“Katarakta ilə yanaşı digər xəstəliklər” seriyasında növbəti mövzumuz: “Pterigiumlu xəstələr”.
Pterigium nədir?
Pasiyentlərin əksəriyyətinin gözdə artıq ət olur. Güzgüdə də baxanda görürük o gözün qarası, buynuz qişa, kənardan, burun tərəfdən əksər hallarda, bir ət parçası buynuz qişanın üstünə doğru yerimiş olur və görmə keyfiyyətini aşağı salır. Onun adı Pterigiumdur. Azərbaycanca “qanadabənzər pərdə”.
Pterigium olan hallarda həm də katarakta varsa, necə davranmaq lazımdır?
Pterigiumun gözə verdiyi zərər
Birinci, pterigiumun gözə verdiyi zərər dəyərləndirilməlidir.
İki qrupa bölünür. Subyektiv zərərlər. Xəstənin gözü tez-tez qaşınır, sulanır, qızarır. Bunlar katarakt əməliyyatı üçün o qədər də önəmli deyil. Amma bəzən o buynuz qişanın səthində olub, dartır və buynuz qişada refraktiv qüsur əmələ gətirir. Yəni xəstənin baxırsan, sağ gözündə normaya yaxın, sıfıra yaxın dərəcələr var, sol gözündə müsbət 9-a, mənfi 6. Qarışıq astiqmatizm. Buynuz qişanı o qədər dartıb ki…
Xəstədən soruşursan:
– Əvvəllər, 15 il bundan qabaq, 20 il bundan qabaq gözünüzün ikisi də eyni səviyyədəmi görürdü? Çünki bəzən doğrudan da, onun astiqmatı ola bilər.
– Hə, doktor 20 yaşda da, 25 yaşda da fərqi yox idi. İkisi də elə eyni səviyyədə görürdü.
Bu bizim üçün artıq anamnestik bir məlumatdır ki, hal-hazırki bu astiqmatizm pterigiuma (qanadabənzər pərdəyə) bağlıdır. Belə olan hallarda əməliyyatdan sonra gözün içərisinə ki, biz linza qoyacağıq, linza ölçümlərində alətlər bizi çox yanıldır.
Əvvəlcə pterigium əməliyyatı olmalıdır
Davranışımız necə olmalıdır?
Əvvəlcə qanadabənzər pərdə – pterigium götürülməlidir. Ən azı dörd həftə gözlənilməlidir. Buynuz qışa öz təbii relyefini qazanmalıdır. Ondan sonra təkrar ölçülər götürülüb, əməliyyata girilməlidir.
Qanadabənzər pərdənin ikinci bir problemi, bizə əməliyyat vaxtı yaratdığı sıxıntı, xəstədə pterigium həddindən artıq çox inkişaf edib, hətta bəbəyin önünü kəsmiş olur. Yəni həkimin də görmə sahəsini kəsmiş olur və uzun müddət orada qalmış olur. Qanadabənzər pərdənə qədər uzun müddət qalarsa, altdakı toxumalara daha çox sirayət etmiş olur. Yəni onların şəffaflığını azaldır. Biz əməliyyatla həmin artıq əti götürmüş olsaq belə, əməliyyatdan azad etmiş olduğumuz buynuz qişa əvvəlki şəffaflığına heç vaxt geri qayıtmır. Yəni həmin hissədə ağ ləkə qalır.
Ağ ləkə xəstədə çölü görməyə problem yaradırsa, əməliyyat vaxtı bizdə də içərini görməyə problem yaradır. Yəni düşünün, mikron qalınlığında şəffaf pərdələrlə işləyirik. Həmin o pərdələri görmək üçün buynuz qişanın şəffaflığı ideal olmalıdır. Amma burada buynuz qişa şəffaf deyil. Dolayısı ilə, əməliyyat vaxtı bəzən həqiqətən də sıxıntılar yaşaya bilirik.
Ona görə pterigium olan xəstələrdə yenə buynuz qişa çox detallı dəyərləndirilib, əməliyyatdan sonra ideala yaxın bir nəticə əldə etmək üçün əməliyyat öncəsi görülməli olan işlər detallı şəkildə görülməlidir.