Şəkərli diabetik xəstələrin göz problemlərində iynəmi, yoxsa lazermi?

Şəkərli diabeti olan xəstələrin göz problemlərində iynəmi, yoxsa lazermi?

Əslində bu mövzu müzakirə olunacaq bir mövzu deyil. Yəni şəkərli diabetli xəstələrdə əgər göz problemi başlayıbsa, “diabetik retinopatiya” başlayıbsa, retinopatiyanın mərhələsinə görə, yəni gözün zədələnmə dərəcəsinə görə əslində kriteriyalar dəqiq və aydındır: “Nə vaxt vitre içi iynə vurulmalıdır, nə vaxt gözdaxili lazer olunmalıdır?” 

Bu kriteriyalar artıq biz həkimlər tərəfindən dəyərləndirilir. Yəni gözün vəziyyətinə baxılır, torlu qişanın vəziyyətinə baxılıb qərar verilir.

Nadir hallarda seçim qarşısında qalırıq

Çox nadir hallarda dilemma qarşısında qalırıq iynəmi birinci olsun, yoxsa lazermi birinci olsun? Burada artıq əlavə digər faktorlar: xəstənin ümumi vəziyyətidir, ürək-damar sistemidir, mərkəzi sinir sistemi vəziyyətidir, xəstənin şəkər kontroludur, xəstənin həkimə təkrar müayinələrə gəlib gedə bilmə imkanıdır. 

Bunların hamısını dəyərləndirib bəzən bu taktikada dəyişikliklər edə bilirik. Amma dediyim kimi, ümumi ana xətləri ilə iynənin özünə görə kriteriyaları var, lazerin özünə görə kriteriyaları var.

İynə nə üçün vurulur?

İynənin mahiyyəti nədir?

İynənin mahiyyəti retinada əmələ gələn “keyfiyyətsiz” yeni damarların geri sorulmasını təmin etmək… Çünki o damarlar asanlıqla sızdıra bilir və qan təzyiqi qalxırsa, asanlıqla onlar partlayırlar, gözün daxilinə qan sızmalara səbəb olurlar.

İynənin mahiyyəti dediyim kimi o damarların geriyə sorulmağını təmin etmək və qan sızmanı önləmək… Bəzi hallarda görmə mərkəzində ödemlər varsa, ödemləri çəkmək üçündür.

Lazer nə üçündür?

Lazer mahiyyəti isə işemiya olunmuş, hər hansı bir səbəbdən torlu qişada qidalanması pozulan sahələrin lazerlə fotokaorqulasiya olunmasıdır ki, həmin hissəyə işemiya bölgələrinə yeni damarlar əmələ gəlməsin. 

Həmin o damarlar əmələ gələrsə, az öncə qeyd etdiyim kimi, təkrar həm qansızmaya səbəb olurlar, həm də retinadaxili maye sızmasına səbəb olurlar.

Şəkərin kontrol altında olması önəmlidir

Əksər hallarda birinci işə başlamalıyıq şəkərin kontrolundan. Əgər şəkər kontrolu düzgün aparılarsa… Əslində belə bir şey… Əgər xəstə o vəziyyətə gəlib çıxsa, demək ki, problem var kontrolda… Ya həkim tərəfindən düzgün kontrol olunmur və ya xəstə səhlənkarlığı, diqqətsizliyi, yanlış anlaşılması nəticəsində düzgün kontrol olunmur və məsələlər bu etapa gəlib çıxır. Yəni iynə və ya lazer olunma məsələsinə gəlib çıxıb.

Bizim edəcəyimiz işlərin faydası ola bilməsi üçün mütləq şəkər kontrolda olmalıdır. Əgər şəkər kontrolsuzluğu davam edəcəksə, bizim vurduğumuz iynənin də və etmiş olduğumuz lazerin də faydası uzun müddət qalmaz. Bir müddətdən sonra onların təsiri təkrar ortadan qalxar və sanki heç bir şey olmamış kimi olar. 

Öncə şəkəri nəzarət altına alın, sonra biz işə başlayaq

Birinci tövsiyəmiz xəstələrə, hətta bəzən gözün vəziyyəti ağır olmuş olsa belə, yenə də xəstənin bu mövzuda nə qədər ciddi olduğunu yoxlamaq üçün və edəcəyimiz müalicələrin effektivliyini artırmaqdan ötrü 1 aylıq xəstəyə bir möhlət tanıyırıq “Gedin şəkərinizə ciddi nəzarət edin. Şəkər kontrolu əgər düzgün olarsa, ondan sonra biz işə başlayaq”. 

Əgər şəkər kontrolu olmayacaqsa, səhlənkarlıq olacaqsa, biz iynə vursaq da, bir nəticəsi olmayacaq və sonunda “Getdim filankəsin yanına, mənim gözümə iynə vurdu, sonra gözüm kör oldu.”

Çox təəssüf ki, heç kimsə özünü günahlandırmır. Yəni, “Həkim iynəsini vurdu, əlindən gələni etdi, amma mən ciddi yanaşmadım” demirlər. Ədalətli olmuruq.

Ümumiyyətlə, insanlar həmişə günahı kiminsə başqasının üstünə atır. Bu mövzulardan yaxa qurtarmaq üçün, xəstəyə faydamızın toxunması üçün mütləq ardıcıllıq belə olmalıdır: ciddi şəkər kontrolu, ondan sonra artıq tədbirlər görmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir