Katarakta əməliyyatından sonra göz sarğısı

Katarakta əməliyyatından sonra göz sarğısı nə vaxt açılır? [Katarakta: 41]

Katarakt əməliyyatından sonra göz bağlı qalırmı? Yəni gözdə sarğı nə qədər qalır? 

Katarakt əməliyyatından sonra əksər hallarda gözü “eye pad”lərlə bağlayırıq.

O bağlamağın məqsədi nədir? 

İlk 2-3 saat içərisində yara yeri tam bağlanmamış olduğuna görə oradan gözün içərisinə infeksiya düşə bilər. Ona görə o tam yara yeri kipləşənə qədər, hermetikləşənə qədər o 2-3 saatı qapalı keçirmək istəyirik. Niyə? 

Ətraf mühit, hava steril deyil, istər-istəməz orada tozlar və bakteriyalar var. Biz hərəkət edincə o hava kütləsi gözümüzə dəyir, havanın tərkibindəki tozcuqlar və bakteriyalar gözə oturmuş olur. O bakteriyalar əməliyyat sonrasında gözün daxilinə keçməsin deyə, 2 – 3 saat bağlı qalmağını tövsiyə edirik. 2-3 saatdan sonra artıq göz açıla bilər. 

Çox nadir halda tək görən gözdürsə, yəni xəstənin bir gözü görmür, tək görən gözünü əməliyyat etmişik, xəstənin xüsusi bir problemi var, yəni özü hərəkət etməlidir, özü getməlidir, pilləkənarı özü düşməlidir. Belə olan hallarda xüsusi dezinfektant, qoruyucu dezinfektantlar damızdıraraq xəstənin gözünü açıq da əməliyyat otağından yola sala bilirik. Amma bu çox nadir olur. Əksər hallarda “eye pad”lə yəni xüsusi steril örtülərlə bağlayırıq, xəstəni yola salırıq. 

Nələr ola bilər? 

Bəzən o sarğının alt hissəsində göz sulanır deyə sulanma, göz yaşı gəlir, alt hissəsini islatmış olur. Bəzən, çox nadir halda gözün içərisində mikro qansızmalar olur. Göz yaşı gələndə qanlı su kimi: 

– Ay doktor, sarğının altı qandır, qanla doludur. 

Baxırsan, normal, balaca bir qanlı su. Yəni belə hallar pasiyetləri qorxutmamalıdır, normaldır, ola biləcək bir şeydir. 

2 saat – 3 saatdan sonra artıq sarğını açmaqlarını tövsiyə edirik. 

Göz nə qədər açıq qalarsa, o qədər iltihablanma, infeksiyalaşma riski daha da azalar. 

Önəmli bir cümlədir. Çünki cəmiyyət buna alışmayıb. Cəmiyyət fərqli düşünür. 

2-3 saatdan sonra göz açılmalıdır. Niyə? 

Dediyim kimi əməliyyat sahəsi artıq o girişlərimiz hermetikləşib və gözün içərisinə iltihab, infeksiya düşmə ehtimalı azalıb, riski azalıb. Amma yenə də o risk hələ də, əməliyyatdan sonrakı 3 gün ərzində o risk hələ də davam edir. Niyə? 

Çünki istər-istəməz insanıq, əlimiz gözümüzə dəyə bilər, əməliyyat sahəsi tam bitişməyib deyə aralana bilər. Yatanda yastığın kənarı dəyə bilər, əməliyyat sahəsi aralana bilər. Dərman tökəndə, qapağı çəkəndə gözü sıxmış ola bilərik, əməliyyat sahəsi təzədən aralanmış ola bilər. 

Bu şeylərdən dolayı bizə lazımdır ki, əməliyyat sahəsi mümkün qədər steril olsun. Bu sterilliyi də təmin eləyən təbii göz yaşımızdır, Allahın yaratmış olduğu göz yaşı. 

Gözümüz bağlı qalanda göz yaşı ifraz olunmur. Düşünün, bağlıdır, içərisində də bir mikrob var, həmin mikrob başlayıb çoxalmağa, onun üçün mühit var. Amma gözümüz açıq olsa və hər səfər qapaq yumulub açıldıqca göz yaşı qapağın altında toplanmış olur. Qapaq hər gəldikcə özü ilə çoxlu göz yaşı gətirir. O, göz yaşı gözü yuyur, təmizləyir, həm qidalandırır, sağalma sürətlənmiş olur, həm də bakteriyaların oturmağına imkan vermir. 

Yəni düşmüş bakteriya yuyulur, mədə bağırsağa gedir, yuyulur, mədə bağırsağa gedir. 

Niyə bunu vurğulayıram, əslində o bağlanmaq söhbətini? 

Bəzi pasiyentlər bizim deməyimizə baxmayaraq səhər gəlirsən, baxırsan bir dənə dəsmalı qoyub, üstündən pambıq, üstündən də eynək. 

– Ay anam, bu nədir?

– Bəs infeksiya düşər. Bəs külək toz salar, torpaq salar.

– Ay başına dönüm sənin, əksinə! Sən bunları qoymaqla gözə infeksiya salarsan. 

Yəni göz açıq qaldıqca iltihablaşma riski, infeksiyalaşma riski ehtimalı daha da azalır. 

Tövsiyəm: xəstələr diqqətli olsunlar. 

Əməliyyatdan sonrakı həkimin dediyi 2 saat, 3 saat period keçdi, ondan sonra rahatlıqla gözlərini açsınlar. 

Hə, xəstə tutaq ki, səhər kontrola gələcək hava çox küləklidir nə eləməlidir? O zaman qoruyucu eynəklər, günəş eynəyi istifadə edə bilər ki, tozdan, küləkdən gözünü qorumuş olsun. 

Amma infeksiya barəsində narahat olmasınlar, gözlərini açıq saxlasınlar. Mümkün qədər göz nə qədər açıq qalarsa, o qədər daha çox qorunmuş olur. 

Dərc edən

Burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir