Eksimer lazerdən sonra: Refraktometriyada çıxan yanlış rəqəm

Eksimer lazerdən sonra: 9) Refraktometriyada çıxan yanlış rəqəm

Hər vaxtınız xeyirli olsun. Bu gün yenə də – “Eksimer lazer əməliyyatlarından sonra gözləmədiyimiz nəticələr”.

Bunları təcrübəyə dayanıb toplayıram. Yəni pasiyentlər geri döndükdə bəziləri şikayətlənir, bəziləri maraqla soruşurlar, ona görə istədim bunu paylaşım. Çünki ola bilsin ki, kiminsə başına gələr sadəcə rahatlasınlar, gərginləşməsinlər deyə… Çünki rahat olduqda proseslər daha sürətlə səhmana düşür.

Bəzi xəstələr gəlir: “Aaa… Doktor, mənim gözümü aparata saldılar. Mənim gözümdə mənfi 1 var imiş” və ya “Doktor, mən getdim nə bilim filan yerdə mənə dedilər ki, sənin əməliyyatını yaxşı etməyiblər. Sənin gözündə mənfi 1,5 qalıb.” Paniklə gəlirlər:

  • “Axı mən əməliyyat etdirdim, niyə məndə mənfi 1,5 qalır?”
  • “Xoş gəlmisiniz. Buyurun zəhmət olmasa əyləşin. Necəsiniz? Siz ora getməmişdən qabaq və ya hazırda görmə ilə bağlı bir probleminiz varmı?”
  • “Yox, yox, yox qəşəng görürəm, əla görürəm, 100 faiz görürəm. Həkim də yoxladı, 100 faiz görürəm. Amma mən kağızımı da gətirmişəm, kağızımda niyə mənfi 1-dir?” Refraktometriya da “mənfi 1”, misal üçün.

Dərman tökülmədən çəkilən refraktometriya yanılda bilər

Əzizlərim, refraktomiyadakı rəqəmlər əgər dərman tökülmədən çəkilibsə, güvənilən rəqəmlər deyil. Bunu necə izah edirik? Gün ərzində bizim sinir sistemimizin gərginliyindən asılı olaraq dərəcə dəyişə bilir. Yəni çox emosional gərginik, yorğunuq, gecəni pis keçirmişik, yaxşı yatmamışıq spazm əmələ gəlir və spazmın nəticəsində də yanlış rəqəmlər göstərə bilir alət. Yəni xəstə 100 faiz görür, mənfi 1 kağızda, mənfi 1 çıxıb. mənfi 1 şüşə qoyuruq pisləşdirir, öz gözü ilə daha yaxşıdır.

Hə, bunun çıxış yolu nədir? Spazmı götürməkdən ötrü 3 dəfə 10 dəqiqədən bir dərmanımız damızdırılır, təkrar refraktometriya etdiririk 0.0-0.25, xəstəyə göstəririk, xəstə sakitləşir çıxıb gedir.

Görmədə akkomodasiyanın spazmı

Yəni əgər hər hansı bir yerdə başqa bir yerdə refraktometriya olunubsa və orada bir rəqəm görsənirsə, o bir problemə dəlalət etmir. Pasiyentlərdən ricam odur ki, həmən panikləməsinlər, soyuqqanlı davransınlar sualları, şikayətləri varsa, əməliyyat edən həkimə geri dönsünlər ki, “Bax belə bir sıxıntım oldu. Mənim görmək ilə bağlı problemim yoxdur, amma hər hansı bir yerdə, X yerinə getdim, alətdən keçdim, belə bir rəqəm çıxdı qarşıma.”

Bunun biz spazm – görmədə akkomodasiyanın spazmı deyirik. Əksər hallarda pasiyentlər o gərginliyi atandan sonra rəqəmlər normal rəqəmlərə dönür.

Antidepressantla müalicə

Bəzi hallarda bu, qarşılıqlı güvən olmayan halda pasiyent həkiminə güvənmir, gərginləşir, başqa-başqa həkimlərə gedir. Həkimlər də bəzilərinin mövzudan xəbəri var, bəzilərinin mövzudan xəbəri yoxdur və pasiyent getdikcə daha da gərginləşir, problem həll olmur.

Bir neçə dənə elə xəstəm var mənim. Elə olan hallarda da ən önəmli şey antidepressant müalicəsi. Antidepressanta da başlayandan 4 həftə sonra bütün problemlər tamamən ortadan qalxır.

Burada da tövsiyəm əgər rəqəm alətdə, refraktometriyada, kağızda hər hansı bir rəqəmlə qarşılaşılıbsa, o sənin əsl dərəcən deyil. Onu dəqiqləşdirməkdən ötrü yenə də bir həkim müayinəsində, ən gözəli öz əməliyyat edən həkimə dönsünlər, sikloplegiya olunsun, yəni bəbək böyüdülsün, spazma ortadan qaldırılsın. Ondan sonra dərəcələr daha dəqiq olsun. Belə bir rəqəm görərlərsə, narahat olmasınlar, istirahət edəndən sonra tamamilə ortadan qalxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir