Göz xəstəliyi yoxsa nevroloji problem

Uşaqlarda göz problemləri ilə yanaşı nevroloji problemlər olarsa, necə davranmaq lazımdır? Yəni göz xəstəlikləri ilə nevroloji problemlərin ortaq nöqtəsi varmı? Xüsusilə də, uşaqlarda…

Əlbəttə ki, böyüklərdə fərqli gedir, uşaqlarda fərqli gedir. Gözün bir görmə orqanı kimi kamera sistemi var, optik sistem. Daha sonra görüntü sinir sisteminə ötürülməkdən ötrü sinir impulslarına çevrilir. Yəni gözün uzantısı artıq sinir toxuması olur. Gözlə sinir sistemi bir-birilə əlaqəlidir. Hətta biz deyirik, göz sinir sisteminin, beynin çölə çıxan uzantısıdır. Xüsusilə, uşaqlarda daha çox bu əlaqəni görürük çəplik mövzusunda. Göz hərəkətlərində əzələlərə aid bir problem yoxdursa, çəpliklərin böyük hissəsi nevroloji problemlərlə əlaqəli olur və ən çox yaşadığımız problemlərdən biri sərhəd aydınlaşdırılmamış olur. Yəni uşaqda nevroloji problem var, illərdir göz həkimində müalicə alır və bir nəticəyə varılmır və ya əksinə, uşaqda göz problemi var illərdir nevroloji müalicə alır, dərmanlar istifadə edir. 

Elə uşaqlar gəlir, təsəvvür edin, 6 aylığından 4 yaşına gəlib, çatıb, 3 ildir bu uşaq nevroloji dərmanlar istifadə edir. Düşünə bilirsinizmi, bunların qaraciyərinə, orqanizminə nə qədər zərərlər verilir. Biz həkimlərin ortaq işləri, məncə, o sərhəddi təyin etməkdir. Ən böyük problemimiz bu sərhədin kəskin təyin olunmasıdır. Çünki əgər gözə aid bir problem varsa və ya gözə aiddirsə, nevropatoloqda illərlə vaxt itirməməlidir, nevroloji problem varsa, oftalmoloqda – göz həkimində vaxt itirilməməlidir. 

Bunun səbəbkarı, çox təəssüf ki, əksər hallarda biz həkimlər oluruq, xəstələri düzgün yönləndirmirik və ya o sərhədi düzgün təyin etmirik. Amma bəzi hallarda da valideynlər olur. Reallıqdan uzaqlaşmağa çalışırlar: “Yox, bizim nəsildə gözdə heç bir problem yoxdur, bu hər halda nevroloji problemdir”. Nevroloji də bir az müalicə alınır, çəplik müvəqqəti olaraq düzəlir, fikirləşirlər ki, bu doğrudan da nevroloji problemdir. O istiqamətdə müalicələrini davam etdirirlər. 

Uşaqlar doğru həkimə yönləndirilməlidir

Biz əvvəlki görüşlərimizdə, çəkilişlərimizdə qeyd etmişdik binokulyar görmə problemini. O binokulyar görmə problemi maksimum 3 yaşına qədər formalaşır. Hətta 7-8-ci aydan formalaşmağa başlayır. O yaşlarda göz mütləq ortada olmalıdır. Artıq əgər nevroloji problemdirsə, nevroloji müalicə alınıb göz ortaya qoyulmalıdır, yox, gözə aid bir problemdirsə, göz müalicəsi – ya eynəklə, ya əməliyyatla göz ortofaliya deyirik, orta vəziyyətə qoyulmalıdır ki, çəplik problemi aradan qalxsın və binokulyar görmə formalaşmış olsun.

Burada əsas mövzu valideynlərin üzərinə düşür. Doğru yönləndirmək, yəni əgər bir göz problemi varsa, nevropatoloqa getsinlər, amma bir göz həkimindən də məsləhət alsınlar. Yəni dəqiqləşdirilsin ki, nevroloji problemlə yanaşı göz problemi varmı deyə. Sərhəd bəlli olduqda vaxt itirilmir, binokulyar görmə problemi olmur. Dediyim kimi, artıq 3-4 yaşında aydın olur ki, sən demə, problem gözə bağlı imiş və o uşaq artıq göz həkiminə gəlməyə başlayır, onda da əksər hallarda iş-işdən keçmiş olur. Biz sadəcə estetik iş görmüş oluruq. Yəni binokulyar görmə stereo görmə funksiyalarını bərpa edə bilmirik deyə o uşağı ömür boyu stereo görmədən məhrum etmiş oluruq. Bizə aid bir şey deyil, yəni prosesin gecikməyinə bağlıdır.

Tövsiyəmiz vaxtında, doğru yönləndirilmək və düzgün müalicə almaq, bununla da neçə insanın gələcəyini xilas etmək olar, əlbəttə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir