Əməliyyat olan xəstə gözünü açanda görmə keyfiyyətindəki fərq necə olur?
Bu suala necə cavab verə bilərəm?
Görmə keyfiyyəti insandan insana çox dəyişir. Niyə?
Kataraktanın (mirvari suyunun) sərtliyi və olduğu bölgəyə görə xəstə var ki, əməliyyatdan qabaq sadəcə gözün önündə əl hərəkətini hiss edir, 1% belə görməsi yoxdur. Əlbəttə ki, bunlar əməliyyat olandan sonra çox fərqli olur.
Onlarda da yenə əgər çox yetişmişdirsə və əməliyyatın gedişatı uzanıbsa, çünki çox sərtləşənləri təmizləmək vaxt apara bilir. Vaxt aparınca toxumalarda ödəmlənmə olur. Bəzən onlar gözü açanda da duman çox olur deyə ödəmdən dolayı, fərqi çox da tuta bilmirlər. Bir neçə günə ödəm azalır, görmə açılır. Amma ödəm olmasa, fərqi çox bariz hiss eliyirlər və onların emosiyalarını görməyinizi istəyərəm.
Əksəriyyətdə “vauuu…” effekti olur
Hə, elə xəstələr var ki, fərq azdır, xəstə tutaq, 30% görür, amma kataraktası var, əməliyyatdan sonra 100 faizə çıxır. Bunlar da: “Aaa… Doktor, çox aydınlaşdı. Çox rahat oldum”. Bəziləri var, 80 faiz görür, keyfiyyətsiz görür, açınca 100 faizə çıxır, onlar üçün çox maraqlı olmur.
Bəzi xəstələr var, sırf kataraktadan dolayı yox, başqa xəstəlikdən, başqa problemlərdən dolayı əməliyyat etdirirlər, onlarda heç fərqi olmur, eyni şeydir, əməliyyatdan əvvəl əməliyyatdan sonra.
Yəni insandan insana patologiyanın, növünə, dərəcəsinə görə əldə etdiyimiz görmə keyfiyyəti fərqli olur.
Təcrübədən soruşsanız…. Xəstələrin böyük əksəriyyəti, 90 faizdən çoxu “vauu…” effekti. Hər halda bəlkə belə bir şey eləmək lazımdır. Xəstələri əməliyyatdan sonra 2 saat saxlayıb, 2 saatdan sonra açıb kameraya, telefona çəkib onu paylaşmaq lazımdır.
Proqnozsuz xəstələrin necə gördükləri mənim özüm üçün də maraqlı olur
Əksər hallarda mənə maraqlı olur, standart xəstələr yox, qeyri-standart xəstələr olur ki, mənim özümə də çox maraqlıdır. Görəsən bu necə olacaq? Nə ilə qarşılaşacağam? Görəsən görəcəkmi?
Çünki proqnozsuz xəstələr olur. Əməliyyat eləyirsən, amma bilmirsən xəstə görəcək, yoxsa yox? Problem təkcə mirvari suyudur, yoxsa başqa problem də varmı, yoxdurmu?
Xəstə hansı həyəcanla nəticəni gözləyirsə, sən də həkim olaraq eyni həyəcanla nəticəni gözləyirsən. Mən xəstələr qədər səbirli deyiləm. Xəstələri evə yola salmadan artıq özüm düşürəm, sarğını açıram. “Nə var, nə yox, nə təhərsən?” O emosiyanı yaşayırıq xəstə ilə bir yerdə. Ondan sonra bağlayıb yola salırıq. Əməliyyat zamanı istənilən stressli bir vaxt keçirmiş oluruq, o stressi unutdurur bu müsbət emosiyalar.
“O biri gözümü də əməliyyat elə!”
Yəni əksəriyyətində nəzərə alınacaq qədər fərq olur xəstələrin. Hətta belə maraqlı bir neçə dənə hal olub yadımda qalan. Xəstənin birisi gəlib, daha əvvəllər müdir vəzifəsində işləyib. Bir az sərt davranır. Adını demək istəmirəm. Mövzular bilinəcək.
– Filankəs müəllim, gözünüzdə katarakta var.
– Mənim heç nəyim yoxdur!
– Müəllim katarakt….
– Yox, mən çox yaxşı görürəm!
– Əstəğfürullah!..
Nə isə, pişim pişim pişim pişim… Mən görürəm axı, bu adam hansı keyfiyyətdə görür?! Mən bilirəm, onun görmə keyfiyyətini. Sadəcə olaraq katarakt yavaş-yavaş əmələ gəldiyinə görə o hala adaptasiya olurlar.
Elə bilin ki, bir zaldır, zalda 1000 dənə lampa var, hər səfər bir lampa partlayır, hər səfər bir lampa partlayır. Sənə elə gəlir ki, hər şey normaldır, əslində normal deyil. Qıraqdan kimsə görəndə deyir ki,
– Bura nə yaman qaranlıqdır, siz niyə burada oturmusuz?
Amma adam elə bilir ki, elə normaldır, əvvəlki kimidir. Bu xəstələr də eyni şəkildə.
Hətta mənə bir cümlə demişdi ki:
– Mənim sənin kimi 65 min nəfər işçim var!
Belə bir cümlə demişdi yəni. Kobudmu deyim, necə deyim? Belə bir şey.
Nə isə pişim-pişim, pişim-pişim… Əməliyyat elədik. Səhəri gün gəlib:
– Bu birisini də elə!
– Bəs deyirdin, yaxşı görürəm? Nə oldu?
Yəni həqiqətən çox fərq olur əməliyyatdan sonra. Və elə pasiyentlərin əksəriyyəti də, yəni sən yalvara-yalvara bir gözünü elətdirirsən ki, qoy bir baxsın görsün. O biri gözünü bir həftə sonra eliyək deyirəm.
– Yox, yox, yox. Bir həftə, dözə bilmərəm, tez elə.
Yəni o fərqi tuturlar. O görmə keyfiyyəti çox artır, çox dəyişir.
Ona görə, elə buradan da yeri gəlmişkən, tövsiyəm: əgər katarakt əmələ gəldisə, görmə keyfiyyətinizi artıq aşağı salmağa başladısa, qorxmasınlar. Çünki bu əməliyyat proqnoz olaraq yüksək faizlə nəticə əldə olunan əməliyyatdır. Yəni qorxulu və narahat olmalı bir əməlliyat deyil. Əlbəttə ki, buradakı nüans doğru seçim məsələsi… O çox önəmlidir. Buna görə diqqətli olsunlar, amma əməliyyat elətdirsinlər. Faydasını görərlər.