Yenidoğulmuşları iki qrupa bölmək olar: Normal fizioloji inkişaf dövrünü tamamlamış, yəni 9 aylıq hamiləliyi tamamlamış yenidoğulmuş körpə və 9 ayın tamamlamamış, yəni erkən doğanlar.
9 aylıq normal inkişaf periodunu keçmiş uşaqlarda doğuşdan həmən sonra ümumi qəbul olunmuş göz müayinələri aparılmalıdır.
Bunların içərisində ən birinci yerdə gözün xarici görünüşü, qapaqların vəziyyəti, göz yaşı axacaqları kanal, onun vəziyyəti, buynuz qişanın vəziyyəti və gözün ümumi inkişaf halı. Daha sonra bəbək böyüdülməlidir, göz daxili təzyiq ölçülməlidir və torlu qişanın vəziyyəti dəyərləndirilməlidir.
Bu müayinələrdə hər şey normaldırsa, ondan sonra, əgər gələcəkdə valideyn hər hansı bir şəkildə şübhələnməsə, bir problemlə əlaqədar, normal müayinə, bir də ildə 1 dəfə, yəni 1 yaşında, 2 yaşında… o şəkildə aparılır.
Amma patoloji bir hamiləlik keçirilibsə və ya 9 aydan daha erkən bir periodda doğulmuş uşaqdırsa, bu zaman müayinələr bir az daha fərqli şəkildə aparılır.
Xüsusilə də, biz ROP müayinəsi dediyimiz… 34 həftənin altında doğulmuş uşaqlar, çəkisi 1800 qramın altında doğulmuş uşaqlar mütləq ROP müayinəsi olunmalıdır.
ROP müayinəsi – yenidoğan göz dibi müayinəsidir. Həm doğuş vaxtı, həm doğuşdan 4 həftə sonra… Əsas müayinə 4 həftə sonradır.
34 həftənin altında doğulan uşaqlar küvezdə və oksigen altında olduqlarına görə onların torlu qişanın inkişafında və damarlanmasında çox ciddi problemlər əmələ gələ bilir. Ona görə 4-cü həftə müayinədə, retina müayinəsində retinanın inkişafına və damarlanmasına fikir verilir.
Əgər damarlanma anormal gedərsə və işemik zonalar çox olarsa, bu, gələcəkdə problemin qabaracağını göstərir.
Yox, əgər retinanın inkişafı normaldırsa, damarların inkişafi normaldırsa və işemik sahələr yoxdursa, bu o deməkdir ki, gələcəkdə çox ciddi problem yaşanmayacaq.
Ümumiyyətlə, yenidoğanın, hətta yarımçıqdoğanın kilosu nə qədər aşağı olarsa və nə qədər aşağı həftədə dünyaya gəlmiş olarsa, bunlarda ROP olma ehtimalı daha yüksəkdir. ROP-un da mərhələlərinə görə müalicə taktikası dəyişir: ya lazerlə və ya iynə ilə. Hətta bəzi hallarda 4-cü mərhələdə və sonraki hallarda artıq cərrahi əməliyyat şərt olur.
Və çox təəssüf ki, belə uşaqlarda gələcəkdə görmənin olması çox çətin olur.
Bəs normal doğan uşaqlarda, yəni 9 aylıq hamiləlik periodunu tamamlayıb, normal doğuşla nəticələnən hamiləliyin nəticəsində dünyaya gəlmiş uşaqlarda?
Bayaq sadaladığım müayinələrin əgər hər hansı birində problem yoxdursa, ildə bir dəfə kontrol… Amma onların hər hansı birində problem varsa, məsəl üçün, daha çox rast gəlirik biz anadangəlmə qarasu – qlaukoma, anadan gəlmə katarakta və ya gözün inkişafdan qalması, qapaq problemləri və gözyaşı kanal problemləri.
Burada vurğulamaq istədiyim – çox təəssüf ki, yeni doğulanların detallı göz müayinəsi tam aparılmır və bu, olan problemlər istər qlaukoma olsun, istər katarakta olsun, istər yaş kanalı problemi olsun, əksəriyyəti nəzərdən qaça bilir.
Uşaq doğulandan sonra xəstəxanadan evə yazılanda valideynlərin bu problemlə əlaqədar məlumatları əksər halda olmur və bir müddət keçəndən sonra, 2-3 ay keçəndən sonra valideynlərin xəbəri olur. Artıq əgər katarakta varsa, bəbəyin ortasında bozarma hiss edirlər, qlaukoma varsa, gözün həcmində böyüklük hiss edirlər və ya hər hansı bir refraktiv qüsur varsa, uşaqda çəpgözlük hiss olunmağa başlayır… Ancaq bundan sonra təkrar bir də göz həkiminə müraciət edirlər.
Gözəl olar ki, uşaq xəstəxanadan evə yazılmadan, müayinə detallı aparılsın və valideyn problemlə əlaqədar məlumatlandırılsın.
Çünki adi kataraktanı misal götürsək, vaxtında aşkarlanmamış katarakta gələcəkdə əməliyyat olunmuş olsa belə, çox cüzi bir görmə, yəni 2%-3% bir görmə ilə nəticələnə bilinir ki, bu da praktiki olaraq həmin gözün korluğuna gətirib çıxarda bilir.
Və ya anadan gəlmə qlaukoma, əgər vaxtında üstünə düşülüb müalicə düzgün aparılarsa, sanki heç bir şey olmamış kimi o uşaq gələcəkdə həyatını davam etdirə bilər.
Amma gecikmiş halda sinirlər sıxılır, göz ölçü olaraq dəyişir və əlavə problemlərlə fəsadlaşırsa, xəstəlik, çox təəssüf ki, bu gözlər də yenə də korluqla nəticələnir.
Yekunlaşdırım. Həm valideyn olaraq, həm biz həkimlər olaraq yeni doğulanların göz müayinələrində çox diqqətli olmalıyıq və məncə, heç bir detal, heç bir nüans nəzərdən qaçırılmamalıdır.
Çünki valideynlər gəlirlər, əksəriyyətindən soruşursan:
- Problemi nə vaxt hiss eləmişdin?
- Doktor, əslində mən 2 aylığında, 1 aylığında hiss etmişdim, amma dedim ki, hər halda normal bir şeydir…
Və yaxud da
- Ciddiyə almadım.
Ən balaca bir narahatlığı belə, şübhələndilərmi mütləq göz həkiminə müraciət etsinlər ki, o şübhəni ortadan qaldırsınlar.
Əgər problem varsa, vaxtında üstünə düşülsün, yox problem yoxdursa, valideyinlər də içləri rahat, sakit olsunlar ki, uşaqda hər şey qaydasındadır.
Həm xəstəxanadan çıxanda, həm də ki illik kontrollarda göz check-up aparılması çox həyatı əhəmiyyətlidir.