katarakta-ve-qlaukoma

Katarakta ilə yanaşı xəstəliklər: Qlaukoma [Katarakta: 16]

Xəstə gəldi, diaqnoz qoyuldu – Katarakta. Əlavə problemimiz varmı? Müayinə nəticəsində məlum oldu ki, katarakta ilə yanaşı, əlavə, ikinci bir problemimiz var: Gözdaxili təzyiq yüksəkdir. Belə olan hallarda necə davranmaq lazımdır? 

Öncə qlaukoma müalicəsi, sonra katarakta əməliyyatı

Əgər gözdaxli təzyiqin artmağında, kataraktanın bir rolu yoxdursa, o zaman gözdaxili təzyiq normaya salınacaq, ondan sonra əməliyyat icra olunacaq. 

Hətta bura bir əlavə edim: Kataraktanın qalmağı xəstəyə bir problem yaratmayacaqsa?! – bunu bir mötərizə içərisində deyim. 

Bu nə deməkdir? 

Katarakt əməliyyatından sonra biz gözün daxilinə linza qoyuruq. Qoyacağımız linzanın ölçülərini, müayinə aparatları bizə deyir. Alət ölçü götürür gözdən və bizə deyir ki, bu xəstəyə siz 21 nömrəli linza qoysanız, əməliyyatdan sonra xəstənin gözünün dərəcəsi 0. 00 – emetrop dediyimiz və ya -0. 50 və ya +0. 50. O rəqəmləri bizə alətlər deyir. 

Əgər katarakta ola-ola əməliyyatdan öncə gözdaxili təzyiq çox yüksəkdirsə, normada 21-ə qədərdir, amma təzyiq qalxıb 45-50-yə. Gözün daxilində təzyiq qalxınca göz gərginləşir və həcmi böyüyür. 

Şar kimi düşünün. Şarın qəbul olunmuş ümumi bir içərisində havanın təzyiqi var, təzyiq çoxalan kimi şar böyüyəcək. Böyümüş ölçülər, alət, əgər, oradan ölçü götürərsə, bizi yanıldacaq və əməliyyatdan sonra artefakt dediyimiz ekstra problemlərlə qarşılaşmış olacaq. 

Belə olan hallarda əgər kataraktanın qalmağı xəstə üçün bir problem yaratmayacaqsa, ilk öncə gözdaxili təzyiqi normaya salacağıq, normaya salandan bir müddət keçəcək. Bu bir müddət individualdır. Mənim praktikamda əksər hallarda bir aya qədər gözlədirəm. Yəni gözü öz təbii turqorunu əldə etməsi üçün, standart formasını əldə etməsi üçün orta hesabla bir aya yaxın vaxt keçməlidir ki, göz öz təbii formasını alsın, öz təbii formasında ölçülərimizi götürək və o ölçülərlə biz yanılmadan əməliyyat nəticələrimizi, istədiyimiz nəticələri əldə edək. 

Öncə qlaukoma əməliyyatı, sonra katarakta əməliyyatı

Bəzən elə hal olur ki, xəstədə tək gözdür: yeganə göz. Yeganə gözündə həm “mirvari suyu” var – katarakta, həm qlaukoma var – “qara su”. Kataraktamız o qədər çox sərtləşməyib, bulanıqlıq çox yüksək deyil. Belə olan hallarda göz tək olduğuna görə riskləri azaltmaq baxımından kombinə əməliyyatı seçmirik. Əvvəlcə qlaukoma əməliyyatını edirik – gözdaxili təzyiqi normaya salırıq. 

Çünki qlaukomanın itirdiyi görməni geri qaytarmaq mümkün deyil. Qlaukoma sinirləri zədələdisə, geri qaytarmaq mümkün deyil. Əvvəlcə qlakomanı əməliyyat edirik, gözdaxili təzyiqi normaya salırıq, bir neçə aydan sonra katarakt əməliyyatı icra olunur. 

Qlaukoma və katarakta əməliyyatı birlikdə

Bəzi hallarda elə hal olur ki, biz gözdaxili təzyiqi heç bir dərman vasitəsilə normaya sala bilmirik. Belə olan hallarda nə eləməliyik? Həm kataraktası var, həm gözdaxili təzyiqimiz çox yüksəkdir, heç bir dərman müalicəsinə cavab vermir. Belə olan hallarda məcburi kombinə əməliyyat. Yəni həm qlaukoma əməliyyatı eyni anda, həm katarakt əməliyyatı, ikisini bərabər bir yerdə icra edirik. 

Bəzi özəl hallarda, əvvəlki yazılarda da qeyd etmişdik, “şişən katarakta”lar olduğu vaxt onlar ön kameranı çox dayazlaşdırırlar və qapalı bucaqlı qlaukoma tutmalarına gətirib çıxardırlar. Belə olan hallarda da mütləq kombinə əməliyyat edirik. Amma bu əməliyyat çox xüsusi bir əməliyyatdır. Gələcəkdə, inşallah, bu əməliyyat haqqında bir özəl bir paylaşım planlaşdırıram.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir