Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizə eksimer lazerin alt qrupları olan: LASIK, Femto-LASIK və SMILE. Bu üçünün kombinasiyası, bunların bir-birinə oxşar cəhətləri, fərqli cəhətləri və nə zaman hansına ehtiyac olduğu – bu haqda bir məlumat vermək istəyirəm.
Ümumiyyətlə, eksimer lazer metodlarının ən ilki fotorefraktiv keratektomi (Photorefractive keratectomy – PRK), son zamanlar ona bir marketinq adı gətirdilər – “no-touch” deyə. İkinci, LASIK metodu, flepli cərrahiyyə. Üçüncü, Femto-LASIK, flepi lezerlə düzəldilir və dördüncüsü, SMILE. Əslində davamı var, amma hal-hazırda bu 3 dənə: LASIK, Femto-LASIK və SMILE.
PRK-ə alternativ niyə yarandı?
Ümumiyyətlə, PRK-dən necə oldu ki, biz LASIK-ə keçəsi olduq?
PRK-də 2 dənə bizim problemimiz oldu. Birinci problem reqressiya problemi, yəni yüksək dərəcəliləri əməliyyat etdikdə mənfi 7, mənfi 8, mənfi 9… Əməliyyatdan sonra mənfinin bir hissəsi daha sürətli şəkildə geri qayıtmağa başladı və bu, istər-istəməz tədqiqatçıları narahat etdi.
İkinci, “haze” dediyimiz buynuz qişanın subepitelial bulanması. Xəstəni əməliyyat edirdik, əməliyyatdan sonra yüksək dərəcəli mioplarda, hipermetroplarda, buynuz qişada bir müddətdən sonra bulanmalar əmələ gəlirdi. O, bulanma da istər-istəməz görüntünün keyfiyyətini aşağı salırdı və əməliyyatın effektivliyini azaldırdı.
LASIK PRK-in problemlərini aradan qaldırmaq üçün yarandı
Bu iki problemi ortadan qaldırmaq üçün yeni bir metod işlənildi, hazırlandı və onun adı oldu LASIK. Əslində LASEK də var idi, LASEK bu gün çox da populyar olmadığı üçün nə vaxt vaxt olar onun haqqında danışaram. Hal-hazırda LASIK – flepli cərrahiyyə deməkdir, buynuz qişanın səthində flep qaldırırıq və flepi qaldırmaqla buynuz qişanın stromasından, səthdən nazik bir qapaq… İlk başlayanda 170, 180 mikronda başladı, daha sonra 160, 140, 120 və hal-hazırda 80, 90 mikronluq fleplərlə biz bu əməliyyatları icra edirik.
Bunun bir əvvəlki metoddan üstün cəhəti reqressiya ehtimalı minimuma endi və haze ehtimalı minimuma endi. Amma burada da özünəməxsus yeni sıxıntılar ortaya çıxmağa başladı.
LASIK metodunun zəif cəhətləri
Birinci, əsas sıxıntı “ektaziya” sıxıntısı – əməliyyatdan sonra buynuz qışanın yataq hissəsi, qalıq hissəsi daha az qalır və buynuz qişanın rezistentliyi azalır. Nəticədə buynuz qişa deformasiya olur. Ektaziya, keratokonus effekti verən ektaziyalar əmələ gəlir və gözdə quruluq əmələ gəlirdi deyə daha bu işi inkişaf etdirib… Bir də çox üzr istəyirəm, elə xəstələr olur ki, buynuz qişasının əyriliyindən əslı olaraq keratometrik göstəricisi 40-ın altında və ya 46-nın üstündə olan gözlərdə “buttonhole” və ya “free cap” dediyimiz patologiyalar, problemlərlə qarşılaşırdıq.
Bunları ortadan qaldırmaqdan ötrü Femto-LASIK deyilən bir cərrahiyyə təqdim olundu.
LASIK-in problemlərini aradan qaldıran Femto-LASIK metodu
Femto-nun LASIK-dən, digər klassik LASIK-dən üstünlüyü dediyim kimi, daha dik və ya daha yastı buynuz qişalarda da əməliyyatı icra edə bilməyimiz və daha incə flep qaldıra bilməyimiz.
Elə burada bir haşiyə çıxmaq istəyirəm. Bu Femto çıxan illərdə biz standart LASIK-lər üçün standart keratomlarda incə flep hazırlaya bilmirdik. 140, 160 mikronluq fleplər hazırlayırdıq. Amma Femto çıxandan sonra mikrokeratom istehsalçıları da mikrokeratomları inkişaf etdirdilər və hal-hazırda artıq biz mexaniki mikrokeratomlar vasitəsilə də 85, 90, hətta 80 mikronluq fleplər əldə edə bilirik. Yəni “Femto”nun bu hissəsini artıq keratom da icra etmiş olur.
İkinci, az öncə qeyd etdiyim əyrilik radiusu çox yastı və ya çox dik olan buynuz qişalar üçün “femto”lar tövsiyə olunurdu. Amma hal-hazırkı keratomlar vasitəsilə də daha yastı və ya daha dik buynuz qişalardan da flep əldə eləmək imkanı olur.
“LASIK, yoxsa Femto-LASIK?” – Həkim qərar verir
Yəni burada Femto və ya klassik LASIK – buna qərarı həkim verir. Pasiyentin qərar verməli durum deyil. Yəni əgər həkim müayinələrin nəticəsinə baxıb, “Yox, mən burada bu normal standart flepi hazırlaya bilmərəm keratomla, bunu mən Femto etməliyəm” – Həkim ona qərar verir. Və ya “Bəli, buynuz qişanın əyriliyi 46-dan yuxarıdır, 47-dir, 48-dir, amma mən keratom vasitəsilə mən flep əldə edə bilərəm” deyirsə, flepli icra edir.
Yəni bu “Femto”mu olsun və ya standart LASIK-mi olsun və ya SMILE-mı olsun yekunda bunu qərar verən həkimdir, xəstə deyil.
Elə hallar olur ki, ortaq hallar olur, bu xəstə həm Femto-LASIK ola bilər və LASIK – standart LASIK ola bilər. Onu xəstə ilə müzakirə edirik “Belə də ola bilərsən, belə də ola bilərsən. Hansını istəyirsən?” Müsbət-mənfi tərəflərini başa salıb ortaq qərara gəlirik. Amma əksər hallarda həkim qərar verir.
SMILE necə yarandı?
Digər müqayisə obyekti SMILE. SMILE da son zamanlarda çıxmış, təklif olunan bir əməliyyat metodudur. SMILE-ın ortaya çıxma səbəbi Femto-nun özunəməxsus problemlərini ortadan qaldırmaq idi. Az öncə qeyd etdiyim kimi, ektazi problemi idi, bir də quruluq. Bu problemləri həll eləməkdən ötrü SMILE-ı təklif elədilər.
İlk başda deyilənə görə SMILE-da ektazi olmamalı idi və quruluq olmamalı idi. Amma düzdür Femto-lardakı qədər olmasa belə… Onsuz da, Femto-da… Şəxsən mən hələ indiyə qədər nə standart LASIK-də, nə Femto-da hələ ektazi yaşamamışam. Onsuz da, ektazi çox nadir yaşanır. O nadir yaşanan problem SMILE-da da olur və ya quruluq yenə SMILE-da da olur.
Hə, SMILE-ın yenə fərqli bir məhdudiyyətləri ortaya çıxır. SMILE çox incə lentikulları – mənfi 1, mənfi 1,25, mənfi 1,5, onları icra etmək çətin olur və ya həddən artıq çox qalınları. Orta hesabla SMILE üçün uyğun olan pasiyentlər güclü quruluğu olan, gözün dərəcəsi mənfi 4 ilə mənfi 8 dioptriya arasında olan, imkan daxilində astiqmatı olmayan pasiyentlər bu qrupa daxildir. Və az öncə qeyd etdiyim kimi, SMILE-ı biz niyə tərcih edirdik, niyə seçirdik? SMILE-da ektazi olmayacaq, quruluq olmayacaq deyə. Amma son əməliyyatlar nəticəsi uzunmüddətli toplanmış məlumatlar göstərdi ki, hətta SMILE-da belə ektazi, hətta SMILE-da belə quruluq ola bilir.
SMILE adı pesiyentlərin xoşuna gəlir 🙂
Buna görə də illa da SMILE olmalıyam və ya Femto-LASIK olmalıyam. Məncə, pasiyentlər bunu bir az daha marketinq işi ilə qarışdırırlar. Yəni bu tibbi iş olmalıdır və qərarı həkim verməlidir.
Pasiyentlər bəzən gəlirlər:
– Doktor, mən SMILE istəyirəm.
– Bəli, SMILE edəcəyəm sənə. Amma SMILE nədir bilirsənmi?
Heç nə olduğunu belə bilmir. “Mən onu istəyirəm.” Adı xoşuna gəlir, ona görə.
Yəni məncə, bu mövzuda bir az daha ciddi davranmalıdırlar. O mövzuda həkimin tövsiyəsinə diqqət etməlidirlər. Yekunda əgər bu məsuliyyəti həkim boynuna götürürsə, əməliyyat metoduna da həkim verir və nəticəni də əlbəttə ki, həkim istədiyi nəticəni əldə edir istifadə etmiş olduğu metodlar vasitəsi ilə.
Yekunlaşdırım. Sizin hansı metodla əməliyyat olacağınıza həkim qərar verir, çox nadir hallarda bir neçə metoda uyğun olan pasiyentsinizsə, o zaman həkim sizinlə məsləhətləşib sizin fikirlərinizi də nəzərə alıb planlaşdırır.