keratokonusun-proqressivlesmesi

Keratokonusun proqressivləşməsi

Növbəti mövzumuz: “Keratokonusun proqressivləşməsi.” 

Yəni yaş dövrlərinə görə keratokonusun getdikcə proqressivləşib pisləşməsi.

Əvvəlki yazılarda qeyd etmişdik. Keratokonus aşağı yaşlarda başlayır əksər hallarda və dekadalardan asılı olaraq xəstəliyin proqressiya sürəti dəyişir.

Nə qədər erkən yaşda xəstəliyə tutularsa, o dövrlərdə xəstəliyin pisləşmə sürəti daha yüksək olur. Yəni, 10-20 yaşlar arası xəstəlik, bəlkə də, günlər müddətincə, günlər keçdikcə sürətli şəkildə pisləşir. 20-30 yaş arasında həftələrlə pisləşmə gedir, proqresiya, 30-40 yaş artıq aylarla pisləşmə gedir.

Bunu bir balaca izah etmək istəyirəm. 

Xəstə gəldi, müayinə etdik. 18 yaşında bir xəstədir. Keratokonus diaqnozu qoyuldu və təcili zaman itirmədən əməliyyat olunmasını tövsiyə etdik. Xəstə: “Doktor, ayın axırı mənim imtahanım var. Olar ki, imtahanı verim, daha sonra əməliyyata gəlim?”

Mən həkim kimi o adama: “Olar. Get imtahanını ver, gəl” demək haqqım yoxdur. 

Çünki o müddətdə belə, yəni bir neçə həftənin içərisində belə xəstənin görmə faizində hiss olunacaq dərəcədə azalma müşahidə oluna bilər və o məsuliyyətin altına biz girə bilmərik. 

Amma yaş 30-u keçmiş olarsa belə, bir xəstə: “Doktor, mənim bəzi işlərim var görülməli. Olarmı gedim işlərimi görüm, təkrar gəlim?” Bəli, onlara 1 ay, 2 ay, 3 aya qədər möhlət vermə haqqımız var.

Hətta bu xəstəliyin 40 yaş ərəfəsində 99,9% stabilləşdiyi bildirilir və xəstələrin yaşı əgər 40 yaş ərəfəsindədirsə, hətta biz özümüz xəstələrə tövsiyə edirik: “Hələ gəlin tələsməyək. Bir müşahidə altında saxlayaq. Bu gün müayinə etdik, diaqnozu qoyduq. 6 ay sonra təkrar bir də müayinə edək. Müayinənin nəticələrinə görə əgər proqressiya varsa, yəni pisləşmə varsa, keratometrik dəyərlərdə, hə, o zaman əməliyyat tövsiyə edəcəyik.”

Amma aşağı yaşlarda, hətta öncəki yazılarda da qeyd etmişdim: 8, 9, 10 yaşında belə bizim pasiyentlərimiz var. Bu pasiyentlərdə bizim möhlət vermə haqqımız yoxdur. Yəni xəstəyə diaqnoz qoyulduğu elə ilk dövrdə, günlər içərisində əməliyyat olunmalıdır. Çünki bu xəstəlik günlər içərisində belə pisləşə bilir.

Hətta belə misal verə bilərəm sizə. İllər öncə bir xəstəmiz var idi, haradasa 2007-2008, tam xatırlamıram. Bir xanım gəldi, oğlunu gətirdi. Xanım özü həkim idi. Yəni çox üzüldüm. Ona görə heç yadımdan çıxmır bu xəstə. Oğluna keratokonus diaqnozu qoyduq. Xanım qəbul etmək istəmədi. “Bu mənim oğlumdur, mən həkiməm, mənim oğlum… Mənim oğlumda belə bir xəstəlik ola bilməz” deyə. Biz lazım olan məlumatı verdik və yönləndirdik. 

Xəstə getdi, 8 aydan sonra təkrar geri döndü. İlk görüşümüzdə xəstənin görməsi 80% idi. Yəni o zamanlar biz əməliyyat etmiş olsa idik, o ilk müayinədə pasiyentin görməsini 80 faizdə qoruyub saxlayacaqdıq. Amma 8 aydan sonra gəlincə xəstənin görməsi 10 faizin altına düşmüşdü. Yəni gözünü sıxıb ancaq 9-10% belə bir görmə əldə edir. Rahat baxmaqla 1 faizi keçmirdi görməsi və o yaşda bir insanın o hala düşməsi, əlbəttə ki, bizi çox incidir.

Misalı niyə dedim? Digər insanlar üçün misal olsun deyə…

Və ya başqa bir pasiyentimiz. Yenə də Naxçıvandan gəlmiş bir pasiyentimiz var idi. O da cavan oğlan idi. Yaşını tam xatırlamıram, amma 20 yaşın altında idi. Çünki universitetə daha yeni başlamışdı. O pasiyentə də yenə keratokonus diaqnozu qoyduq. Zaman itirmədən əməliyyat olunmasını tövsiyə etdik. İki ildən sonra gəldi o xəstə. O da yəni ilk görüşdüyümüzdə görməsi yüksək idi, 90-100% ərəfəsində bir görməsi var idi. Amma iki ildən sonra gəlincə özlərinə görə: “Getdik İranda, orada müalicə aldıq. Filan yerə getdik, bunu etdik, onu etdik…” Artıq o oğlanın da görməsi 20 faizin altına düşmüşdü. 

Yəni bu misallar istənilən halda bizi üzür. Yəni bir insanın, 90-100% görən bir insanın bir neçə il içərisində 10 faizə, 15 faizə, 20 faizə qədər görməsinin düşməsi… Bir də digər yazıda da qeyd etmişdim görmə faizi bunlarda vacib deyil. Yəni o xəstə ola bilsin gözünü sıxıb 60% görə bilər. Yəni bu 60% normal görən insanın 3% keyfiyyətində deyil. Yəni belə bir həyat olmaz, bir insan belə yaşaya bilməz. Bir düşünün, bu baş ağrısını.

Yəni mən bir səfər özümü onların yerinə qoydum. Dedim görüm nə qədər dözə biləcəyəm? 10 dəqiqəni keçmədi. Bütün hər yerim, göz ətrafı hər yer, başım ağrımağa başladı.

Əgər vaxtında aşkar olunubsa, artıq bu bəllidir, gedəcəyi yer bəllidir, hara gedəcəyi bəllidir. Məncə, özlərini təhlükəyə atmasınlar. 

Hə, nə ola bilər? Bəlkə də, bir fərqli həkimlərin fikirini ala bilərlər. Amma çox uzatmadan problemlərini həll etsinlər. Həll eləsinlər ki, o hala gəlib çıxmasın.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir