Katarakt əməliyyatında əməliyyat öncəsi bir mövzumuz var, onu da istəyirəm, məlumat verim. Əməliyyat hazırlığı içərisində hansı hallarda narkozla və ümumi anesteziya ilə, hansı hallarda sadəcə sedasiya ilə xəstə götürürük?
Xəstələrin böyük əksəriyyəti, bəlkə də, 99 faiz normal sedasiyaya götürülür.
Sedasiya nədir?
Əməliyyat vaxtı gözə heç bir iynə vurulmur, amma bütün xəstələrdə vena yolu açılır və monitora bağlanır, qan təzyiqinə, saturasiyaya baxılır. Xəstə əgər əməliyyatın gedişatında nə isə bir narahatçılıq olarsa, həyəcan olarsa, oradan venadaxili sakitləşdiricilər yeridilməklə xəstə sakitləşdirilir.
Yəni əməliyyatın gedişatında xəstə bir narahatçılıq hiss eləmir. Əməliyyat, onsuz da, ağrısızdır, əməliyyatın özünə aid bir ağrı olmur. Sadəcə bəzi xəstələr təşvişli xəstə olur, təşvişə düşən xəstələri bu vəziyyətdən çıxartmaqdan ötrü bir tədbir görülür.
Amma bəzi xəstələr də var ki, bunlara artıq öncədən planlı olaraq ümumi anesteziya altında əməliyyat planlaşdırılır.
Hansı xəstələr?
Yaşı həddindən artıq çox yüksək olan xəstələr, 80-85-in üstündə, hipertoniyası olan, yəni qan təzyiqinə meyilli olan xəstələr, şəkəri yüksək olan xəstələr, qanamağa meyilli olan xəstələr, daha əvvəllər yüksək qlaukoması olan xəstələr…
Yəni gözdaxili təzyiq əməliyyat öncəsi 40-lar, 50-lərdə idi, gözadaxili təzyiq normaya salındı. Düzdür, hal-hazırda əməliyyat periodunda göz təzyiqi normadadır, amma buna baxmayaraq bunlarda göz damarları həddən artıq çox boşalmış və kövrək olduğuna görə əməliyyatın gedişatında gözdaxili təzyiq çox aşağı düşə bilər. Və həmin damarlarda qanama, ekspulsiv qanama ola bilər deyə bu şeyləri nəzərə alıb…
Və ya xəstənin özünün halı, misal üçün, uşaq yaşlarda və ya gənclərdə…
Çox gərgindirlər. Baxmayaraq, əməliyyatın gedişatı 8 dəqiqə – 10 dəqiqə çəkir, amma xəstə o gedişatda özünü çox gərgin apardığına görə, bilmirsən sən əməliyyatın gedişatı ilə məşğul olasan, yoxsa xəstəni sakitləşdirməklə, onun panikası ilə, təşvişi ilə məşğul olasan?
Belə olan hallarda və bir də çox özəllikli hal olarsa, travmatik kataraktadırsa, əməliyyatın müddəti uzana biləcəksə, belə hallarda öncədən narkoz, yəni ümumi anesteziya planlaşdırırıq və xəstəni əməliyyat üçün o şəkildə hazırlayırıq.
Əgər ümumi anesteziya ilə icra olunacaq xəstələr varsa, bu xəstələri yenə əməliyyat öncəsi, əməliyyatdan ən azı 6 saatdan öncə acqarına gəlmələrini tövsiyə edirik.
Əksər hallarda həkim qərar verir, amma çox nadir hallarda xəstənin özü də qərar verə bilir. Xəstə deyir:
– Doktor, mən həddən artıq çox narahat adamam, çox gərgin adamam. Çox tez təsvişə düşən adamam. Mən istəyirəm ki, mənim əməliyyatımı narkozla, anesteziya eləyəsiniz, mən hiss eləməyim.
Belə hallarda da, bəli, xəstə ilə ümumi ortaq qərara gəlib anesteziya veririk.
Əlbəttə ki, yekunda bunların hamısı xəstənin komfortu, rahatçılığı üçündür. Xəstə nə qədər rahat və komfortlu olarsa, biz də işimizi o qədər rahat görmüş olarıq.
Yəni əməliyyatın uğurunda, əməliyyatın uğurlu alınmasındakı faktorlardan biri də xəstənin əməliyyat vaxtı özünü rahat aparmağıdır. Əgər xəstə özünü rahat apararsa, həkim də istədiyi şəkildə işini görüb xəstəyə təhvil verə bilər.