Gözdə göynəmələr çox geniş bir məhfumdur. İki ana səbəbdən olur: 1) gözdəki quruluğun nəticəsində göynəmə, 2) bir də allergiyanın nəticəsində göynəmə və yaxud da konyuktuvit nəticəsində göynəmə.
Daha çox rast gəldiyimiz gözdəki quruluq nəticəsində əmələ gələn göynəmədir. Əksər hallarda bunu göynəmə, çox nadir hallarda elə quruluq şəklində hiss edirik.
Gözdə quruluğa bağlı göynəmələr
Bir neçə qrup səbəb var:
- Yuxuya bağlı problemlər. Az yatmaq, düzənsiz yatmaq, qırıq-qırıq yatmaq, dərin yata bilməmək. Bunlar hamısı ona aiddir.
- Mühitə aid problemlər. Əgər ya çox isti bir yerdirsə və yaxud da ki,hava nəmliyi çox qurudursa, belə olan hallarda da yenə quruluqla rastlaşırıq.
- Monitor işləri, kompüterlə işləyən adamlar, misal üçün. Onlar kompüterlə işləyirlər deyə nəsə rəqəmlər və yazılar diqqətdən qaçmasın deyə daha diqqətlə baxırlar və göz daha çox açıq qalır. Daha çox açıq qaldığına görə göz yaşı buxarlanır və quruluq müşahidə olunur.
- Sonra hər hansı bir xəstəlik nəticəsində olan quruluqlar. Tutaq ki, Şeqren xəstəliyi ola bilər, metabolizma problemi, bağırsaqdan sorma problemi, az su istifadə etmə, quru dəri. Onların hamısı buna aiddir.
- Bir də istifadə etdiyimiz dərmanların yan və əlavə təsiri olaraq gözdə göynəmə və ya quruluq.
Sadaladığım kimi bir neçə başlıq altında gedir.
Həkim tərəfindən differensasiya olunmalıdır. Quruluğun özünün müayinə metodları var. Müayinə metodları vasitəsilə göz yaşının kəmiyyət, keyfiyyət analizi və onun əsasında da xəstəyə tövsiyə verilməlidir: “Nəmləndirici istifadə olunsun.” Nəmləndiricilər də fərqli molekullardan ibarətdir. Bir neçə komponentli və ya tək komponentli gözyaşı damcıları, nəmləndiricilər var.
Əgər həyat tərzinə bağlı bir şeydirsə, təkliflərimizi deyirik: “Yuxunuzu səhmana salın. İmkan daxilində, əgər əyləncə üçün istifadə edirsinizsə monitor işlərini azaldın”. Bu şəkildə bu problemlər həll olur.
Gözdə allergiya nəticəsində göynəmələr
İkinci qrup allergik konyunktivitlər və ya allergik bakterial konyunktivitlər. Bunlar birbaşa gözün özünə bağlı və ya qonşu orqanlara: qulaq-burun-boğaz problemlərinə bağlı da bu hal ola bilir. Belə olan hallarda nəmləndiricilərdən daha çox konyunktiviti ortaya çıxardan səbəbə qarşı aparılmış müalicənin nəticəsi daha effektiv olur. Əgər allergikdirsə, antiallergik dərmanlar və ya bakterial bir problemdirsə, antibakterial viral vasitələr istifadə edib bu problemi həll eləmək olur.
Gözdə qulaq-burun-boğaz problemlərinin səbəb olduğu göynəmələr
Daha çox praktikada rast gəldiyim göynəmələrin quruluqdan sonrakı 2-ci səbəbi: burun-boğaz problemi olan pasiyentlər.
İnana bilməyəcəksiniz nə qədər pasiyent gəlir: “Doktor, illərdir gözümdə göynəmələr var və illərdir getmədiyim həkim qalmadı, istifadə etmədiyim damcı qalmadı, amma mənim problemim həll olunmur.” Müayinə nəticəsində məlum olur ki, gözdə, hər şey qaydasındadır, quruluq yoxdur. Bütün parametrlər, hər şey normal daxilindədir, amma xəstə quruluqdan, göynəmədən şikayət edir. Belə olan hallarda, əksər hallarda altında qonşu orqanların qulaq-burun-boğaz problemi yatır.
Bu pasiyentləri biz LOR həkiminə qulaq-burun-boğaz həkimlərinə yönləndiririk, onlarla konsultasiya edirik və əksər hallarda da bu orqanlarda problem çıxır. O müalicə olunca 2-3 ay içərisində gözdəki göynəmə və quruluq da tamamən ortadan qalxa bilir.
Gözdə psixogen mənşəli göynəmələr
Çox nadir halda, çox nadir halda psixogen mənşəli – emosional gərginliyə bağlı olaraq, psixoloji stressə bağlı olaraq belə hallarla da qarşılaşırıq.
Bu necə olur?
Biz müayinə nəticəsində göz yaşına bağlı heç bir problem aşkar etmirik. LOR müayinəsində hər şey normal çıxır. Belə olan xəstələri psixoloq və ya psixoterapevtə yönləndiririk, onların konsultasiyası nəticəsində məlum olur ki, bu hadisənin altında yatan psixo-nevroloji bir problemlər yatır və onların da müalicəsi ilə bu problem tamamən ortadan qalxa bilir.
Yəni göz göynəmələri gün ərzində çox narahat edəcək mövzu olsa belə çarəsi var. Doğru yönləndirilmə ilə bu problem tamamən ortadan qaldırıla bilir. Şikayətləri varsa, həkimlərə müraciət etsinlər və həkimləri onları doğru, əgər gözə bağlıdırsa, doğru müalicə və ya doğru yönləndirmə edərlər və problemləri həll olar.