eynek taxanlar hansi problemlerle uzlesirler

Eynək taxanlar hansı problemlərlə üzləşirlər

Keçən səfərki eynəklər ilə əlaqədar bir yazımız var idi onun davamını: “Eynək istifadə edənlərdə hansı problemlə qarşılaşıla bilər?” 

Eynək istifadə edənlər iki qrupa böləcəyik. Daha əvvəllərdən eynəyi olanlar: eynəyi dəyişdirilir və yaxud da ki, ilk dəfə eynək taxanlar. 

İstəyirsiniz elə birinci ilk səfər eynək taxanlarla əlaqədar bir az məlumat verim. Yenə də bu mövzular əslində sağ olun, siz sual olaraq mənə xatırlatdınız, amma praktikada həqiqətən də çox qarşılaşırıq. Belə yaxşı oldu bu mövzunu paylaşmağımız.

İlk dəfə eynək taxacaq insanlar daha öncə eynək taxmadıqlarına görə, beyin fəaliyyətini davam etdirməkdən ötrü həyat fəaliyyətini davam etdirməkdən ötrü özünə görə bir yollar tapır, bir adaptasiya…Ölçülər formalaşdırır, məsafələr formalaşdırır ki, hansı ki, o ölçülər, məsafələr onu səni həyatda aldatmasın, işlərini davam edə bilsin, yeriyəndə çuxur hiss eləsin yıxılmasın. Amma eynək taxınca bir az daha dəyişmiş olur bəzi şeylər. Təhrif olunmuş görmə ola bilir. Xəstələr xüsusilə də miyoplarda uşaqlarda: “Mama deyəsən burun çox böyük görsənir”, “Qulaq belə görsənir”, “Tükün dibini görürəm” və yaxud da ki, “Filan yerdə qapı enli görsənir, əvvəllər daha nazik idi”, “Pilləkanın hündürlüyü məni çaşdırır”. Belə bir sıxıntılarla qarşılaşa bilərik. Ona görə ilk dəfə eynək taxanları əgər təmiz miyopdularsa bunlar sadəcə “təhrif olunmuş görmə” yəni ölçülərdə böyümə və ya balacalaşma ilə qarşılaşırlar və 2-3 günə keçib gedir. 

Mioplar

Pasiyentdir, 10% görməsi var, gözündə miyop: “mənfi 2”. “Mənfi 2” ilə 100% görür. Eynək yazdıq, 2 gün diskomfort olur, 2 gündən sonra elə bil ki, elə o eynəklə doğulub və heç bir problem də yaşamırlar. Eynəklərini çox rahat taxırlar. O şəkildə də davam olunur. 

Burada bir haşiyə çıxmaq istəyirəm. Bir anda ağlıma gəldi. Biz çox yaşayırıq. Çünki həkimlər arasında da ortaq bir qərara gəlinməyib. Ekollar var: Rus məktəbi və ya Avropa məktəbi. Kiçik dərəcəli miyop olanda, yəni tutaq ki uşağın gözünün dərəcəsi -1,5, -2-dir: “Ay uşaq, sən ancaq yaxına baxanda eynəyi taxarsan” deyilir. 

Bizim tövsiyəmiz elə deyil. Yəni bir insanın gözündə qüsur varsa, refraktiv qüsur varsa, 30% görür, “mənfi 1.25”lə 100% görür. Bu uşaq eynəyi həmişə taxmalıdır. Uzağa baxanda da, yaxına baxanda da, telefondan da işləyəndə, yazı yazanda da, həyətdə oynayanda da. 

Dərəcə aşağı olanda fərq çox hiss olunmur. Tutaq 0.50 – 0.75… Onlar onsuz da yaxında öz gözləri ilə rahat görürlər deyə çox da fərq eləmir. Amma görmə faizi aşağı olanlarda, yəni 20%, 30% görür, mənfi 1.50, mənfi 2 nömrə qoyunca görmə 100 faizə çıxır… Bu insanlar eynəklərini daimi taxmalıdılar. Eynək taxmayanda yaxşı görmürlər, gözlərini qıyırlar və göz gərginləşir, çox başağrıları verir. Bir.. 

İkincisi: “Doktor, onsuz da bunlar yaxını yaxşı görürlər.” Bəli, bunlar yaxını anormal böyük görürlər. Amma hansı məsafədən? Bizim oxu məsafəmiz 35 sm-dir. 35 sm-də A4 vərəqi baş hərəkəti olmadan, gözümüzü hərəkət etdirməklə bütün A4-ü rahat oxuya bilməliyik. Amma mənfi 2, mənfi 2.50, mənfi 3 dərəcə olan insanlarda bu şəkildə təxminən 10, 12, 15 sm-dən rahat görürlər, onları qane eliyir hərflərin ölçüsü. Amma bu səfər gərək davamlı əlavə, göz hərəkətindən əlavə baş və boyun hərəkətləri olsun. Bu onları ikiqat daha da yorur. Yəni yaxşı görmək fərqli bir şeydir, rahat olmaq, rahat görmək fərqli bir şeydir.

Ona görə burdan bir yenə də məlumat: mioplarda belə, yaxını yaxşı görsələr belə, mütləq yaxın işində də, ya telefondur, ya kitab-dəftərdir, ya kompüterdir, “oçki”lərini taxmaqlarını tövsiyə edirik. Mioplar çox asan adaptasiya olurlar,onlarla bağlı problem yaşamırlar. Çünki onlar eynək taxanda əməlli fərq hiss edirlər.

Hipermetroplar

İkinci qrup xəstələr hipermetroplar, yəni gözündə müsbət dərəcəsi olanlar, “plus”u olan xəstələr. Bu xəstələr birinci, əvvəlki yazıda da qeyd etmişdik, əksər hallarda əgər hipermetropun nömrəsi aşağıdırsa: +2, +2.5, +3… Bunların görmələri yaxşı olur. Bunlar “yaxşı görmürəm” şikayəti ilə gəlmirlər. “Doktor, hara desən görürəm, amma yoruluram.” 

Onlarda yorğunluq şikayəti olur və işin qəribə tərəfi, yorğunluq dərəcəsindən asılı olaraq hiss olunan dioptriya dəyişir. Düşünün, xəstənin gözündə misal +4 hipermetropu var. Xəstə 100% görür. Müayinəyə gəlib. Səhər tezdən hər şey əla! 100% görür. İlk dərmansız müayinədə gözün dərəcəsi 0, 0,25 və ya 0,50. Yəni normal bir dəyərləri olur. Xəstə bir az vaxt keçəndən sonra saat 12-yə doğru yavaş-yavaş başlayır yorulmağa. Artıq gözündə +1 dərəcə ortaya çıxır. Saat 2-yə, 3-ə doğru daha da yorğunluq artır: +2, saat 4-də doğru: +3. Axşam, saat 8-də, 9-da elə bil ki, çox üzr istəyirəm bu sözümə görə, alkoqol istifadə edib sərxoş olanda, necə ki, fokusu tuta bilmirsən, o hala düşür insanlar. Nə isə rəqəm görmək istəyirlər, oxumaq istəyirlər, özlərini çox sıxırlar, amma ona baxmayaraq yenə də bir ortaya bir şey çıxarda bilmirlər. 

Yəni bu niyə anlatdım? Gün ərzində o insanların görmə dərəcələri, görmə keyfiyyəti, görmə faizi dəyişir. Bunlarda biz əlbəttə ki, ilk 100% görən insana əgər gen bəbəklə +4 çıxıbsa, 4-ün hamısını verə bilmirik, aşağı nömrələr verməliyik. Aşağı nömrələr də onun qaldıra biləcəyi bir nömrədir. Çünki xəstə bir daha deyirəm,100% görmə ilə gəlmişdi. Yəni rahat olanda bu onsuz da 100% görür. Mən nömrəni artıranda: 1, 1.50, 2… Bu səfər eynəyi taxınca görməyi çox dumanlaşır. Səhərlər eynəyə çox ehtiyac olmadan d aişlərini görürlər. Saat 11. Artıq yorğunluq var, eynəklərini taxırlar. Çox rahat olur eynəklə. O eynək onu aparır 3-4 saat. 3 -4 saatdan sonra artıq gözün dərəcəsi olub axı +3! Mən də +1.50 yazmışam. Artıq 1.50 yetərli olmur. “Doktor, artıq axşama doğru eynəklər yetərli olmur.” Onda müsbət dərəcələri, hipermetropları, hələ-hələ “latent hipermetrop” dediyimiz görməsi tam olan xəstələrdəki müsbət dərəcələr: bunlara eynək yazmaq həqiqətən çox yorucu, çox məsuliyyətli olur və xəstəni gərək çox danışdırıb anamnez toplayasan. Onun həyat tərzini öyrənəsən, onun iş qrafikini öyrənəsən, nə işlə məşğul olduğunu öyrənəsən. Ona görə ona kömək eləməyə çalışırıq.

Amma yenə də hipermetroplarda tam, ideal bir eynək yaza bilmirik. Çünki başda da dediyim kimi, gün ərzində bunların hiss etdikləri dərəcələr dəyişir. Səhər +1, günorta +2, günortadan sonra +3, axşam +4. Mən buna nə eynəyi yazım?

Bir nömrə yazsam, bütün gün boyu onu tam məmnun eləməyəcək. Sadəcə onu “idarə edəcək” bir nömrə yazıb yola salırıq. Əlbəttə ki, yaş artdıqca onların həm fiziki, həm zehni yükləri artdıqca tələb etdikləri nömrələr də artır və eynək nömrələrini də zamanla dəyişdirmək məcburiyyətində qalırıq. 

Hipermetroplar… Yenə mövzumuza qayıdıram, hipermetroplara eynək yazanda dediyimiz: “Bu eynəyi taxınca başda bir həftə, 10 gün çox dumanlı görəcəksiniz”. Bir… İkincisi, eynəyi çıxardanda, bu da çox önəmli mövzudur… Xəstə: “Eynəyi taxdım, hər şey əladır, yaxşı görürəm. Amma doktor, eynəyi çıxardandan sonra 10 dəqiqə çox bərbad görürəm. Ona görə də o bərbad görməni qaldırmaq istəmirəm. Onunla qarşılaşmaq istəmirəm. Ona görə eynəyi taxmadım.” Misal üçün… 

Ona amma əvvəlcədən məlumat verəndə ki “Eynəyi çıxardandan sonra bir 10 dəqiqə dumanlı görəcəksiniz”, onlar bunu normal, anlayışla qarşılayırlar. Bilirlər ki, “Hə, doktor demişdi. Onsuz 10 dəqiqə sonra düzələcək”. Yadlarından çıxır. Bir də baxırsan ki, öz-özünə toparlandı, düzəldi.

Bu mövzu ilə əlaqədar ayrı bir yazı paylaşıram: “Eynəyi çıxardandan sonra görmək niyə dumanlaşır?” Maraqlı bir mövzudur əslində.

Astiqmatlar

Bir də üçüncü qrup bizim bu astiqmatı olan qruplar. Astiqmat həm təmiz, sadə astiqmatı olanlar, bir də miyop və hipermetrop astiqmatlar. Bunlar üçü üçün isə eyni şey keçərlidir. 

Astiqmat… Bəlli bir bucaqda sındırma gücü digərlərindən fərqli olur. Ona görə onlarda dağınıq görüntü var. Dağınıq, keyfiyyətsiz görüntü… Asiqmatı olan insanlar gözlərini qıyırlar ortaya bir şey çıxartmaqdan ötrü. 

Misal üçün, əgər 60 dərəcə bucaqda bir asiqmatizmiz varsa, 3 dioptri astiqmat, bu insan gələn bütün görüntü astiqmata görə əyilir, beynə ötürür. Amma “Əyri görüntü ilə insan həyatını davam etdirə bilməz” deyə, beyin bu görüntünü düzəltməkdən ötrü “bir yeni proqram hazırlayır”. Əyri gələn görüntülər düzəldir, salır içəri. Əyri gələn görüntülər düzəlir, salır içəri… 

Eynək taxıncanə olunur? Eynəkləri taxınca artıq görüntü düz gəlir, amma proqram hələ də davam edir. Bu səfər düz gələn görüntü yenə də əyilir beyinə gedir. Düz gələn görüntü, əyilir beyinə gedir. Xəstələr ilk başda çox əziyyət çəkirlər. Yəni təxminən 3 gün, 5 gün, 1 həftə… Hətta 2 həftəyə qədər davam edə bilir. Daha sonra artıq beyin düzgün gələn görüntüləri təkrar əyməməyə çalışır. Yəni əvvəlki “proqram silinir” və gələn görüntü normal şəkildə beyinə gedir. Artıq insanlar rahat görməyə başlayır. 

Astiqmat eynəyə öyrəşmə müddəti insana görə dəyişir

Sual verə bilərsiniz ki, “Bəs müddət nədən asılıdır?” Kimisində 3 gün, kimisində 5 gün, kimisində 2 həftə… Burada adaptasiya periodu beyinə aid bir mövzu olduğuna görə sinir sisteminə bağlıdır. Kimin ki, sinir sistemi çox gərgindir, adaptasiya uzanır. Kimin ki, sinirləri gərgin deyil, rahatdır, yorğun deyil, psixoloji “relaks” vəziyyətdədir, bunlar daha sürətli adaptasiya olur. Uşaqlar daha sürətli: 3 günə, 5 günə, bəlkə 1 həftəyə öyrəşirlər, amma yuxarı yaşlı insanlar… Xəstə gəlib 40 yaşı, 45 yaşı var. Həyatında indiyə qədər ilk dəfə eynək yazılacaq, özü də astiqmat eynəyi olacaq… Onlar çox əziyyət çəkirlər. 1 həftə, 10 gün, 2 həftəyə qədər “əyri görmə”dən şikayət edirlər. Necə olur? İlk taxdıqları vaxt taxıb düz baxırlar, problem hiss eləmirlər, çox dəqiq görüntü olur. Amma bir balaca sağa-sola göz hərəkəti, baş hərəkəti oldum ubütün obyektlər yayılmağa başlayır, əyilməyə başlayır. Hətta yeriyəndə nataraz yeriyirlər. Bir balaca tarazlıqlarını qorumaqda, bir balaca kələ-kötür oldumu, çaşırlar, yıxılırlar və yapilləkən qalxmaqda, pilləkən düşməkdə çox əziyyət çəkirlər. Astiqmatizmin dərəcəsinə görə də dəyişir. Astiqmatı az olanlar yenə də bu periodu daha sürətli keçirdirlər, astiqmatizmin dərəcəsi çox olanlar daha gec öyrəşə bilirlər. 

Astiqmatlara dərəcəni tam yazmaq lazımdır

Bəzən olur xəstənin astiqmatizmin dərəcəsi yüksək olur. Məsələn, mənfi 5 asiqmatı olur, amma ilk eynəyi olacağına görə biz məcbur mənfi beşin hamısını yazmırıq. Xəstənin ümumi vəziyyətinə görə: -1.50 , -2, -2.50 yarızıq. Ona adaptasiya olurlar. Sonra 2 ay, 3 aydan sonra təkrar bir az daha nömrələrini artırırıq.

Astiqmatı tam yazmaq niyə lazımdır? Bu da həm həkim dostlarımız üçün, həm də pasiyentlərimiz üçün… Bəzən biz həkimlər xəstənin eynəyə adaptasiyasında problem yaşayacağına görə qorxub astiqmat nömrələrini az yazırıq. “Başıma bəla olmasın!” deyə. Amma astiqmat nömrəsini az yazınca gözlər “tənbəlləşməyə” daha çox meylli olur. Xəstə gəlir baxırsan mənfi 8 miyop… Əslində mənfi 5 astiqmat. Amma mənfi 5… Bir öncəki çəkinib, tam yazmayıb, mənfi 2 yazıb, xəstənin gözü “tənbəlləşib”. Eynək ilə görməsi 30-40 faizə ancaq çıxır. Görmə daha da “yatacaq”. Yəni bu eynəyi taxdığı halda belə görmə daha da “tənbəlləşəcək”. Görmə “tənbəlləşməsin” deyə, artıq hər şeyi göz önünə alıb astiqmat dərəcələrini maksimum verməyə çalışırıq ki, xəstənin ən azından “amblopiyası” dərinləşməsin. Yəni “tənbəlliyi”  daha da dərinləşməsin. Hətta bəzən olur, əgər çox gec olmayıbsa, görmə faizləri yüksəlir. 

Ona görə astiqmatı olan xəstələrə yenə də biz normal müayinə sırasında da deyirik, burada da bir məlumat vermiş olaq, eynək taxdıqda panikləməsinlər, səbrli olsunlar, taxmağa davam eləsinlər. Nə qədər çox taxarlarsa, o qədər daha tez adaptasiya olacaqlar. Bəzən baxır: 

  • Doktor, 2 həftə keçdi, hələ də düzəlmədi. 
  • 2 həftədə neçə dəfə taxmısınız?
  • 3 dəfə taxmışam. Hərəsində də 10 dəqiqə, 10 dəqiqə.
  • Mümkün deyil ki…

Yəni orada müddət önəmlidir. Müddət! Əgər dözüb, səbr eləyib səhərdən axşam qədər taxsanız bəlkə 2 günə, 3 günə də bu periodu atlamış ola bilərsiniz. 

Yüksək dərəcəli astiqmatlara tövsiyəm

Bir də bir tövsiyə verim, yəni əgər astiqmatın dərəcəsi çoxdur, yaşı yüksəkdir, öyrəşməkdə əziyyət çəkirlər. İlk başda eynəyi taxıb oturduqları yerdə eynəyi istifadə eləsinlər. Misal üçün televizor seyr eliyirlər, filmə baxırlar. Eynəyi taxsınlar, filmi seyr etsinlər. Bir saat, saat yarım… Sonra yavaş-yavaş tanıqları evin içərisində gəzməyə başlasınlar. Artıq rahatdır 1 gün, 2 gün keçdi, eynək taxtılar artıq. Sağa-sola baxanda yayınmalar çox deyilsə ondan sonra artıq çölə istifadə edərlər. Yəni həyətdə-bacada da istifadə edə bilərlər ondan sonra. 

Astiqmatlar öyrəşəndən sonra çox komfortlu olurlar. Daha sonra müayinəyə gəlib çox təşəkkür edirlər: 

“Doktor, dəhşət baş ağrılarım olurdu, dəhşət yorulurdum”. 

Gənc xanımlar: 

“Doktor yaxşı görmürdüm, gözümü qıyırdım. Qırışlar əmələ gəlmişdi. Artıq eynək taxıram. Şükür Allaha, artıq gözümü qıymıram. Ona görə qırış söhbəti də yoxdur.” 

Astiqmatlar da məmnun qalır yorğunluqları azaldığından. Amma asiqmatlara aid başqa bir yazı da inşallah əgər imkanım olarsa “Astiqmatların eynəyə adaptasiyası, eynəyin onlara verdikləri…” Onunla əlaqədar inşallah vaxtımız olsa bir səfər bir yazı hazırlayıb o mövzunu da bölüşmək istəyirəm. Burada yekunlaşdırım əgər həkim məlumat veribsə ki,müayinə vaxtı bütün həkimlər xəstələrə xəbərdarlıq edirik ki, 1 həftə, 10 gün səbirli olsunlar eynək istifadəsi ilə bağlı, səbirli olub eynəklərini daimi taxsınlar, o narahatlıqlar qısa müddətdə keçib gedəcək.

6 thoughts on “Eynək taxanlar hansı problemlərlə üzləşirlər”

  1. Salam doktor. Mən -5 dedi həkimlər. Birdə məndə göz təziqi var təziqim tez tez 160-170 qalxır. Həkim dediki başında göz təziqinə səbəb olab bir şey var bu nə ola bilər.

  2. Salam Rəfadar həkim, sizə bir sualım var: mənfi 3 ölçülü eynək istifadə edirəm, günəşli vaxtlarda gözlərim çox sulanır, günəş eynəyinə ehtiyac var, bu halda hansı tip eynək daha məsləhətlidir: xameleon, maqnitli keçirmə yoxsa şüşə rənglənməsi? Çox sağolun

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir