Trifoklarla bağlı çox problemlər görürəm açığı. Bir az hər halda daha çox demək lazımdır, daha çox danışmaq lazımdır. Həm pasiyentlər üçün, həm həmkarlar, həkimlərimiz üçün.
Niyəsə populyarlaşıb?! Hamı ona doğru qaçır. Pasiyentlər də elə bil ki, onda nəisə möcüzəvi bir şey gözləyirlər. Həkimlər də elə fikirləşirlər ki, kimsə dedi, doğrudan da elədir… Amma elə deyil!
Həqiqətən də günümüzdə trifokal linza taxıb da narazı qalan o qədər xəstə kütləsi var ki?!… Və qalmışam belə ortalıqda. Hər gün nə qədər belə pasiyent gəlir?!
Mən 2007-ci ildən multifokal linza taxıram Azərbaycanda. 2013-cü ildən də trifokal linza taxıram. Yəni bu qədər uzunmüddətli təcrübəsi olan bir həkim ortalama ayda trifokal taxdığım pasiyent sayı 2 və ya 3-dür, çox deyil. Amma gündə heç olmasa ən azı hər gün 10 nəfər məndən trifokal istəyir. Pasiyent gəlir:
“Doktor, mən eynək taxmaq istəmirəm. İstəyirəm həm yaxın, həm uzaq eynəkdən azad olum”.
Allahın hər günü 10 nəfər trifokal istəyi ilə gələn pasiyentlər, paradoksa baxın, ayın axırında ortalama 2-3 nəfərə ancaq trifokal taxıram.
Çünki trifokal doğrudan da deyildiyi kimi möcüzəvi bir şey deyil və trifokalı hər istəyən pasiyentə taxılmamalıdır. Trifokalı taxmaq üçün o qədər incə, xırda detallar araşdırılmalıdır ki, ondan sonra qərar verilməlidir.
Bir də deyirəm, mən cərraham, mənim işim budur. Mən də istəyirəm pasiyentimə faydam toxunsun. Əlbəttə ki, eynək taxmaq komfortlu bir şey deyil. Eynək taxmasınlar, yaxını da, uzağı da əla görsünlər. Amma doğrudan da deyildiyi kimi olacaqmı? Yaxını da, uzağı da əla görəcəkmi? Tam qane olacaqmı?
Bəlkə də 50 xəstədən, 60 xəstədən ancaq 5-6-ı o parametrlərə girər və məmnun qalar. Əgər araşdırmaları dərin eləməsək, bəzi nüansları qaçırdarsaq, o zaman çox təəssüf ki, məmnuniyyət əvəzinə narazıçılıqla qarşılaşırıq.
Mən bunu konkret bu pasiyent üçün deyə bilmirəm. Amma ümumi bir trifokalar haqqında həm xəstələrin, həm də həkimlərin diqqətli olmalarını istəyirəm. Mənim niyyətim budur. Yəni çox asanlıqla, bir görüşə və səthi müayinələrlə qərar veriləcək bir mövzu deyil. Yəni bunun ciddiyyətini anlasınlar və bir az daha, daha diqqətli olsunlar.
Refraktiv Error?
Konkret o pasiyent üçün:
“Əməliyyatdan qabaq uzağı bundan daha yaxşı görürdüm, indi daha pis görürəm.”
Bu mövzular əslində nəsə bir problemin olduğunu göstərir. Yəni mənim təcrübə olaraq yaşaya biləcəyim… Nəzəri olaraq mənim belə bir pasiyentim olsa idi, tutaq ki, əməliyyatdan qabaq uzağı 40% görürdü, əməliyyatdan sonra uzağı 20%-ə düşdü. Düzdür yaxını görür, amma uzaqda problemi davam eləyir. Belə olan bir halım olsa idi, mən nədən şübhələnərdim?
Şübhələnəcək ən önəmli şey əməliyyatdan sonrakı Refraktiv Error. Yəni əməliyyatdan sonra bizim hədəfimiz qoyulacaq linzaların modellərinə görə fərqli: -0,50 ilə +0,50 arası intervalında bir hədəf götürürük. Hə, bəzən olur ki, bu hədəfi aşır. Tutaq ki: -1 olur, -1, 25 olur… Böyük ehtimal da belədir. Əgər “Yaxını, yarım metri yaxşı görürəm, ondan oyanası pis” deyirsə, böyük ehtimal bu ən çox rast gəldiyimiz də budur. Refraktiv Error.
Bu Refraktiv Error-larda yaxını çox mükəmməl görərik, amma uzağı çox bərbad görərik.
Belə olan hallarda tələsməmək lazımdır. Mən pasiyentlərə deyirəm: ortalama, aşağı-yuxarı 2 xəstədən 1-də rast gələcəyimiz bir mövzudur və 6 ay içərisində tələsməmək lazımdır.
Əgər Refraktiv Error dərəcələri çox yüksək deyilsə, yola verilə biləcək rəqəmlərdirsə… 6 ay içərisində, çünki o lensin tam yerinə oturmaq, arxa kapsulun formalaşması, sonra arxa kapsulun YAG lazer olunması, ondan sonra o qalıq nə qalıq qalırsa, onu Eksimer Lazerlə həll eləmək. Yəni bununla o problem həll ola bilir, toparlanır. Və böyük ehtimal da bu pasiyent üçün bu mövzu olacaq və toparlanacaq.
Yəni panikaya düşməsin, həkimi ilə ünsiyyətini davam etdirsin. Böyük ehtimal həkim mövzu haqqında o pasiyenti bilgiləndirib, çıxış yollarını da deyib. Bəlkə də bizim də bu mövzuda pasiyenti ürəkləndirməyimiz, həkiminə güvənini artırar və bu mövzuda işlərini davam eləsinlər.
Desentrasiya
Amma trifokallarda yaşadığımız ikinci bir böyük, çətin problem hansı ki, həll eləyə bilmirik, həlli çox çətin olur: desentrasiya.
“Kappa bucağı” dediyimiz bir bucaq var. Gözün bir anatomik oxu var, bir də optik oxu var. Bu anatomik oxla optik ox arasındakı məsafə 0,55 mikrometrdən böyük olmamalıdır. Yəni təxminən o bucağımız maksimum 5 dərəcəyə qədər olmalıdır, ondan artıq olmamalıdır.
Əgər Kappa bucağı böyükdürsə, bu xəstələr bu linzalardan məmnun qalmayacaq.
İkincisi, əməliyyatın gedişatında əgər linzanı tam mərkəzə otuzdura bilməsək, xəstə yenə də məmnun qalmayacaq.
Üçüncüsü, əməliyyat elədin, tam yerinə otuzdurdun, amma xəstədə kapsul gərilmə sıxıntısı var, autoimmun xəstəliyi var, çox cavan adamdır, uveit xəstəliyi var… Bu bir müddətdən sonra kapsul gəriləcək və istər-istəməz lensi yerindən tərpədəcək hər hansı bir istiqamətə. Yəni gələcəkdə, 3 ay sonra, 1 il sonra… Əgər o yenə də desentrasiya oldusa alt-üst olur. Və belə olan hallarda çox təəssüf ki, işi həll eləmək çox cəngələ dönür. Normal əməliyyat 5 dəqiqə, 8 dəqiqədirsə, bu işi həll eləmək çox məsuliyyətli və bəzən 1 saat – 1,5 saat anestezi ilə, ümumi anestezi ilə əməliyyat tələb oluna bilir.
Trifokal linza fərqi
Ayrı-ayrı mərkəzlərdə trifokal linza əməliyyatının qiyməti fərqli olur. Qiymətə təsir edən digər faktorlarda birlikdə linzanın mənşəyi, yəni hansı linzanın istifadə olunduğu da rol oynayır.
Bəzən xəstələ deyir,
“Filan yerdə 1500 manat olan linza, başqa yerdə 3000 manata qoyulur”.
Eyni şey deyil! 1500 manatlıqla 3000 manatlıq eyni şey deyil! Bunu bilmələrini istəyirəm. Çox fərqlidir! Bam-başqa şeydir! Burada qoyulacaq linza çox önəmlidir.
200 manata da trifokal linza var, 1200 avroya da var. Adı eynidir: trifokal linza. Mənşəyi fərqlidir, bam-başqa şeydir.
Bəzən imkan olduğu halda belə yanılırıq. Bir az daha ucuza qaça bilirik. Amma çox təəssüf ki, sonra problemlərin öhdəsindən gəlmək daha da çətin olur.