göz dibinin lazerle berkidilmesi

Göz dibinin lazerlə bərkidilməsi

Torlu qişada incəlmələrin lazerlə bərkidilməsi… Bir az loru dildə oldu. Elmi dildə “baryer lazer fotokoaqulyasiya”. 

İşin mahiyyəti həmin incəlmiş zonaların və ya dəlik, yırtıq əmələ gəlmiş zonaların sahələrinin ətrafının lazer vasitəsilə çapıqlaşdırılmasından ibarətdir. Lazerlər orada mikro yanıqlar əmələ gətirir və mikro yanıqlar nəticəsində həmin hissələrdə çapıq toxuması əmələ gəlir. Çapıq toxuması retinanı altdakı təbəqələrə retinal piqment epitelinə daha da bərkitmiş olur və bunun nəticəsində həmin hissədə torlu qişa daha çox altdakı toxumalara yapışmış olur. Yəni torlu qişanın qopması və ya mayenin keçib torlu qişanın altından torlu qişanın qaldırılması ehtimalı azalır. Tam ortadan qalxmır, ehtimalı azalır. 

Baryer lazer fotokoaqulyasiya prosesi

Bu işi icra etmək üçün Argon lazerlərdən, əksər hallarda 532 nanometr dalğa uzunluqlu, yaşıl işıqlı Argon lazerlərdən istifadə olunur. 

Bu prosedur vaxt aparan bir prosedur deyil. Əgər pasiyent rahat durarsa, 2-3 dəqiqəlik bir prosedurdur.

Pasiyentin rahat durmağı nə ilə əlaqədardır?

Baryer lazer fotokoaqulyasiya prosesinin özü tamamilə ağrısızdır, sadəcə o lazer şüası gəldiyi zaman gur işıq gəlir və gur işıq istər-istəməz insanın diqqətini yayındırır və pasiyent gözünü oynadır. Kontakt linzalar vasitəsilə icra olunur bu əməliyyat. Həmin o linzaların altında göz hərəkət etdiyi zaman hava keçir. Hava, qabarcıq keçincə, görüntü keyfiyyətimiz aşağı düşür. Təkrar yenə lensi çıxardırıq, visko-elastik qoyuruq, təkrar yapışdırıq. Ona görə vaxt apara bilir.

Xəstələrə tövsiyəmiz, misal üçün, əgər proses sağ gözlə icra olunacaqsa, görmə yükünü, yəni beyinlərini sol gözə versinlər. Sol gözlə bir yer, bir nöqtə tutub fikirlərini oraya cəmləşdirsinlər. Əgər görüntünü sola vermiş olsalar, sağa işığın gəlməsi onları çox narahat etməz və proses daha sürətli şəkildə yerinə yetirilmiş olar.

Bir neçə dəqiqə çəkir. Ağrısızdır. 

Torlu qişanın lazerlə bərkidilməsi prosesinə hazırlıq

Baryer lazer fotokoaqulyasiya prosesindən öncə dərman damızdırılır, bəbək böyüdülür. Yenə də pasiyentlərimizin əksəriyyəti gənc olduğu üçün həyəcanlı olurlar. Həyəcanları ortadan qaldırmaq üçün həyəcanı götürən tablet veririk. Ağrı olmur, amma hər ehtimala qarşı yenə də bəlkə də psixoloji bir mövzu olaraq xəstələrə ağrıkəsici veririk. 

Bəbək böyüdülür. Təxminən yarım saat, 45 dəqiqə bu prosedur yerinə yetirildikdən sonra lazer fotokoaqulyasiya işi icra olunur.

Baryer lazer fotokoaqulyasiya prosesindən sonra

Lazerdən sonra 10-15 dəqiqə dumanlı görmə, rəngli görmə, təhrif olunmuş rənglər və bir neçə dəqiqədən sonra, yəni 10-15 dəqiqə sonra o narahatçılıqlar, diskonfortlar ortadan qalxır. 

Həmin günü istirahət eləmələrini tövsiyə edirik. Səhəri gün artıq normal işlərinə, dərslərinə davam edə bilirlər. Bu proses o qədər də qorxulu bir şey deyil və əgər kiməsə göz dibinin bərkidilməsi proseduru planlaşdırırsa, mümkün qədər gözlərində böyütməsinlər. Yəni o qədər böyüdüləcək bir məsələ deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir