Dr Refadar Xelilov - Göz damarlarının trobla tıxanması trombozlar

Göz damarlarının trombla tıxanması – gözdə tromboz

Tromboz, göz damarlarının tromb vasitəsilə tıxanmasıdır. 

Gözün 2 cür damarları olur: arteriyalar və venalar. 

Arteriyanın tıxanması fərqli gedişatdır, venaların tıxanması tamamən fərqli gedişatdır. Vaxt olsa, bir az da onları detallandıracağam. Amma bu gün bir az da venoz trombozla əlaqədar, vena damarların trombozu ilə əlaqədar məlumat vermək istəyirəm. 

Gözün damarları orqanizmin ən incə, ən əsas damarlarından biridir və o damarların funksionallığı, yəni onların qidalandırdığı sahə və ya cavabdeh olduğu sahələr çox həssas toxumalardır. Ona görə, ola bilər misal üçün bir ayaq barmağında xırda bir venanın tutulmağı çox ciddi problemlə nəticələnməz. Amma gözdə ondan daha mikro səviyyədə bir damarın tıxanması çox ciddi görüntü problemi ilə büruzə verə bilər özünü. Ona görə trombozlardan çox qorxuram. 

Bəzən xəstələr “Doktor, telefonla məşğul olmaq…” və ya, “…filan şeyi yemək, içmək görəsən bizim gözümüzə bir zərəri varmı?” 

Hə, bəzi xəstələrim var ki, xüsusilə də şəkər xəstələrində “Siz şəkərinizə, təzyiqinizə və qanın qatılığına, yəni bu tromboz mövzusuna diqqət eliyin, yerdə qalan şeylər mənlikdir!” deyirəm. Yəni belə bir iddialı cümlə işlədirəm. 

Həqiqətən də bu tromboz bizim, oftalmoloqların altından qalxa biləcəyimiz bir mövzu deyil. 

Düzdür, proses, hadisə gözdə cərəyan eləyir, amma çox təəssüf ki, bunun həlli orqanizmə aid bir mövzulardır və həllini də problem olmadan öncə həll olunmalıdır. 

Venoz trombozun əmələ gəlmə səbəbi venanın trombla tıxanmasıdır. 

Tromb damarları necə tıxayır?

Orta yaşın üstündəki, yəni 40 yaşın üstündə bütün insanlarda demək olar ki, hər hansı bir yerdə fərqli ölçülərdə tromb, mikrotromb belə olsa var. 

Təxmini kobud şəkildə gedişatını anlatmağa çalışım: 

Stres keçiririk məsələn, ani bir stres… Stresə bağlı bir anlıq təzyiqimiz qalxır. Təzyiq qalxan kimi həmin trombu qopardır, ən incə damarlar hansıdırsa, həmin ən incə damarlardan bir dənəsini tıxayır. 

Tromboz damarların trombla tıxanmasıdır

Burada hadisənin üç hissəsi var. 

  1. Birincisi, tromblar önlənməlidir. Trombun önlənməsi üçün mütləq qanın qatılığına nəzarət elənilməlidir. Yəni, qan duruldan aqreqantlar istifadə olunmalıdır, antikoaqulyantlar. 
  2. İkinci, xolesterin və qanın yağlılığı, xolesterindir, triqliserid, lipid spektridir. 40 yaşdan sonra bütün insanlar ildə 2 dəfə bunları kontrol etməlidir. 
  3. Üçüncüsü də, təzyiq mövzusu. Bəzən olur hipertonik olmuruq, amma bir anda bir hadisə olur, bir anda stressə bağlı təzyiq axır. Amma bəzi adamlar da var ki, əksəriyyətində bunlar artıq hipertoniyaya meyillidirlər. “Hə, doktor, bəzən olur… Neçə dəfə olub: başım ağrıyıb, burnum qanıyıb. Neçə dəfə olub: başım ağrıyıb, gözümün üstünə, ağlı qişaya qansızma olub. Başım ağrıyıb: ölçmüşəm, qan təzyiqim 180-200-dür”.
    Yəni bunlar əslində bizim üçün bir xəbərverici əlamətdir, artıq bunlar varsa, bu o deməkdir ki, biz qan təzyiqi, qanın qatılığı və qanın yağlılığı, bu 3 mövzuya xüsusi diqqət ayırmalıyıq. Əgər oraya diqqət ayırmasaq, biz trombozla qarşılaşa bilərik. 

Tromboz gözdə hansı problemlər yarada bilər?

Keçək tromboz gözdə hansı problemlər yarada bilər? 

Trombozda trombun gözün hansı damarını tutmağına görə klinik mənzərə dəyişir. Biri var CRVO dediyimiz mərkəzi venanın tıxanması, bir də var BRVO dediyimiz şaxə venasının tıxanması. 

Mərkəz vena okklüziyası (CRVO – central retinal vein occlusion)

CRVO olanda gözün içərisi torlu qişa total qanla dolur. Yəni yuxarıda qeyd etdiyim kimi 2 cür damar var: arteriya və vena. Arteriya qanı gətirəndir, vena qanı aparandır. 

Qanı aparan damar tıxandığı zaman gözə arteriyalar vasitəsilə qan gəlir, amma çəkilmə, sorulma, aparma olmadığına görə, evakuasiya olunmadığına görə həmin qan retinanın içərisinə hopur. Yəni torlu qişa ödəmlənir. 

Mərkəzi retinal vena tıxanması
CRVO – Mərkəzi retinal vena okklüziyası

Torlu qişa ödəmlənincə, xüsusilə də görmə mərkəzi, makula dediyimiz bölgə şişmiş olur və avtomatik olaraq görmə itir. Torlu qişanın mərkəzi venasının tıxanmasında əksər hallarda neovaskulyar qlaukoma ilə nəticələnir. Yəni mərkəzi venanın təkrar orqanizasiya olunması, yəni hər hansı bir yeni başqa damarların əmələ gəlməsi, onun funksiyasını üstünə götürməsi demək olar ki, mümkünsüz hal kimidir. 

Çox nadir halda, xüsusilə də gənclərdə bir 2-3 elə xəstəmiz var. 23-24 yaşlarda tromboz olub, santral ven okklüziyası, onlarda bərpa olma olub. 

Amma yaşlı adamlarda yeni damar əmələ gəlməsi, əvvəlki tromblaşmış damarın funksiyasını üstünə götürməsi çox çətin olur. 

Şaxə vena okküziyası (BRVO – branch retinal vein occlusion)

Biz daha çox nəticə əldə edirik BRVO-larda, yəni şaxə tutulmasında. 

Bunlar əgər çox periferik sahələrdəki şaxələrə aiddirsə, hətta bəzən heç xəstələrin xəbəri olmur. 

Şaxə retinal vena tıxanması
BRVO – Şaxə retinal vena okklüziyası

Elə xəstə gəlir müayinə vaxtı deyirsən ki, sən belə bir hadisə yaşamısan. “Hə, doktor, bir ara elə dumanlaşdı görmə sahəmdə kənarda bir yer, sonra da keçdi getdi.” Amma bəziləri görmə mərkəzinə yaxın bir hissədə olur onlar, xəstələr çox hiss elirlər onu və onların görmə sahəsi anında pisləşir və həkimə müraciət edirlər. 

Göz trombozu olduqda nə edirik?

Görmə mərkəzindəki ödem olunca onlara protokol gərəyi iynələr vurulmalıdır. İntravitral inyeksiyalar ki, oradakı ödem çəkilsin. 

Orta hesabla plan 6 ay müddətində 3 iynə və 3 lazerlə biz əksər hallarda bu hadisəni toparlaya bilirik. Yenə qeyd edirəm, şaxə venaların tıxanıqlığında. Amma santral venaların tıxanıqlığında 90% halda bizi qane edən bir nəticə əldə etmirik. 

Şaxə vena tıxanmalarında müalicənin məqsədi və gözlədiyimiz nəticə

Bizim gözləntimiz şaxələrdə mümkün qədər görməmizi əvvəlkinə yaxınlaşdırmaqdır. 

Xəstə gəlir, görməsi, 2%-dir. İynələr, lazerlərlə görmələrimizi 80-90%-ə qaldıra bilirik. Yəni xəstədə ola bilər əvvəldən refraktiv qüsür olsun, ona bir şey demirəm. Amma normal gözlərdə 80%-90%- ə qədər qaldıra bilirik. 

Düzdür, digər göz qədər keyfiyyətli olmur, amma yenə də 2-3%-dən çox daha yaxşı olur. 

Mərkəzi vena tıxanmalarında müalicənin məqsədi və gözlədiyimiz nəticə

Bu xəstələrin 90%-dən çoxunda neovaskulyar qlaukoma əmələ gəlir. Yəni, yeni damarlar əmələ gəlir, “vəhşi” damarlar

Bu yeni əmələ gələn damarlar trabekulyar şəbəkə dediyimiz gözün daxilindəki mayenin sorulmasını təmin edən şəbəkənin ağzını doldurur və bədxassəli qlaukoma əmələ gəlir. Heç bir şeylə onu toparlamaq mümkün olmur. Yəni, o göz 90% halda itir. 

Bunu önləməkdən ötrü biz gözə yuxarıda qeyd etdiyim kimi, vitre içi inyeksiyalar və lazerlər eləyirik. Hansı ki, həmin damarların cavabdeh olduğu sahələrdə hüceyrələri lazerlə yandırırıq ki, həmin hüceyrələr xüsusi fermentlər ifraz edib yeni damar istehsalını artırmasınlar. 

Çünki yeni “vəhşi” damarlar bizim üçün təhlükəlidir və onlar həm təzyiqin qalxmasında, həm də göz daxili qanamaların artmasında rol oynayır. 

Göz trombozlarında müalicənin davam etdirilməsi çox vacibdir

Ən çox yaşadığımız problem: 

Xəstə gəldi, birinci iynəni vurdum, iynədən sonra bir az yaxşılaşma oldu və xəstə arxayınlaşır şaxə tıxanmalarında. İynə vuruldu, iynədən sonra xəstənin görməsi 80%-ə qalxdı, ondan sonra xəstə itdi. 

Baxmayaraq ki, bu hadisələri bildiyimiz halda xəstələrə bütün məlumatları veririk. 

“Baxın, belə hadisə olacaq, mütləq iynəni tamamlamaq lazımdır. Ta, orta hesabla 6-8 ay yeni damarlar, bizə lazım olan damarlar əmələ gələcək, o damarlar əmələ gələnə qədər gözü qidalandırmalıyıq. Bunun üçün də həm iynələrə, həm də lazerə ehtiyacımız var. Bu iş bu şəkildə olmalıdır.” 

Amma xəstələr özbaşlarına qərar verirlər. 

“Bir iynə vurdum, görməyim yaxşılaşdı. 60%! Əla oldu! Bu mənə bəsimdir!” 

Gedir. Səhlənkarlıq eləyirlər, məsuliyyətsiz eliyirlər, taa bir də bir müddətdən sonra 3, 4, 5 aydan sonra görmə təzədən pisləşir, ondan sonra geri qayıdırlar. 

Geri qayıdanda artıq baxırsan ki, neovaskulyar qlakoma başlayıb, təzyiq çıxıb 50-60-a, artıq o gözü idarə eləmək, o gözün funksionallığını qazandırmaq çox çətin olur. 

Hətta artıq orada yuxarıda qeyd etdiyim kimi, bizim gözləntimiz nədir? Orada gözü göz kimi yerində saxlayaq. Artıq görməsi qalır bir qırağa. Biz görmə haqqında heç danışmırıq. “Gözü göz kimi yerində saxlaya bilərikmi?” bu bir. 

İkincisi, “Necə eliyək ki göz ağrılarını azaldaq?!’ 

Çünki dəhşət ağrısı olur. Hətta göz ağrısından xəstələrdə ürəkbulanma, heç bir dərmanla keçməyən ürəkbulanma, öyümə, qusma hadisəsi olur. 

Yəni, “Ağrıları azaldaq, ağrıları ortadan qaldıraq və gözü göz kimi yerində saxlayaq”. Artıq orada bizim gözlədiyimiz şey, yəni əldə eləmək istədiyimiz nəticə o olur. 

İkinci gözdə də tromboz əmələ gələ bilər

Əgər bir insanın bir gözündə tromboz oldusa, 30% halda eyni hadisə digər gözdə də baş verə bilər. 

Bu xəstələrə biz israrla “Tamam, göz üçün biz əlimizdən gələni eləyəcəyik. Amma siz mütləq bir kardioloqa və ya terapevtə gedin, həm qan təzyiqinə, həm də qanın qatlığına, həm xolesterin, lipid spektri, triqliseridə nəzarət etdin”. deyirik. 

“Yox, doktor, mən özümü yaxşı hiss eləyirəm. Yox, doktor, mənim bir problemim yoxdur. Mən şükür Allaha, top kimiyəm”. 

Yəni bizim sözümüzü ciddiyə almırlar və baxırsan bir müddətdən sonra, 3 ay, 5 aydan sonra digər göz də eyni şəkildə prosesə qoşula bilir. 

Son illər gözdə tromboz halları artıb

25 ildir göz həkimi işləyirəm. Əvvəllər trombozla ayda 1 dənə, 2 dənə xəstə gələrdisə, hal-hazırda trombozla gündə ortalama 5-6 xəstə! Allahın hər günü 5-6 trombozlu xəstə görürəm. 

Artıq daha gənc xəstələrdə də gözdə tromboza rast gəlirik

Əvvəllər tromboz 55, 60, 65 yaşlarındakı insanlarda daha çox rast gəlinirdi. Artıq günümüzdə 22-23 yaşlarda belə artıq trombozlu xəstə görə bilirik. 

Səbəbləri nədir? Ən böyük səbəb oturaq həyat tərzi, ən böyük səbəb, fiziki aktivliyimizin azalması, qidalanmağımıza diqqət etməmək və ümumi genetik xəstələrin getdikcə sıxlığının artması, sayının artması. 

Birinci misal: Mərkəzi vena tıxanması olan gənc pasiyentimiz

2 il bundan əvvəl bir xanım pasiyentimiz var idi. Santral retinal ven okklüziyası (CRVO) olmuşdu. Eynək taxandır, -4 eynəyi var. Eynəkdən azad olmaq üçün gəlib. Baxırıq, sol göz görmür və Allahdan nəsə hiss edib ki, narahatdır, deyib “Onsuz da elə çoxdan fikirləşirdim, yəqin ki, eynəyə bağlıdır, gedim elə əməliyyat olum, canım qurtarsın”

Sol göz tromboz, heç bir şey görmür. Təsəvvür edin! Bütün duman içərisində. 1%-ə qədər görməsi var, təsəvvür eləyin. Və bu xanıma deyirik ki, nəsə bir probleminiz var. Qəbul eləmir ki: “Yox, mən özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır”

Göndərmişik kardioloqa. Kardioloq “220 təzyiqi var” deyir. Təsəvvür eləyin, 220 təzyiqi var, pasiyentin hələ xəbəri yoxdur təzyiqin olduğundan. “Mən həmişə elə belə gəzmişəm, ay doktor” deyir. Təsəvvür edin! 

Şükür Allaha, o toparlandı. Kardioloqla ortaq işlərimizi gördük və onlar sonra xaricə köçdülər. 

1 il sonra kontrola gəlmişdi şəklini də çəkmişdik… Özünə də deyirəm ki, kimsə, əvvəlki mənzərəni görməsə idi, kimsə indi bu dəqiqə baxıb gözə deyərdilər ki, “Yox o vaxtı heç belə bir şey olmayıb!” Cavan idi deyə toparladı. 

Söhbəti nəyə gətirirəm? Bəzən problemləri olur, qan təzyiqi, laxtalanma… İrsiyyətdən gələn. Amma ona əhəmiyyət vermirlər və ya üstünə düşmürlər. 

Burada artıq o “check-up müayinələri” deyilir. Check-up müayinələrin əhəmiyyəti həqiqətən çox önəmlidir. Ən azından belə ümumi bir skrininq edib, qlobal, kobud problemlərin vaxtında aşkar olunub həll olunması üçün çox önəmli bir mövzudur. 

İkinci misal: “Sizin bu gün yaşamağınız belə möcüzədir”

Bir az da uzatmaq istəyirəm. Üzrlü sayın, bəlkə də insanlar bezəcək… Amma mənim üçün narahat olduğum mövzudur. 2 il bundan qabaq… Adını da qeyd edəcəyəm. May ayında bir xanım gəlib. Adı Vüsalə. 43 yaşı var. 

– Şikayətiniz nədir?

– Yaxını yaxşı görmürəm

Yaxına bir eynək yazdım, gözü müaynəsində damarların vəziyyətinin çox pis olduğunu gördüm və 

– Damarlarla bağlı çox ciddi probleminiz var. Mütləq bir kardioloqa gedin, görüntü çox ciddidir.

Hətta işlətdiyim cümlə belə yadımdadır: 

– Vüsalə xanım, sizin hal-hazırda yaşamağınız bir möcüzədir. 

Gözün dibindəki damarları görüb, o vəziyyətə baxıb, əgər gözün damarları bu gündədirsə, beyin damarları da bu gündəyir, mədəaltı vəzi damarları bu gündədir, ürək damarları da bu gündədir. Bir az baxdım, mövzu ona çatmadı. Bir az daha oyandırım deyə cümləni də belə dedim.  

– Sizin bu gün yaşamağınız bir möcüzədir. Çox xahiş edirəm, ən yaxın vaxtda bir kardioloqa gedin, bu işi araşdırın. Sizin probleminiz var

– Ay doktor… Yox e, özümü çox yaxşı hiss eləyirəm. Bir dənə mənim yaxında problem var, yazı pozuda. Sən mənə bir dənə eynək yaz, mən çıxım gedim.

Eynək yazdıq, çıxdı getdi. Ondan sonra təxminən bir ay, ay yarımdan sonra qızartısı var idi, onun üçün gəldi. 

– Həkimə getdinizmi? 

– Yox doktor, mən hər şey yaxşıdır. Mən həkimdə neynəyəcəm? Gözüm qızarıb, qrip olmuşdum, qripdən sonra gözüm qızardı. Dərman yaz, mən çıxım gedim. 

Dərmanı yazdım. Yenə də tənbehlədim “mütləq gedin” deyə. 

Sentyabr ayında başqa bir pasiyent mənə zəng elədi. Tanıdığım… Uşaqlarını gətirəsi idi. “Uşaqları nə vaxt gətirim?” deyə… 

– Doktor, xəbərin var? O Vüsalə rəhmətə getdi!

Deyirəm, 

– Vüsalə kimdir? 

Deyir, 

– Filankəs də.. Yadındadır?

Demək ki, Elnur onu mənə göndərib. Elnurun qohumu imiş. Elnur deyib ki, “Rəfadar dokturun yanına get”.

– Onu mən göndərmişdim. O vaxt, o Vüsaləni. Yadındadır? Sən demişdin ki, ‘Sənin yaşamağı möcüzədir’

Həmin xanım, 43 yaşında oturduğu yerdə, su içən yerdə, əlində stəkan… Tromb tutub gedib. 

Çox pis oldum, özümə gələ bilmirdim. Bəlkə də bir ay onun o gərginliyi, stresi ilə yaşadım. İki deyəsən… İki dənə uşağı var imiş, balaca uşaqları. Yəni bu damar problemi elə bir mövzudur ki, bunun üstünə düşülməlidir. 

Niyə bu misalı dedim? Yenə də buradan… Bəlkə də insanlar bir az həkimlərə güvənsizlikləri var. Amma vallah, billah, o güvənsizlik mövzusunda 80% xəstələrin özünə aiddir güvənsizliyin səbəbi. Həkimə bağlı deyil. Yəni, əgər həkim sizi bir mövzuda xəbərdarlıq eləyirsə, uyarırsa, mütləq onun üstünə düşüb o mövzunun dalınca gedin. Onun damarlarından mənə nə? Bir insanlıq borcumdur. 

Mən dedim ki, “Ay xanım! Bax, sizin, belə bir probleminiz var, üstünə düşün!” Digər insanlar da. Əgər hər hansı bir həkim onlara xəbərdarlıq edibsə, həkimin dediklərinə riayət eləsinlər. 

Üçüncü misal: Həkim dostumun anası

Hətta bir dənə misal danışım. Bir həkim dostumuz var, stomatoloq. Onun anası… Bir göz tromboz oldu, hər şeyi anlatdıq, iynəsini vurduq, görməsi yaxşılaşdı, dərmanlarını içir, kardioloqa gedir. 

Bir müddətdən sonra bəlkə bir ildən sonra digər gözündə tromboz oldu. Allahdan şaxə damarların trombozu idi. 

– Bəs dedim axı sizə… Dərmanlarınızı içməlisiniz. 

– Doktor, inandırım səni! Bax, bir ildən çoxdur, bir gün belə qaçırtmırdım… 

Həmin günü, səhər yuxudan qalxanda kimsə zəng eləyib bir bəd xəbər, “filankəs rəhmətə gedib” deyib. Bu da başı alovlu deyir, 

– Heç dərman-zad da yadıma düşmədi. Elə tələm-tələsik evdən çıxdım, yas yerinə getdim və günorta saatlarında tıpp… Baxdım gördüm ki, digər göz getdi. 

Yəni bircə gün belə dərmanı istifadə etməyəndə bu hadisələr başımıza gələ bilir. O 10 xəstədən 3-də, yəni 30%-də “digər gözdə də oxşar hadisə baş verə bilər” dediyimizin məqsədi budur. Yəni həkimlərin dediyinə ciddi riayət eləsinlər. 

Dördüncü misal: Sözə qulaq asan pasiyent

Bir xəstəmiz var Qəbələdən… Bir neçə dəfə eyni gözdə təkrarlandı. Həkimə getməyinə baxmayaraq! Çox sözə qulaq asan pasiyentdir. Amma mövzu nədir? 

Bəzən olur ki, həkim qanduruldan yazır, amma qanduruldanın dozası onun üçün yetərli olmur. Bu nə deməkdir? 

Həkim baxdı pasiyentin qanı tez laxtalanır, bir qanduruldan yazıldı. 75 mq-lıq filan dərman yazıldı. Bir neçə müddətdən sonra gedib təkrar analiz verilməlidir. 

– Mən bu dərmanı içdim, görəsən laxtalanma normaya düşdü, yoxsa yox? 

Əgər normaya düşməsə, artırmaq lazım ola bilər və ya molekul dəyişmək ola bilər. Tamamən fərqli bir dərmana keçmək ola bilər. Yəni bu mövzularda bir az sıxıntılarımız olmuşdu. Yəni 2-3 dəfə o pasiyentdə təkrarlandı hadisə. Amma şükür Allaha, yenə toparlandı.

Dərc edən

Burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir