliyyatın gedişatında problem olmaz, amma əməliyyatdan sonrakı sağalma periodunda şəkər yüksək olduğu zaman regenerasiya prosesi zəifləyir, sağalma gecikir. Sağalma gecikdi, əlavə infeksiya qoşulma riski yüksəlməyə başlayır. Başqa problemlər çıxmağa başlayır. 

Ona görə vəziyyət çox ciddi olmadığı müddətcə kontrolsuz şəkər xəstələrini mütləq bir endokrinoloqa yönləndiririk. Endokrinoloqda şəkər sahmana salınır. Şəkər sahmana salınandan sonra artıq biz o xəstəni əməliyyata götürürük. 

Şəkər 7-dən aşağı olmalı deyil, 130-dan aşağı olmalıdır. Şəkər dalğalanmamalıdır. Yəni bir səfər 100, bir səfər 200 olmamalıdır və üçüncü, ən azı gündə 5 km piyada gəzilməlidir. Əgər bu dediklərimiz olunursa, hə, o zaman şəkər kontrol altındadır deməkdir. Belə xəstələrin əməliyyatında da, adətən, problem çıxmır. 

Hə daha öncə kontrolsuz bir period yaşanıb. Ona bağlı göz dibində artıq diabetik retnopatiya başlayıbsa, belə problemi olan xəstələrin katarakta əməliyyatından sonra da görmələri çox yüksək olmaya bilir. 

Əvvəlcədən, əməliyyatdan qabaq xəstələri məlumatlandırırıq: – “Sizin kataraktanız var, amma kataraktadan başqa göz dibində də problemlər var. Katarakta götürülməlidir, gözün arxasının müayinəsi tamamlanmalıdır. Gözün arxasında müayinə tamamlanandan sonra artıq göz dibində hər hansı bir problem aşkar olunacaqsa, o problemin ortadan qaldırılması üçün tədbirlər görülməlidir”. 

Yəni bu xəstələr başqa bir xəstələr kimi: – “Bizim qonşuda filankəs əməliyyat oldu, əməliyyatdan sonra 100 faiz gördü. Bəs mən niyə zəif görürəm?”, – bu mövzularla qarşılaşa bilirik. 

Yenə də öncədən xəstələr bilgiləndirilməlidir ki, əməliyyatdan sonra çox yüksək görmə gözlənilməsin. Bəzi şeylər bizim üçün yolgöstərici olur. Xəstənin bir gözündə katarakta var, göz dibini müayinə edə bilmirik. Amma digər gözündə kataraktası azdır və ya yoxdur göz dibi müayinə olunur. Adətən, göz dibləri ikisi bir-birinə yaxın vəziyyətdə olurlar. Yəni sağ gözdə katarakta var, göz dibini müayinə edə bilmədik. Amma sol gözün göz dibini görə bildiksə, sol gözün göz dibininin vəziyyətinə görə sağ haqqında fikir yürütmək olur. 

Hə, solun göz dibi yaxşıdır, demək ki, sağ gözün də göz dibi yaxşı olacaq, əməliyyatdan sonra da böyük ehtimal görməyiniz yüksək olacaq. Amma solda problem varsa, sağda da böyük ehtimal problem var. Əməliyyatdan sonra o problemin həlli üçün artıq tədbirlər görməyə başlayacağıq. 

Yəni katarakta əməliyyatı tamamilə fərqli bir şeydir. Şəkər xəstələrində göz dibi problemlərinin idarə olunması, müalicə olunması, menecmenti tamamilə fərqli bir şeydir. 

Şəkərli xəstələr, şəkər xəstəliyi kataraktanın cərrahi müalicəsi üçün bir əksgöstəriş, maneə təşkil etmir. 

Şəkərdən başqa digər xəstəliklərlə də katarakta müştərək ola bilir. Məsələn, hipertoniya xəstəliyi olan insanlarda katarakta. Əgər bir xəstədə hipertoniya varsa, bu hipertoniya katarakta əməliyyatına, əslində, əks-göstəriş deyil. Amma önəmli olan faktor hipertoniyanın kontrol altında olunmasıdır. Yəni xəstənin qan təzyiqinin nəzarətdə olunması və sahmana salınmasıdır. Əgər qan təzyiqi normada olarsa, bu zaman katarakta əməliyyatı normal, digər insanlardan fərqli heç bir fərq daşımadan əməliyyat oluna bilir və nəticəsi də digər xəstələrdəki kimi yüksək olur. Yenə də işin başında əsas xəstəliyin əsas nəzarətdə olması və müalicə alınmasıdır. 

Hipertoniyadan başqa zobu olan xəstələr, infarkt keçirən xəstələr, insult keçirən xəstələr, ortopedik bir problemi olan xəstələr – bunların da, əslində, heç biri katarakta əməliyyatının icrası üçün əks-göstəriş təşkil etmir. Önəmli olan əsas xəstəliyin müalicə olunub stabilləşməsi, ondan sonra da kataraktanın əməliyyat olunması. 

Əgər kataraktanın əməliyyatı həkim tərəfindən çox təcili olaraq qiymətləndirilmirsə, xəstəyə müddət tanınmalıdır, əsas xəstəliyi müalicə etdirsin, stabilləşdirsin, kontrol altına alsınlar, ondan sonra katarakta əməliyyatı olunsun. Əgər elə olarsa, yəni orqanizm kompensasiya olunmuş bir vəziyyədə olarsa, həm xəstə əməliyyat vaxtı narahatlıq keçirməz, həm də əməliyyatdan sonrakı reabilitasiya periodu çox qısa olar və xəstə də əməliyyatından razı qalar, məmnun qalar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir