Bəzən, belə məlumat verdiyimiz zaman pasiyentlər soruşur: “Doktor, necə bilə bilərik: bizdə torlu qişada problem varmı, incəlmə varmı, yoxsa yoxmu?”
Erkən dövrlərdə torlu qişa incəlmələrinin heç bir əlaməti olmur. Ümumiyyətlə, gözdə bir neçə xəstəlik var ki, erkən dövrlərdə bu xəstəliklərin əlamətləri olmur. Ona görə məhz bu xəstəliklər təhlükəli sayılır.
Biri qlaukoma xəstəliyi (qara su). Gözün təzyiqi qalxır, amma göz təzyiqi qalxmış olmağına baxmayaraq, xəstə heç bir simptom, əlamət hiss etmir ki, həkimə müraciət eləsin.
İkinci keratokonus xəstəliyimiz. Bu xəstəlik də erkən dövrlərdə xəstəliyin görünməsində heç bir əlamətlə müşahidə olunmur. Xəstə narahat olmur, həkimə getmir.
Üçüncü torlu qişa xəstəlikləri, periferik incəlmələr. Bu incəlmələr də erkən dönəmdə heç bir əlamətlə özünü göstərmir. Yəni bu qrup xəstələr əgər risk altındadırlarsa ki, yazıların birində “Hansı xəstələr bu risk altındadır?” – onlar haqqında danışacağıq. Əgər risk qrupuna daxildirsə, vaxtaşırı müayinə və yaxud da ki, normal, sıravi bir müayinə zamanı aşkar olunan patologiyalar olur.
Burada vurğulamaq istədiyim nöqtə əslində xəstələrlə yanaşı bir az daha həkimlərin üstünə düşən məsuliyyətə aiddir. Xəstə tamamən fərqli bir şikayətlə gəlmiş ola bilər. Məsələn, prezbiopdur – yaxını yaxşı görmür. Sadəcə yaxın eynəyi yazdırmaq üçün gəlib. Və ya xəstə konyunktiviti var, gözü qızarıb, ifrazat var, çirk eləyir, konyunktivit üçün müraciət edib. Biz həkimlər o xəstələri sadəcə şikayətlərinə uyğun problemlərini həll edib, yola salmamalıyıq. Əgər o xəstələr gəldisə, mütləq ola biləcək, hansı ki, daha erkən dövrlərdə əlamətləri olmayan xəstələrin müayinəsini də aparmalıyıq. Yəni belə xəstələr mütləq gözdaxli təzyiqi ölçülmə və belə xəstələrin bəbəyi böyüdülüb mütləq torlu qişası, periferiya da daxil olmaqla detallı incələnməlidir ki, belə daha öncə sadaladığımız problemlər, patologiyalar varsa, vaxtında aşkar olunub məlumatlandırılsın və ehtiyac olarsa, doğru tədbirlər görülsün ki, xəstədə torlu qişanın qopmasına və ya Allah qorusun, bəzən korluğa gətirib çıxartmasın.
2 thoughts on “Torlu qişa incəlmələrinin əlamətləri 1”