katarakta ile yanaşı xestelikler uveitler

Katarakta ilə yanaşı xəstəliklər: Uveitlər [Katarakta: 17]

“Katarakta və yanaşı xəstəliklər” seriyasında növbəti yazımı istəyirəm, uveitlər mövzusuna ayıram: Uveitlər və katarakta.

Xəstə gəldi, diaqnoz qoyuldu: “kataraktası var”. Kataraktadan əlavə, yanaşı ikinci bir problemimiz var – uveit.

Uveit – əvvəllər qeyd etmişdik, yenə giriş edim, autoimmun prosesdir və gözün daxilində orqanizmə bağlı olaraq iltihab hüceyrələri, iltihablanma olur. O iltihablanma nəticəsində gözdə bir sıra problemlər əmələ gələ bilər. Əmələ gələ biləcək problemlər: ön və ya arxa sinexiyalar (bitişmələr).

Bəbəyin ətrafında olan toxuma – qüzehli qişa (gözümüzə rəng verən qişa) daha çox iltihablanmağa meyillidir deyə öndə və ya arxada iltihab nəticəsində bitişmələr əmələ gəlir. Bəbək deformasiya olur, formasını itirir.

Hətta bəzən elə bitişmələr, yapışıqlıqlar əmələ gəlir ki, əməliyyat vaxtı belə ayıra bilmirik və ya ayırsaq əlavə, ekstra problemlərlə qarşılaşacağıq. Hesab-kitabını eliyirik, əgər onu ayırmasaq, ayırdığımızdan daha az problemlə qarşılaşacayıqsa, bəzən heç o yapışıqlara toxunmuruq da.

Amma arxa sinexiyaları, arxa yapışıqları mütləq təmizləməliyik. Çünki arxa açılmalıdır ki, biz katarakta əməliyyatı zamanı o büllurun, kapsulun içərisində rahat işimizi görək, bulanmış büllur kütləsini götürək. Ona görə uveit varsa və uveitin vəziyyətinə görə okkluziya sekkluziya dediyimiz bəbəyin tam bitişməyi və ya hissəvi bitişməyi – bu mövzunu əməliyyat öncəsi həll eləməliyik. Yəni əməliyyat planımıza daxil etməliyik.

Revmatoloqla birlikdə üveit müalicəsi

Aktiv bir proses varsa, yəni endoteldə prespitatlar var, ön kamera mayesində hüceyrələr var. Belə olan hallarda əsla bu əməliyyata girilməməlidir. Katarakt əməliyyatına girilməməlidir. Belə halda katarakt əməliyyatının özü də bir travmadır, göz daxilindəki iltihabı daha da artıracaq.

Bir neçə aylıq, revmatoloqla ortaq müalicə aparılır. Çünki sadəcə göz tərəfdən müalicə uveitli xəstələrdə yetərli olmur. Stabillik – remissiya əldə etmək üçün revmatoloqla ortaq müalicəyə başlayırıq. Bir neçə aya göz toparlanır, rahatlayır, o iltihab hüceyrələri sorulur, çəkilir, göz sakitləşəndən sonra yəni uveit remissiyaya girdikdən sonra əməliyyata giririk, qərar veririk.

Əlbəttə ki, əməliyyat vaxtı mümkün qədər qüzehli qişaya toxunmamağa çalışırıq, qıcıqlanma faktoru olmasın və qısa müddətdə əməliyyatı tamamlayırıq.

Əməliyyatdan sonra isə kortizonlarla iltihabı basdırırıq. Yəni əməliyyatdan sonra iltihabi proseslərlə qarşılaşmayaq. Çünki əməliyyatdan sonra iltihab təkrar artarsa, əməliyyat yerində yeni gözləmədiyimiz, istəmədiyimiz çapıqlarla qarşılaşa bilirik. Bəzən olur ki, bu uveit, mən danışdığım ön uveitlərə aiddir, bəzən olur orta və ya arxa uveitlərlə kombinə halda olur və ya vitrit olur. Əgər vitrit varsa, şüşəyəbənzər cisimində çox ciddi bulanıqlıq varsa, bunu iki cür təyin edə bilirik: ya vizual olaraq kataraktamız bulanıb, amma arxanı görə bilirik və ya katarakta həddən artıq çox bulanıb, arxanı görə bilmirik. Ultrasəs vasitəsilə dəyərləndiririk.

Belə olan hallarda hətta bəzən kombinə əməliyyat, yəni katarakta əməliyyatı ilə yanaşı vitrektomiya əməliyyatı, arxada bulanmış büllur kütlələrini təmizləmək əməliyyatı icra edirik.

Ciddi problem varsa katarakta əməliyyatı etmirik

Bəzi hallarda retinada elə ciddi problemlərlə, uveitə bağlı elə ciddi problemlərlə qarşılaşırıq ki, hətta katarakt əməliyyatı etməkdən vaz keçirik. Çünki retinanın ümumi vəziyyətini dəyərləndirdikdən sonra tam atrofik bir retinadır, şüşəbənzər cisim həddən artıq çox bulanıqdır, membranlar çəkintilər var, görmə siniri atrofikdir, kataraktası da var. Mən bu xəstənin kataraktasını götürsəm belə, görmə baxımından heç bir şey dəyişməyəcək. Yəni xəstənin görməsi artmayacaq. Mən niyə əməliyyat edib kataraktanı götürüb gözə ikinci bir travma verməklə ümumi var olan problemləri daha da qabartmalıyam?!

Belə olan hallarda hətta əməliyyatdan belə vaz keçə bilirik. Ona görə kataraktası olan uveitli xəstələrin əməliyyat öncəsi çox detallı dəyərləndirilməlidir, əməliyyat sonrasını proqnozlaşdırmaqdan ötrü.

Dediyim kimi, uveitlərin idarə olunmasında önəmli mövzulardan biri də yanaşı ixtisas – revmatoloq. Yəni revmatoloqlardan dəstək almadan uveitli xəstələrlə göz həkimi işləməməlidir. Mütləq revmatoloq dəstəyi alınmalıdır.

Dərc edən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir