tehlukeli katarakta

Katarakta təhlükəlidirmi? [Katarakta: 11]

Kataraktanın bir bulanma dərəcəsinə görə növləri varsa da, bir də təhlükəlilik dərəcəsinə görə növləri var. 

Bir neçə əvvəl yazılarımızda saydığımız: kortikal katarakta, nuklear katarakta, arxa subkapsulyar katarakta, polyar katarakta – bunlar təhlükəli deyillər. 

Kataraktanın təhlükəliliyi nə ilə əlaqədardır? 

Katarakta zamanla görmə keyfiyyətini aşağı salar. Bu önəmli deyil. Nə vaxt əməliyyat olsa, əvvəlki vəziyyətə geri qayıdacaq. Amma katarakta əməliyyat olunmadan qalarsa, əlavə bir problemə gətirib çıxarda bilərmi? 

Bəli, bəzi təhlükəli katarakt növlərimiz var. 

Psevdoeksfoliativ sindromlu gözlər

Bunlardan birincisi psevdoeksfoliativ sindromu olan xəstələrdir.

Yəni büllurun ön kapsulunda bir fibrotik toxumalar əmələ gəlir, həmin o fibrotik toxumalar zamanla bəbəyin hərəkəti nəticəsində büllurun ön kapsulundan qopur və ön kamera mayesi vasitəsilə ön kamera bucağında yerləşən, “gözün kanalizasiyası” dediyimiz trabekulyar şəbəkə var, onun ağzını tıxayır. Bu proses illərlə davam etdikcə gözdaxili təzyiq qalxır, katarakta daha sonra qlaukoma ilə ağırlaşmış olur. 

Biz əvvəllər də demişik, kataraktanın itirdiyi görməni bərpa edə bilirik, amma qlaukomanın itirdiyi görməni bərpa edə bilmirik. 

Xəstə gəlir, görməsi 1 faizdir, 99 faiz görmür. 99 faiz itmə var. Bu 99 faizin nə qədər hissəsi kataraktanın hesabınadır, nə qədər hissəsi “qara suyun” hesabınadır? Onu bilə bilmirik. 

Əgər büllur bulanıbsa, görmə sinirini dəyərləndirə bilmiriksə, bu haqda xəstəyə heç bir məlumat, dolayısı ilə də heç bir proqnoz verə bilmirik. Yəni əməliyyat şərtdir. Onsuz da, əməliyyat olunmalıdır. Amma, əməliyyatdan sonra xəstə nə qədər görəcək? Bilinmir.

Həmişə belə kataraktlara proqnozsuz, yəni əməliyyatın vizual effekti haqqında xəstəyə heç bir söz verə bilmədən əməliyyat icra edirik. 

Psevdoeksfoliativ sindromu olan gözlər nə vaxtsa da geci-tezi psevdoeksfoliativ qlaukoma ilə nəticələnəcək.

Ona görə psevdoeksfoliativ sindromu olan xəstə kataraktalı xəstə oldumu artıq bu təhlükəli katarakta deməkdir. Mümkün qədər erkən dövrdə əməliyyat olunmalıdır. 

Buradakı “erkən dövr” – bir neçə həftə içərisində deməkdir. Yəni həftələrlə vaxtımız var. 

Şişən kataraktalar

İkinci növ: Şişən katarakta. 

Bəzi insanlargöz quruluş olaraq ön kamera bucağı çox dayaz olur. Bizim də “kanalizasiya” ön kamera bucağında yerləşir. Normalda 46-47 dərəcəlik təbii halda bir bucaq olmalıdır. Büllur arxadan şişdiyinə görə bu daralır. Cavan vaxtları dardır, amma o bucaq ona yetir. 

Yaş keçdikcə ətrafdakı maye çəkilir içərisinə, büllur kütləsi: zülallar, proteinlər, şişməyə başlayır. Büllurun həcmi artır, ön kameramızı daraltmağa başlayır. Bunun adı olur “şişən katarakta”. 

Əgər şişən katarakta varsa, yenə də burada qapalı bucaqlı qlaukoma, bir əvvəlki psevdoeksfoliativ sindromda açıq bucaqlı hissə və açıqbucaqlı qlakoma gedirdisə, artıq şişən kataraktada qapalı bucaqlı qlaukoma riski çox yüksək olur. 

Bu nə deməkdir?

Onsuz da ön kamera çox dardır, gecə yatanda qaranlıq olur, bəbək daralır. Bəbək daralınca bəbəyin kənarındakı quzehli qişa ön kamera bucağına sıxır, bağlayır və anidən gözaqlı təzyiq ölçülə bilməyəcək dərəcədə yüksəlir. Elə dəhşətli bir ağrı olur ki, heç bir dərman vasitəsi ilə heç bir ağrıkəsici ilə ağrını ortadan qaldırmaq mümkün olmur. Belə olan hallarda təcili bəbəyi daraltmaq və zaman itirmədən əməliyyat olunmaq lazımdır. 

Əməliyyatı asan deyil. Yəni şişən kataraktalar artıq ön kamera qapalı bucaqlı qlaukoma ilə fəsadlaşıbsa, bu əməliyyat, həqiqətən, çox yüksək riskli, yəni o gözün itirməsinə qədər ekskpusiv dediyimiz bir hadisə olur əksər hallarda o gözün itməsinə qədər gedib çıxır. Yəni o gözün itməməsi üçün çox xüsusi təchiz olunmuş əməliyyatxana, “staff” – yəni əməliyyatxana əməkdaşları və təchizat – əlinin altında kifayət qədər lazım olan materiallar. Yəni hər əməliyyatxanada bu xəstənin problemini həll edib gözəl nəticə əldə etmək imkanı yoxdur. 

Yəni qapalı bucaqlı qlaukoma krizi əmələ gətirəcək şişən kataraktalarda bizim gözləməyə vaxtımız yoxdur. 

“Saçıma rəng qoydun, gözümü kor elədin”

Bəlkə bir az uzanacaq vaxtımız, amma maraqlı bir hadisə danışım. 

Mən əvvəl işlədiyim klinikada bizim bir tibb bacımız var idi. Bir neçə il bundan öncə həyat yoldaşını müayinəyə gətirib. Həyat yoldaşını müayinə elədik. Sonra “Doktor bir mənədə baxarsan?” Mən baxdım, ön kamera bucağı çox dayazdır. Sadəcə söhbət eləyirəm, yəni kimdə ön kamera bucağı dayazdırsa, onlara əvvəlcədən bu risklər haqqında məlumat verirəm mən ki, insan bilsin gələcəkdə onu nə gözləyir və ona uyğun tədbirini alsın. Dedim ki, sizdə dəbelə bir mövzu var. Ön kamera bucağınız çox dayazdır. Bu belə hallara gətirib çıxardır, yəni gözün itməsinə qədər gətirib çıxardır. 

Heç bir şey demədi, xəstə getdi. 

Səhər tezdən 8-də biz işə başlayırıq. Mən işə gələndə artıq həmin tibb bacımız qapının ağzında hönkür-hönkür ağlayıb gözləyir. 

– Nə oldu, nə məsələdir?

– Doktor təcili məni əməliyyat elə!

– Nə söhbətdir? Nə olub axı? 

Və başladı danışmağa. 

Anası var idi, indi rəhmətə gedib. Yaşlı imiş hər halda. Anasını çimizdirib, saçına rəng qoyub, ondan sonra yatıblar. Gecə saat üç civarında dəhşətli bir ağrı olub. O, ağrını idarə etməyə çalışıblar. Təcili yardım gəlib. Səhərə qədər əlləşiblər, nəticə əldə edə bilməyiblər. Səhər götürüb həkimə aparıb, həkimə gedəndə də artıq iş işdən keçmiş olub və onun anası kor olub. O, hadisədən sonra görmə qabiliyyətini itirib, kor olub. Və 

– Ömrünün axırına qədər mənə deyirdi ki, “Sən mənim saçma rəng qoydun, ondan oldu”. Yəni məni günahlandırırdı ki, rəngə bağlı olaraq “Mənim gözümü kor elədin”. İndi sən belə deyincə, mən hadisələri analiz elədim. Baxdım, gördüm onunla əlaqəsi yoxdur. (Çünki ön kamera darlığı əslində genetikdir, quruluşa bağlıdır.) Və mən də anam kimi olmaq istəmirəm. Zaman itirmədən təcili əməliyyat edək

Görməsi 100 faiz idi bu xanımın. Allah ondan razı olsun, anlayışla qarşıladı. Mənim bu nigaranlığımı doğru dəyərləndirdi. Əməliyyat etdirdi iki gözünü də. Şükür Allah illərdir, 7 ildən çoxdur bəlkə də, mütəmadi görüşürük, gəlir, gedir. Allaha çox şükür 100 faiz görmə ilə davam edirik. Artıq o risk də ortadan qalxmış oldu. 

Qapalı bucaqlı qlaukoma riskinə gətirə biləcək şişən kataraktalar çox təhlükəli sayılır və bu hallar zaman itirmədən əməliyyat olunmalıdır. 

Bəzən hətta xəstələr gəlir elə həmin günü… Nə qədər elə xəstəmiz olub?! Elə həmin günü əməliyyatını icra etmişik. Çünki qeyd etdiyim kimi saatlar içərisində görmə itirilə bilir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir