Pasiyentlərin çoxunda belə şikayətlər olur: “Doktor, rahat olduğum yerdə, qapalı mühitlərdə, evdə gözümdə sulanma yoxdur, özümü rahat komfortlu hiss edirəm, amma çölə çıxanda gözüm sulanmağa başlayır. Niyə?”
Əsas səbəb qıcıqlandırıcı faktorlardır
Çölə çıxanda gözün sulanmağının ana səbəblərindən bir dənəsi qıcıqlanmadır. Çöldə ya çox günəş işığı, ya külək, ya soyuq, ya toz… qıcıqlandırıcı faktorlar çox olur. Buna görə də gözümüzü qıcıqlandırır bu səbəblər. Qıcıqlandırma səbəbindən göz yaşı vəzisi çox işləməyə başlayır reflektor olaraq. Gözə gələn göz yaşı mayesinin həcmi çoxalır, göz yaşı kanalı çatdıra bilmir. Həmin o faktorlar həm göz yaşının sekresiyasını artırır, həm də misal üçün soyuq havadırsa, göz yaşı kanalı, yəni yaşı aparacaq kanal spazm olur, daralmış olur soyuqda və çatdırmır. Bu bir xəstəliyin əlaməti deyil. Sadəcə orqanizm və göz o hala, o situasiyaya bir neçə dəqiqəyə adaptasiya edəcək, 10 dəqiqə – 15 dəqiqə. Adaptasiya edənə qədər bu sulanma hadisəsi davam edir, adaptasiya olandan sonra artıq necə ki, evdə rahat idik, artıq çöldə də rahat olmağa başlayırıq.
Hər kəsin reaksiyası eyni deyil
“Niyə filankəsdə bu hadisə olmur, məndə olur?” Bəzi insanlar var ki, göz yaşı kanalı normadan genişdir. Bu hadisə olan halda, yəni göz qıcıqlansa, reflektori sekressiya çoxalsa da və ya soyuq vurdu həmin kanal nə qədər daralsa da, mayeni aparmağa, daşımağa çatır, yetərli olur onun diametri. O adamlarda belə bir sıxıntı olmur və ya hər kəsin həssaslığı eyni cür deyil. Elə insan var ki, günəş onu çox narahat edir, elə insan var ki, günəş onu az narahat edir. Elə insanlar var ki, gözlərində, onsuz da, az bir miqdarda allergiyası var. Az, cüzi allergiyası olan adamlarda bu hadisə daha çox rast gəlinəcək, gözü tamamən rahat olan adamlarda bu hadisə daha az rast gəlinəcək. Yəni biz özümüzü bir başqası ilə müqayisə etməyək. Belə olan hallarda, birincisi bunu bir xəstəlik və ya patologiya kimi dəyərləndirməyəcəyik. Yenə də, əlbəttə ki, çox nadir halda bunun altında yatan patoloji səbəblər də ola bilir. Yaxşı olar ki, imkan daxilində bir dəfə bir göz həkimi müayinə etsin və desin ki, bu reflektoridir.
Həkim problem var deyirsə
Bəzən gözün özündə heç bir problem olmur, amma qonşu orqanlarda, burun-boğazda narahatlıqlar olur. Yəni allergik rinit ola bilər və yaxud da adenoid ola bilər… Çünki göz yaşı kanalının bir ucu da buruna açılır. Kanalın ucu burun tərəfdə bir narahatçılıq olsa, burun boşluğunda kanalın ucu sıxılmış olur və yenə də istədiyimiz qədər göz yaşını daşıya bilmir və sulanma ilə müşahidə olun. Əgər pasiyentlər belə bir hadisəni yaşamaq istəmirlərsə və ya xanımlar evdə kosmetik vasitələrini istifadə ediblər çölə çıxanda göz yaşaracaq, kosmetikada pozuqluq əmələ gələcək, narahatçılıq ortaya çıxacaqsa, bu hadisədən qaçmaqdan ötrü qoruyucu, nömrəsiz eynək istifadə edə bilərlər. Eynək istifadə edincə göz daha da qorunmuş olur. Yəni külək və günəş işıqları gözü daha az qıcıqlandırır və sulanma daha az olur.
Əgər həkim “Burada patoloji bir şey var” deyirsə, o zaman əlbəttə ki, bunun müalicəsi aparılıb, istənilən halda bu problemi ortadan qaldırmaq mümkün olur.