nuklear kataraktalar

Kataraktanın növləri: Nuklear Katarakt [Katarakta: 4]

Kataraktaların növlərindən biri də Nuklear kataraktadır. (Kataraktanın digər növləri: arxa subkapsulyar katarakta, kortikal katarakta, arxa polyar katarakta)

Nuklear katarakt daha çox yaşı yuxarı olan insanlarda rast gəlinir. Yəni yaşı yuxarı olan dediyimiz təxminən 50-55 yaşdan sonra. Çox nadir 40 yaşlarda da hiss oluna bilər. 

Erkən yaşlarda nə vaxt olur? 

Daha öncədən miopik refraksiyası olanlar. Yəni xəstə cavan yaşlarda -4, -5, -6 dioptriyası var. Onlarda bu büllurdakı metabolik proseslər daha erkən pozulur deyə nuklear katarakta daha tez üzə çıxmağa başlayır. Amma əksər hallarda 55 yaşdan sonra olur.

Nuklear katarakt gözdən qaça bilər

Nuklear kataraktlar həm pasiyentlər, həm də həkimlərin bəziləri tərəfindən qaçırıla bilər. 

Niyə? 

Onsuz da, normal halda büllurun mərkəzdəki kütləsi, nüvəsi normada həmişə qalın və sərtdir. Yəni təbii halda belə biz büllurun mərkəzində bir sərtlik, qalınlıq hiss edirik. Bu nuklear katarakta da sırf nukleosda, yəni büllurun mərkəzində bulanmağın başladığına görə bəzən “Nuklear kataraktımı, yoxsa elə büllurun özünün təbii quruluşudurmu, fakosklerozdurmu?” deyə qarışdıra bilərik. 

Pasiyentlə söhbət bizə yol göstərir

Biz həkimlər belə olan hallarda bizə yol göstərən ana anamnestik suallar və aldığımız cavablardır:

“Ömrüm boyu mən -4 tapmışam. Axır vaxtlar eynək nömrəm dəyişib. Eynəyim keçən səfər getdim yoxladılar -6-ya çıxdı, -7-yə çıxdı.” 

Bu artıq bizim üçün nuklear kataraktdan şübhələnmə əlamətidir. 

Və ya: 

“Doktor, mən ömür boyu uzağı yaxşı görmüşəm. Mənim heç vaxt uzaqla bağlı problemim olmayıb. Həmişə mən yaxına eynək taxmışam, amma axır vaxtlar maşın sürəndə çox əziyyət çəkirəm. Getdim mənə -1, -1. 5 eynək yazdılar. Amma yaxını da artıq eynək taxmağa ehtiyac hiss eləmirəm”. 

Bu iki. 

Üçüncü: 

“Doktor, mən 30 ildir -3 eynək geyinirəm. Həmişə də qəşəng görmüşəm, heç bir problem olmayıb, amma axır vaxtlar -3 eynəkdə əvvəlki qədər aydın, rahat görə bilmirəm.”

Bu şikayətlər, əslində, bizə nuklear katarakt haqqında diqqətli olmağa, yəni o mövzuda bir az daha detallı müayinə aparmağa yönləndirir, sövq eləyir. Və əlbəttə ki, artıq bu mövzu varsa, yəni bu, əslində, xəstələrin şikayəti sənin üçün böyük bir ipucu olur ki, “Mən nəyə daha diqqət edim?” 

Müayinə sırasında da baxırsan ki, artıq büllurun mərkəzi əvvəlki qədər şəffaf deyil, mərkəzdə ödəmlənmə var. Yəni nisbətən kül rənginə çevrilmə var. 

Bu artıq nuklear kataraktın varlığı deməkdir. 

“Mənim nənəm 80 yaşında iynəni saplayırdı”

Nuklear katarakt uzaqda görmə keyfiyyətini aşağı salır, yaxından görməni nisbətən yaxşılaşdırır. Həmişə nuklear kataraktlar mənfi refraktsiya ortaya çıxardar. 

Mənfi refraksiya… Yəni yaxında nisbətən görməni yaxşılaşdırır. 

Bəzi şəxslər gəlir, pasiyentlər gəlir: 

“Doktor, mənim nənəm, maşallah, maşallah 83 yaşı var. Əvvəllər eynək taxırdı. İndi yaxına heç eynəyə ehtiyac yoxdur. Yaxını da qəşəng görür, uzağı da qəşəng görür.”

Və ya bəzən soruşursan: İrsiyyətdə problem var? 

“Yox, yox… Mənim nənəm 80 yaşında iynəni saplayırdı.”

Yəni 80 yaşında bir adam iynəni saplayırsa və əgər Allah ömür verib yaşayacaqsa, mütləq katarakt əmələ gələcək deməkdir. 

Keçən səfər bir məclisdə idim, bir köhnə müəllimlərimizdən biri (70 yaşı var) dedi:

“Mən özüm özümü idarə edə bilirəm. Gözlərimə hökm eləyə bildim. İndiyə qədər yaxın eynək taxırdım, meditasiya elədim, məşq elədim, artıq mən yaxına eynək taxmıram.”

Deyirəm ki, 

“Müəllim, meditasiyanıza bir şey deyə bilmərəm, o sizi rahatladırsa, onu edin. Amma özünüzü aldatmayın. Çünki büllurda yavaş-yavaş sərtləşmə gedir. Nuklear katarakt əmələ gəlir. Yəqin ki, yaxın bir neçə il içərisində görmə keyfiyyətiniz aşağı düşəcək və əməliyyat olacaqsınız”. 

Nuklear kataraktlar əməliyyat olunmalıdır

Nuklear kataratklar görmə keyfiyyətini aşağı saldığı üçün onlar əməliyyat olunmalıdır. Əməliyyatdan sonra əvvəlki vəziyyətlərinə 10 il, 15 il bundan əvvəlki vəziyyətlərinə geri qayıdırlar. Yəni uzaq görmə daha yaxşı olur yaxına yenə də əvvəlki eynəklərinə +2, +0.5 eynək taxmaqla yaxını da görə bilirlər. 

One thought on “Kataraktanın növləri: Nuklear Katarakt [Katarakta: 4]”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir