katarakta ile yanasi xestelikler

Katarakta ilə yanaşı xəstəliklər [Katarakta: 14]

Pasiyentlər gəldi, diaqnoz qoyuldu: KATARAKTA. Çox təəssüf ki, bununla iş bitmir. Yəni sadəcə “Katarakta diaqnozu qoyulduqdan sonra xəstəni dərhal əməliyyata yaz, əməliyyat elə” deyil. 

Kataraktadan başqa bir problem varmı? Əlavə fəsadlar varmı?

Yəni həm gözə aid, həm orqanizmə aid. Yəni ola bilər, xəstənin kataraktası var, amma kataraktadan əlavə qlaukoması var, kataraktadan əlavə uveiti var, kataraktadan əlavə, axır vaxtlar çox rast gəlirik və pasiyentlərlə anlaşa bilmədiyimiz mövzular, riski pasiyentlərlə paylaşa bilmirik, endotel sayımı… Endotelimiz normadan çox az olur. Katarakta ilə yanaşı, şəkərli diabetimiz var. Katarakta ilə yanaşı çəpliyimiz var. Katarakta ilə yanaşı göz hərəkəti problemlərimiz var. Tiroid vəzi problemlərimiz var. Qapaq problemlərimiz var. Göz yaşı vəzi problemlərimiz var. Kirpik dibləri piy vəziləri problemlərimiz var, qapaq problemlərimiz var. Ondan əlavə, distrixiasis dediyimiz kirpiklərin tərs çıxma problemləri var. Buynuz qişada çapıq var. Pteriqium dediyimiz qanadvari pərdə var… 

O qədər əlavə problemlər var ki, yəni nə qədər saydım? Hələ saymadıqlarım!? Yəni sadəcə katarakta deyil. 

Bunlar hələ gözə aid olan hissəsi. Bir də gözün xaricində olan problemlər var: kontrolsuz şəkər, hipertoniya, böyrək problemləri, psixoloji problemlər, psixonevroloji problemlər… Bunların hamısı nəzərə alınmalıdır. Xəstənin yaşı, xəstənin sosioloji statusu… O qədər nüanslar var ki. 

Elə xəstə var ki, bilirsən ki, əməliyyatdan sonrakı xəstəyə qulluq normal olmayacaq. Mən bunu əməliyyat etdim, əməliyyatdan sonrakı qulluq, əgər normal olmayacaqsa… 

Başımıza gəlib çünki. Problem yaşamışıq.

Yaşlı ər-arvaddır. Xəstənin, xanımın 82 yaşı var, ərinin 90 yaşı var. Əri damcı damızdıracaq. 

Evə getmişəm:

– Dərmanı kim tökür? 

– Babaları. 

Yəni xanımın əri. O da yaxşı görmür, əli əsir. Damcını gətirib tökmək istəyəndə damcının ucu xəstənin buynuz qişasına dəyib, buynuz qişasını zədələyib, eroziya əmələ gəlib. 

Dəsmalla burnunu silir, sonra da gözünü silir, infeksiya salıb. 

Yəni dostlar, o qədər şeylər nəzərə alınmalıdır ki!..

Əgər doğrudan da həqiqi mənada gözəl bir nəticə əldə etmək istəyiriksə, həm öz adımıza, həm xəstələrimiz adına bu nüansların hamısı nəzərə alınmalıdır. 

Və pasiyentlərdən də xahiş edirəm, əgər kimlərsə bunu oxuyursa, biz əlavə mövzuları nəzərə alırıqsa, araşdırırıqsa onlar: “Doktor, problem çıxartma” deyirlər bəzən. O problem, vallah, billah, yekunda sizin üçündür. 

Sizin əməliyyatdan daha çox fayda görməyiniz, daha rahat o periodu keçirtməyiniz üçün, bunları incə detalları ilə araşdırırıq. 

Sadəcə katarakta ilə iş bitmir. Katarakta və ətrafında, kataraktadan başqa digər problemlər çox detallı dəyərləndirilib, ona görə tədbir görülməlidir. Bu olarsa, həm həkim, həm xəstə görülən işdən razı qalar.

Dərc edən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir