RFDR K40 Katarakta əməliyyatı və emosional gərgin insanlar

Katarakta əməliyyatı və emosional gərgin insanlar [Katarakta: 39]

Emosional, gərgin insanların katarakta əməliyyatı. Yəni belə insanlarda əməliyyatda nəyə diqqət edirik? 

Ümumiyyətlə, ilk öncə əməliyyatın gedişatı… Tamam, əməliyyat otağında hər şey bizim kontrolumuzdadır. Əməliyyat otağına qədərki hissəsi ki var, o mövzuda bir az diqqətli olmaq lazımdır. Nə barədə? 

Nevrozdur, sarışan hallardır, emosional gərginlikdir, panik atakdır… Sayı çoxalıb cəmiyyətdə bu tip insanların. Ona görə birinci elə bir pasiyentin, yəni psixoloji gərgin insanların öncədən, vaxtında aşkar olunması, yəni bu mövzunun pasiyentlə müzakirə olunması vacibdir. 

Bəzən ola bilir ki, işin gedişatında, yəni əməliyyat öncəsi tanışlıqda bunu qaçırda bilərik. Buradan xəstələrə tövsiyəm: elə problemləri varsa, mütləq bu mövzuları əgər trankvilizator, antidepressant, psixoterapevtik dərmanlar istifadə edirlərsə, mütləq həkimlərini məlumatlandırsınlar. 

Çünki həkim xəstəsi haqqında nə qədər çox məlumatlı olarsa, həkimin o xəstəni və əməliyyatı idarə etməyi o qədər daha asan olar. 

Bəzən olur: 

– Doktor, mən psixotrop dərmanlar istifadə edirdim. Son neçə aydır istifadə etmirəm.

– Həkimin nəzarətindəmi dayandırdınız?

– Yox, öz başıma dayandırdım. 

Və yaxud da ki, 

– Antidepressant içirdim, antidepressantımı dayandırdım. 

Yəni buradan bir səslənmiş olum onlara. Əgər belə bir mövzuları varsa, mütləq onları həkimləri ilə, yəni psixoterapevtləri və ya bəzən nevropatoloqlar da bu işlə məşğul olur, (onu da əslində anlaya bilmirəm) nevropatoloqları ilə məsləhətləşib o işlərini səhmana salmalıdırlar. 

Yəni xəstə əməliyyata gələndə tamamən psixoloji rahat vəziyyətə gəlməlidir. 

Çünki əməliyyatın özü də istər-istəməz bir travmadır, bir psixoloji gərginlik verir. Nə qədər desək ki, əməliyyat asandır, əməliyyat ağrısızdır, əməliyyatdan narahatlıq olmur, insanıq, yenə də içində həyəcan keçirir. 

Hə, kimisi neqativ fikirləşə bilər: 

– Filankəs əməliyyat olmuşdu, gözdə belə olmuşdu. Görəsən, məndə də elə bir şey olacaqmı?

– Televizorda eşitmişdim ki, əməliyyat eləmişdirlər belə olmuşdu, görəsən, məndə də belə olacaqmı? 

Bu nigarançılıq, bu narahatçılıq istər-istəməz bəzən insanın yaxasını buraxmır. Belə hallarda da əgər daha əvvəllər sakitləşdirici tipində bir şeylər istifadə ediblərsə, əməliyyatdan öncə onları istifadə etmələrini tövsiyə edirik. 

İstər əməliyyatın gedişatı olsun, istər əməliyyatdan sonrakı periodda reabilitasiyanın sürətlənməsi üçün əməliyyat öncəsi psixoloji hazırlıq çox önəmlidir. 

Psixoloji hazır olmadan əməliyyat etdiyim xəstə

Bir hadisə yaşadım. İllər öncə. 2011 və ya 2012-ci ildə. Çox yaxından tanıdığım bir ailə… Xanım gəldi. İllərdir əməliyyat olunmalıdır, amma hər səfər bir bəhanə, hər səfər bir səbəb: 

– Uşaq məktəbdən çıxdı… 

– Uşağın ayağı qırıldı… 

– Onu ərə verdim…

– Bu xəstələndi… 

– Bu belə oldu… 

Bir il yarım – iki ildir təsəvvür edin əməliyyat olmalıdır, əməliyyat ola bilmir. 

Gəncəm. Təcrübəm azdır, demək ki, bu mövzularda. Öz aləmimdə yaxşılıq eləmək istədim. Xəstə müayinəyə gəlmişdi. Həmin günü götürdüm onu mən əməliyyat elədim. Əməliyyat üçün hazır deyildi bu pasiyent. Əməliyyat ideal keçməyinə baxmayaraq, tanıdığım adam olmağına baxmayaraq, əməliyyatdan sonrakı təxminən 3-4 həftə həm xəstəmiz, həm mən çox narahat bir dövr keçirdik. Çünki xəstə psixoloji hazır deyildi. 

– Ay doktor, gözüm belə oldu, ay doktor elə… 

– Doktor, görəsən, gözüm kor ola bilərmi, görəsən belə ola bilərmi, görəsən… 

– İndi ağrıdı, indi batdı. 

İnandırım sizi, bəlkə bir ayın 15-20 günü hər gün gəldi, getdi… Hər gün! 

Bəlkə də, bu söhbət kimlərəsə çox uzun gələ bilər. Amma bu söhbətlər illərin təcrübəsidir və ümid edirəm ki, həmkarlarım və ya yeni başlayan dostlar bu təcrübələrdən faydalanarlar. 

Bəzən olur xəstənin yaxınları gəlir: 

– Ay doktor, rayondan gəlmişik. Sən Allah, əgər əməliyyat olsa, elə bu gün əməliyyat elə yola sal. 

– Əsla! 

Çünki əməliyyat o canda icra olunacaq, o pasiyentdə icra olunacaq. Onun psixoloji halı çox önəmlidir. 

Çox təcili deyilsə, çox özəl hallar olur, orada saatların əhəmiyyəti var, artıq orada heç bir şeyə fikir vermək lazım deyil. Təcili əməliyyat olunmalıdırsa, eləməlisən. Amma planlaşdırıla biləcək bir əməliyyatdırsa, xəstənin özünün razılığı alınmadan o əməliyyat icra olunmasın. 

Xəstəyə vaxt verilsin, möhlət verilsin. Xəstə gedib özünü hazırlasın. 

– Hə, mən gəlmək istəyirəm, doktor. 

– İstədiyiniz vaxt… 

– Birinci gün?

– Birinci gün, baş üstə.

– Beşinci gün?

– Beşinci gün. 

Yəni xəstənin psixoloji hazırlığı çox-çox önəmlidir. Əməliyyatın gedişatında və əməliyyatdan sonrakı dövrdə həm pasiyentlərin, həm də həmkarların bu şeyə diqqət etmələrini istəyərəm. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir