eynek-niye-taxilir

İlk dəfə optik eynək taxmaq

Bir sual gəldi bu gün optik eynək istifadəsi ilə bağlı: “Optik eynək təyin olunan insanın eynəklə yaşadığı ilk təcrübə necə olur?” Əslində, mövzuya bir az daha dərindən yanaşmağı düşünürəm. Birincisi: “Eynəyin mahiyyəti”, sonra “İlk dəfə eynək taxanda nə ilə qarşılaşılır?” Bu iki mövzunu bölüşmək istəyirəm sizinlə.

Birinci, eynək niyə taxılar? 

Zəif görənlərin eynək taxması

Eynəyin iki taxılma məqsədi var. Birinci, taxılma məqsədi zəif görənlərdə görməni yaxşılaşdırmaqdan ötrü, yəni görmənin korreksiyası üçün istifadə olunur. Hər hansı bir insan gözündə hər hansı bir refraktiv qüsur var, yaxşı görmür, eynəyini taxır, eynək taxınca daha yaxşı görür. Bu bizim eynəklərdə ana məqsədimizdir. 

Gözdə yorğunluğu götürmək üçün eynək taxmaq

Amma bəzi hallarda eynəklər yorğunluğu götürməkdən ötrü, yorğunluğu azaltmaqdan ötrü də lazım olur. Bu daha çox kimlərdə şərtdir? 

Xırda refraktiv qüsurları olan 0.25, 0.50 astigmatı olan, miyop, hipermetropu olan, amma gündəlik aktiv işi olan. 

İkincisi, orta və yüksək dərəcə hipermetropu olan, yəni gözündə müsbət dərəcələri olan. Bu insanların əksəriyyəti bəlli yaşa qədər, orta hesabla 40 yaşa qədər görmə kəmiyyəti 100 faizdir. Xəstə gəlir, 100% görür. Amma:

“Doktor yoruluram, gözüm ağrıyır. Hərflər bir müddətdən sonra qaçır. Başağrılarım olur.”

Müayinə nəticəsində məlum olur ki, xəstənin gözündə +3, +4 dərəcə var. Düşünün, xəstədə +4 hipermetrop var, müsbət dərəcə var, amma xəstə 100% görür! Bu xəstələrə eynək yazırıq, eynək yazmaqdakı məqsəd yorğunluğu azaltmaqdır. Onlar, onsuz da, 100% görürlər. Eynək taxınca görmələri hətta bəzən dumanlaşır və ya yenə 100% görür. 

Bəzən də xəstələr:

“Doktor, elə eyni şeydir. Heç nə dəyişmədi. Mən bu eynəyi niyə taxıram?”

Deyirəm ki, eynəksiz 20 dəqiqə, yarım saat sonra, əgər kitab oxuyursunuzsa, yaxın işi görürsünüz və ya telefonla məşğulsunuzsa, 20 dəqiqə, yarım saat sonra bunun hamısı qarışır bir-birinə. Amma eynək taxanda, bəlkə də, bir saata qədər rahat istifadə edə bilirsiniz, dərs oxuya bilirsiniz, telefona baxa bilirsiniz. Ona görə eynək istifadə etməyin ikinci mahiyyəti yorğunluğu azaltmaq, yəni görmə keyfiyyətini artırmaq. 

100% görsək belə eynəyi taxmağa davam etməliyik

Ən çox harada biz problem yaşayırıq? Bu ikincilərdə. Birinci tip pasiyentlər: onsuz da, onlar eynəyi taxırlar, eynəyin onlara nə verdiyinin fərqindədir və eynəklərini rahat taxırlar. Biz onlardan nigaran deyilik. Amma o eynəyi daha çox yorğunluğu azaltmaq üçün istifadə edənlər və ya anizometrop olan xəstələr var. Bir gözü 90% görür, bir gözü 20% görür. Bu adam iki gözü açıq, ona elə gəlir ki, bütün işlərini görür, görməsi rahatdır. Amma belə-belə yoxlayanda sol çox bərbad görür, sağ çox rahat görür.E ynəyi taxanda yenə dəheç bir şey dəyişmir. Çünki, onsuz da, 90-100% görürdü. Yenə də yaxşı görür. Amma bu göz üçün çox şey dəyişir. Eynək taxmasalar, bu göz tənbəlləşir, yatır və sonra da çəpləşməyə başlayır.

Eynək taxmadıqda göz təmbəlləşir

Belə pasiyentlərə hələ də bir az daha orta yaşlı uşaqlardılarsa, 6-7 yaşlarında, eynək taxdırmaqda bir az əziyyət çəkirik. Valideynləri həmişə xəbərdarlıq edirik, bu mövzuya ciddi yanaşsınlar. Çünki sağ gözün hesabına onlar işlərini görə bilirlər deyə eynək taxmağa çox da can atmırlar. Amma eynək taxmayınca da digər göz tənbəlləşəcək və çəpləşəcək, bu, ciddi problemlərə gətirib çıxaracaq. 

Və yaxud da ki, az öncə başda dediyim kimi, hipermetrop var. Xəstənin gözündə +2, +3 dərəcə var. Görməsi 100 faizdir. Eynəyi taxır, hətta eynək bir az daha görməyini dumanlaşdırır. Çünki o 0 nömrəli şüşəni belə biz taxsaq, yenə də o şüşənin sındırma gücü var. Görmə keyfiyyətinə az da olsa təsir eliyir. Onlar o rahatlığı düşünməsələr “Bu eynək, onsuz da, heç nəyi dəyişdirmir, eyni şeydir. Eynəyi niyə taxıram?” deyirlər. 

Bir də bir neçə dəfə olub biz problem yaşamışıq, çəplik əməliyyatı eləmişik, uşaqlarda gözündə + müsbət dərəcə olub, +4. Gözü içəriyə çəpləşdirir. Əməliyyat eləmişik, gözü ortaya qoymuşuq və “Eynək mütləq taxılmalıdır!” demişik. Nənə evdə müayinə aparır uşağa: “Ay balam, öz gözünlə televizordakı alt yazıları oxu.” Oxuyur. “Oçkini tax”.Oçkidə də oxuyur. “Oçkisiz də oxuyur, oçkidə də oxuyur. O zaman bu oçki bizim nəyimizə lazımdır?” Oçkini atırlar. 

Xüsusilə də uşaqların eynəyin taxılmağa davam etməsi vacibdir

Normalda 6 aydan bir, nə olur olsun, 6 aydan bir müayinə olunmalıdır. Və ya valideynlər hər hansı bir qərar verdilərsə, mütləq həkimə xəbərdarlıq eləməklə o işləri eləməlidilər. Baxıram il yarım sonra:

“Doktor, uşağın gözü təkrar çəpləşməyə başladı.”

Tanıdığım ailədir. Gəldilər müayinəyə. 

  • Birincisi, haradasınız? Artıq il yarımdır yoxsunuz. Hər 6 aydan bir müayinəyə gəlməli idiniz. 
  • Hə… Yox, hər şey qaydasındaydı. Daha baxdıq gördük ki, uşağın gözündə çəplik yoxdur. Uşaq da yaxşı görür. Biz artıq bir ildən çoxdur eynək taxmırıq.
  • Necə oldu? Kim icazə verdi eynək taxmamağa?
  • Uşağın nənəsi baxdı, gördü ki, elə eynəksiz də uşaq yaxşı görür. “Daha eynək taxmağa gərək yoxdur!” deyə qərar verdik, eynək taxmadıq.

Eynəksiz gözün dərəcəsi +3, +4 qalınca eyni problem bir müddətdən sonra gözü yorur və heç elə bil ki, əməliyyat olmamış kimi əvvəlki vəziyyətə, yəni çəpik vəziyyətinə geri qayıdır. Yəni buradan da bir artıq mesaj göndərmiş olaq valideynlərə. 

Birinci, eynək taxan, gözdə problem olan uşaqlarda və ya özlərində… “Doktor, eynək taxırdım, eynək məni narahat elədi. Ona görə eynəyi taxmadım.” Narahatlıq varsa, mütləq həkimə gedib narahatlığın səbəbi araşdırılmalıdır. Yəni özümüz öz başımıza qərar verməyək. 

Böyük adamlar hər nə isə amma uşaqlar üçün mən çox narahat oluram. Yəni “Uşaq eynəyi taxmaq istəmədi. Biz də ona görə eynəyini atdıq” və ya “Eynəyi qırıldı. Baxdıq gördük ki, heç uşaq özünü yaxşı aparır, davranışlar normaldır, ona görə heç eynəyi təzələmədik.” və ya “Baxdıq, gördük uşaq normaldır, hərəkətləri… Hər şeyi görür. Nə deyirsən görür, göydə uçan quşu da görür. Daha biz ona görə gələsi olmadıq.” Baxırsan, görürsən, gözün biri yaxşıdır, digər göz yatıb. Yəni valideyn səhlənkarlığı. Buradan bir mesajımız olsun ki, ciddi yanaşsınlar. Özbaşına qərar verib eynəyi atmaq ciddi nəticələrə gətirib çıxardır.

İkinci başlığımız: “Eynək taxanda nə ilə qarşılaşarıq?” Onu başqa bir yazıda bölüşürəm.

2 thoughts on “İlk dəfə optik eynək taxmaq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir