Danışmaq istədiyim mövzu yenə Eksimer lazer, amma “Photorefractive keratectomy” – PRK və ya indi müasir adı “no-touch” deyilən. Amma onun əslində klassik adı PRK-dir: “PeReKa”. “PRK əməliyyatından sonra pasiyentləri nələr gözləyir?” bu şəkildə. Gedişat necə olacaq, sağalma periodu… Onunla əlaqədər bilgiləndirmək istəyirəm pasiyentlər narahat olmasınlar. Əməliyyat olacaqlar, PRK olacaqlar izləyib rahatlasınlar deyə.
Düzdür, əməliyyatdan sonrakı period, ilk 2,5-3 gün xəstələrin ömrü boyu yadlarından çıxmır, çünki kifayət qədər ağrıları olur, ona görə bir az daha maraqlıdır, yəni LASIK-dən fərqlidir.
Artıq müayinə olundu, qərar verildi ki, bu pasiyentə PRK olunacaq. Başqa bir videoda danışarıq, hətta məncə, danışmışıq: “Kimə PRK olunur?”
PRK-ə qərar vermiş pasiyentlərin əməliyyatları yenə də 10 dəqiqə çəkir, ağrısızdır, yarım saatdan sonra artıq pasiyentlərdə ağrılar ortaya çıxmağa başlayır. Hətta ağrıları o qədər çox olur ki, ağrıkəsici və ya hətta bəzən iynə, yəni tabletkadan başqa iynə belə vurma ehtiyacı doğa bilir.
“Sanki svarkaya baxmışam”
Bu nəyə bənzəyir? Mən pasiyentlərimə belə bir bənzətmə, “qaynaq” deyirik e… “elektro qaynaq”, “svarka”. İnsan “svarka”ya baxanda gözü nə hala düşür: qapaqları şişir, göz qızarır, gözdən su gəlir, gözü aça bilmirik, burundan su gəlir, ağrıyır… Eyni onun kimi bir hadisə yaşanır. Hə, kimisində az, kimisində çox, amma aşağı-yuxarı belə bir problem yaşayırlar. Kimin ki, sinir sistemi çox “labil”dir – bunlar prosesi daha ağır keçirdirlər. Yəni bəzən bir sutka gözlərini belə aça bilmirlər. Gözlərini açan kimi şıpır-şıpır gözdən su axır, qapaqlar şişmiş olur, işığa baxa bilmirlər, evdə hər yerin işığını söndürürlər.
Əməliyyat günü hətta biz onlara artıq ağrıkəsicilərini veririk, tabletka şəklində. Bəzən pasiyent bir ağrı kəsici tabletka içir baxır, görür təsiri olmadı, ikincini içir, təsiri olmadı, üçüncünü… 1 günə 10 dənə ağrı kəsici tabletka içənlər belə olur. Burada bir haşiyəmiz olacaq ki, bir ağrıkəsici tabletka içdik, faydası olmadısa, onunu da içsən, yenə də faydası olmayacaq. Fərqli bir metoda keçmək lazımdır. Yəni iynə. Əgər tabletka içdik, xeyri olmadı, o zaman bizim “smes” dediyimiz: analgin, dimedrol, novokain qarışığı… Bu şəkildə istifadə olunub, əksər hallarda onlar faydalı olur.
PRK əməliyyatından sonra: “Axşam yata bildinizmi?”
Əməliyyatdan sonra dediyim kimi, yarım saatdan sonra artıq keyləşdiricinin təsiri getdiyinə görə artıq ağrılar başlayır. Həmin günü ağrı ilə keçirirlər. Əksər hallarda səhərisi günü müayinədə mənim xəstənin hadisəni, problemi necə yaşadığını aşkar etməkdən ötrü sualım: “Axşam yata bildiniz?” 10 xəstədən səkkizi “Ağrıdım, amma yata bildim”. Bir dənəsi: “Doktor, çox dəhşətli idi. Mən evə təcili yardım çağırdım.” Təcili yardım gəlib, onlar da yenə “smes” vururlar. Bir dənəsi də axşam zəng edir, hətta: “Ay doktor… Bəs sən demişdin axı ağrıyacaq? Heç o qədər ağrımadı axı? Bəlkə, əməliyyatı yaxşı eləməmisiniz?” bu şəkildə. Amma əksəriyyəti, belə deyim, “dözə biləcək hal” olur.
Əməliyyatın səhəri günü kontrola gəlirlər, kontrollarda keyləşdirici damızdırırıq biz orada. O keyləşdirici damızdıranda bir yarım saatlıq ağrıları azalır. Pasiyentlərə deyirəm, “Nəfəs alın burada bu yarım saatda. Çünki birazdan, dərmanın təsiri gedəndən sonra yenə ağrılar başlayacaq”.
PRK əməliyyatındandan sonra linzanın çıxarılması
2 gün yarım ağrıları olur, 2 gün yarımdan sonra bu ağrılar keçir və biz əməliyyat vaxtı buynuz qişanı qaşıdığımıza görə, qaldırdığımıza görə kontakt linza qoyuruq. Buynuz qışanın epitel qatı təkrar əmələ gəlir, orta hesabla 2 günə, 3 günə, çox nadir halda 4 günə. Epitelizasiya tam gedəndən sonra kontakt linzamızı çıxardırıq.
Əməliyyatdan sonrakı ilk 2-3 gündə, i düzdür, ağrı çox olur, amma görmələri aydın olur. 2-3 gündən sonra görmə dumanlaşır və xəstələr yenə də panikləyir: “Doktor, axı dünən bundan daha yaxşı idi, bu gün görməyim dumanlaşdı?”
Bu epitel təbəqəsi kənardan gəldikcə mərkəzdə bir-birinin üstünə çıxır və görmə dumanlaşır, kontakt linzanı çıxartdıqdan sonra qapaq həmin o bir-birinin üstünə gəlmiş epiteli tamamən hamarlayır, 2-3 günə o şikayət ortadan qalxır. Yəni görməyin dumanlaşması 2-3 gün sonra ortadan qalxır.
PRK əməliyyatından sonra göz damcıları
LASIK-də biz əgər antibiotiki 2 həftə damızdırırdıqsa, antibiotik kortizonu PRK-də biz 4 həftə istifadə edirik və sxemlə azalan…. 4 gündə 4 dəfədən, 4 saatdan bir 4 dəfədən başlayıb 1 dəfəyə qədər endiririk. 4 həftə onu istifadə edirlər.
Amma nəmləndirici ikisində də eyni qaydada. İlk başda, ilk gündə 2 saatdan bir, səhərsi günü gündə minimum 4 dəfə. Bu şəkildə gedir.
LASIK-də əməliyyatın səhərisi gündən aşağı-yuxarı işlərimizi görə biləcək səviyyədə görmə olur, amma PRK-də idarə edə biləcəyimiz görmə təxminən 1 həftə sonra olur. Yəni pasiyentlər 3-4 gün işə və ya dərsə gedə bilmirlər. 3-4 gündən sonra, kontakt linza çıxandan sonra işə və ya dərsə gedə bilirlər.
Onlarda da 1 aylıq yaxın görmə problemi olur orta hesabla. İstər LASIK olsun, istər PRK olsun əməliyyatın bir ayında nəticələr tamamən birə-bir eyni olmuş olur. Yəni pasiyentlər fikirləşməsin ki, “LASIK oldu, onun görməsi daha yaxşı olacaq, PRK oldu, onun görməsi daha pis olacaq”. Əsla! 1 ay sonra ikisinin də nəticəsi tamamən birə-bir olmuş olur.
Elə xəstələr var ki, onlarda seçim haqqı olur: “LASIK də edə bilərik, PRK də edə bilərik”. Pasiyentlə məsləhətləşirik. Onlar nəticə ilə maraqlanırlar: “Görəsən, nəticəsi nə olacaq?” 1 ay sonra nəticə birə-bir eyni olur.
PRK əməliyyatından sonra kontrol müayinələr
PRK-dəki kontrollarımız epitelizasiya əmələ gəldi, kontakt linzanı çıxartdıq, bu, orta hesabla 3-4 gün çəkir, o, ondan sonra: əməliyyatdan 2 həftə sonra, əməliyyatdan 1 ay sonra, əməliyyatdan 2 ay sonra, əməliyyatdan 6 ay sonra. Rutin kontrollarımız bu şəkildədir.
Kontrol müayinələrdə nəyə baxırıq?
- Yenə də xəstənin birincisi şikayəti dəyərləndirilir, bir narahatçılığı varmı?
- İkinci, göz dərəcələri alınır, göz təzyiqi yoxlanır, görmə faizinə baxılır və biomikroskopi olunur.
Əksər hallarda da çox ciddi problem olmur, sadəcə bu regenerasiya prosesi insandan insana dəyişə bilər. Elə insan olur 2 günə sağalır, elə insan olur 4 günə sağalır. “Doktor, filankəsdə niyə 2 günə sağaldı, məndə 4 günə?” İndividualdır. Elə şeylər var ki, onların cavabını biz bilmirik, verə bilmirik, orqanizmaya aid bir şeydir.
PRK olan xəstələr, düzdür, əməliyyatdan sonrakı o 2 gün yarım, 3 günə əziyyət çəkirlər, amma məncə, əldə etdiklərini o görmək üçün və təhlükəsizlik üçün o əziyyəti çəkməyə dəyər.