Ümumiyyətlə, hal-hazırda kataraktanın o qədər fərqli növləri, çeşidləri var ki… Dünyada ümumi qəbul olunmuş, katarakta mövzusunu tam əhatə edən, hər kəsin qəbul etdiyi standart bir təsnifat hal-hazırda, çox təəssüf ki, yoxdur.
Bunu niyə deyirəm? Çünki mən də mövcud təsnifatlardan istifadə edib məlumat verəcəyəm. Amma gələcəkdə ola bilər ki, bu təsnifatın içində olmayan fərqli növlər haqqında da məlumatlar vermiş ola bilərik.
Ana xətləri ilə təsnifatlarda kataraktanın:
- Anadangəlmə katarakta,
- Travmatik katarakta,
- Yaşa bağlı katarakda,
- Metabolik problemlər nəticəsində ortaya çıxan katarakta.
Ana qrupumuz budur. Bunların özlərinin də öz içərisində çoxlu alt qrupları var.
Bu gün daha çox rast gəlinən “Yaşa bağlı kataraktalar” haqqında məlumat verməyi düşünürəm. Amma gələcəkdə digər saydığım bu katarakta seriyasında bütün katarakta növləri haqqında mümkün qədər geniş, ətraflı məlumat verməyi planlaşdırıram.
Yaşa bağlı kataraktalar
Yaşa bağlı kataraktalar, yaş 55-i keçəndən sonra büllurda, gözümüzün daxilindəki şəffaf büllurun zamanla bulanması nəticəsində görmə keyfiyyətimizin aşağı düşməsi, belə bir xəstəlikdir.
Katarakta qlaukomadan fərqli olaraq hiss oluna bilən problemdir. Yəni əvvəllər demişdik: qlaukoma, təzyiq bəlli səviyyələrdə olduğu müddətcə xəstədə bir narahatçılıq verməz, xəstə problemin fərqində olmaz. Amma kataraktda elə deyil. Katarakta istər-istəməz o büllurun şəffaflığı azaldımı, bir bulanma əmələ gəldimi insanlar narahat olur və vaxt itirmədən həkimə müraciət edirlər.
Kortikal kataraktalar
Bu kataraktaların bulanmağının özünün də bir neçə növü var. Əsas rast gəldiyimiz kortikal kataraktadır. Yəni büllurun kənar hissələrindən bulanma başlayır. Belə olan hallarda xəstələrdə ən ana şikayət eynək nömrələrinin dəyişməsidir.
Yəni xəstəmiz əvvəllər -3 eynək taxırdı. İllərlə, cavanlıqdan….
Doktor, axır vaxtlar -3 mənə yetərli deyil. Sanki o eynəklə rahat görmürəm.
50-55 yaşı var:
Getdim həkimə, eynəyimin nömrəsini artırdılar. 30 il idi -3 eynəklə gəlirdim, indi artıq mənfi 4 yazdılar.
Aha! Bu artıq büllurda nəyinsə dəyişdiyinin bir əlamətidir.
Və ya:
Doktor, indiyə qədər mən yaxını görmək üçün eynək istifadə edirdim. Amma axır vaxtlar baxıram heç eynək məni rahatlatmır. Öz gözümlə daha yaxşı görməyə başlayıram.
Katarakta başlayır!
Kortikal kataraktaların əksəriyyəti bu şəkildə görmə keyfiyyətinə gec təsir edər, amma xəstələri şübhələndirər.
Kotikal katarakta bəzən görməyə mane olmur
Bəzən elə hallar olur ki, xəstələr çox diqqət eləmirlər. Hər hansı bir başqa xəstəlik nəticəsində müayinəyə gəlirlər: “Gözüm qızardı,” və ya “Travma aldım”, və ya “Torlu qişamda problem var” və yaxud da ki, “Şəkər kontrolu üçün gəlmişəm”… Müayinə nəticəsində məlum olur ki, büllurda bulanma var. Amma bulanma kənarlarda olduğu üçün xəstəni çox narahat etmir.
Belə olan hallarda taktikamız nədir?
Əgər xəstənin görmə keyfiyyətini çox aşağı salmırsa və bu hal xəstəni narahat etmirsə, 6 aydan bir nəzarət məsləhət görürük.
Nə vaxt ki, xəstənin görmə keyfiyyətini aşağı salar və xəstəni narahat edərsə, o zaman əməliyyata göstəriş var.
Kataraktanın dərmanla müalicəsi varmı?
Kataraktalarda hal-hazırda dünyada qəbul olunmuş bir konservativ müalicə metodu yoxdur.
Bəzi pasiyentlər katarakta sözünü eşidirlər, narahat olurlar:
Doktor, katarakta başlayır. Axı biz neyləyək?
Təəssüf ki, eləməlibir şeyimiz yoxdur. Yəni bir dərman müalicəsi və yaxud da ki, bir fizioterapevtik müalicə yoxdur. Kataraktanın dünyada hal-hazırda qəbul olunmuş bir tək müalicə metodu var – o da cərrahidir.
Cərrahi əməliyyat üçün də mütləq problemin əməliyyata uyğun olması. Elə halda əməliyyat olunur. Amma erkən dövrlərdə əməliyyat olunmur. O periodda ancaq müşahidə. Başqa bir şeyə ehtiyac yoxdur.
2 thoughts on “Kataraktanın növləri: Kortikal Katarakta [Katarakta: 2]”