trifokal-linzani-her-goze-qoymaq-olmaz

Hər gözə “ağıllı linza” qoymaq olmaz

Trifokal linzalar. “Ağıllı linza” deyilir, əslində, düzdür, bu, el arasında artıq belə olub, “ağıllı linza” kimi tanınır, amma elmi adı onun “trifokal lenslər”dir. Yəni orada “smart”lıq, “ağıllı”lıq bir şey yoxdur silikonun xüsusi bir törəməsidir də, canlı bir materialdır. Orada içərisində bir mikrosxemi də yoxdur, prosessoru yoxdur, yəni biz ona “ağıllı” deyə bilmirik. Niyə isə belə başladı, trifokal lenslər.

Düzdür, əvvəllər bir neçə dəfə bu haqda yazılarımız olub. Amma demək ki, vaxt keçdikcə həm məlumatları yeniləmək baxımından, həm də insanların ehtiyaclarına uyğun olaraq bəzi mövzuları təkrarlama ehtiyacı doğa bilir. 

Niyə bu mövzuda məlumat vermək istəyirəm? Trifokal lenslər niyə gündəmdədir? 

“Biz eynək taxmaq istəmirik”

Vaxt keçdikcə insanların gözlə bağlı və məsafələrlə bağlı tələbləri daha da artmağa başladı. Hal-hazırda demək olar ki, bütün insanlar bütün məsafələrdə daha rahat, daha aydın görmə istəyirlər. Bəzi xəstələr var ki, ümumiyyətlə, cavan yaşlarda belə görmə baxımından problemi var, ya uzağı, ya yaxını. Bəzi insanlar var ki, cavan yaşlarında heç problemi olmur, amma 40 yaşdan sonra yaxınla bağlı sıxıntılar ortaya çıxır və bunlar eynək taxmaq istəmirlər. Yəni gənclər də, yaşlılar da “Biz eynək taxmaq istəmirik, eynəksiz necə eləyə bilərik bizim görmə keyfiyyətimiz, komfortumuz formalaşsın?”

Trifokal lenslər üçün xəstə xüsusilə seçilməlidir

Bunların alternativlərindən bir dənəsi də bu, trifokal lenslərdir. Amma hal-hazırda ən çox yaşadığım problem: “Trifokal lenslər üçün xəstə xüsusilə seçilməlidir”. Yəni bu lenslər o qədər həssas lenslərdir ki, çox cüzi xətaları beləqə bul etmir. Yəni xəstə onu qlobal problem kimi yaşayır. 

Xəstələr olur, müayinəyə gəlir: “Mən eynək taxmaq istəmirəm. Uzağı da yaxşı görmək istəyirəm, yaxını da yaxşı görmək istəyirəm.” Əlbəttə ki, əgər göz buna uyğundursa, niyə də olmasın ki? Belə bir imkan varsa, niyə də olmasın ki? Amma bəziləri həm bunla barışmaq istəmir. Müayinə nəticəsində məlum olur ki, sıxıntı var. Bu linza taxılmamalıdır. Bu linza o xəstəyə qoyulsa, xəstə başqa problemlər yaşayacaq. Guya bir problemi həll eləmək istəyirdik, yəni yaxına eynək taxmaq istəmirdik, bir problem idi, əməliyyat olduq, bəlkə də, o problem həll olunmuş kimi olur, yeni problemlər ortaya çıxmağa başlayır. Nə isə qabağa düşmədik, problemin adı dəyişdi, fərqli problemlə davam edir. 

Ona görə həm burada pasiyentlərə, həm də həkim həmkarlarıma deyəcəyim söz odur ki, hər gələn xəstə, hər “Mən trifokal lens istəyirəm” deyən xəstəyə bu trifokal lenslər taxılmamalıdır. 

“Doktor linzanı qoydurmuşam, amma problem yaşayıram.”

Trifokal lenslər taxmaqdan öncə xəstənin gözü və xəstənin ümumi orqanizmi bu lensə uyğun olub-olmadığı detallı araşdırılmalıdır. Ana problemləri deyirəm və ya ana xəttini deyirəm. Əgər trifokal linza planlaşdırılacaqsa, həmin xəstədə katarakta və ya refraktiv qüsur, yəni sadəcə görmə problemi, gözdə dərəcə, onun xaricində ikinci heç bir problem olmamalıdır. Bundan əlavə digər parametrlər bu lensi taxmaq üçün uyğun olmalıdır. Onu, onsuz da, hamımız yoxlayırıq. 

Amma xəstə əməliyyat olub, gəlib “Doktor, əziyyət çəkirəm. Doktor, əyri görməyə başlamışam”. Müayinə edib baxırsan ki, gözün arxasında görmə mərkəzinin üstündə bir “zar” var, epiretinal membran. “Zar” olan gözdə bu linza işləməyəcək, hətta işləməsi qalsın bir qırağa xəstəyə problem çıxardacaq. 

Və ya xəstə əməliyyat olub gəlir “Doktor, ayağımın altını görə bilmirəm”. Oxutdurursan, xəstə guya 60 faiz görür, hərfləri guya 60 faiz oxuyur, amma real həyatda inanılmaz əziyyət çəkir. Niyə? Çünki xəstənin qəbul edilməyəcək dərəcədə astiqmatı var. Astiqmatı olan gözlərə qoyulmaz bu linza və ya qoyulacaqsa, astiqmata uyğun torikləri qoyulmalıdır. 

Və ya xəstə gəlir, “Doktor linzanı qoydurmuşam, amma problem yaşayıram. Rahat görmürəm. Gah dumanlaşır, gah aydınlaşır.” Məlum olur ki, xəstədə quruluq var. Quru göz olan xəstəyə bu lens qoyulmaz… 

“Trifokal lens tövsiyə etmirik” deyilirsə, artıq israr etməyin.

Yəni demək istədiyim, burada saydığım və saymadıqlarım o qədər nüanslar və səbəblər var ki, bunları nəzərə almadan bu linzaların implantasiyası o xəstələr üçün problem olur. Yenə də hər halda tövsiyəm, həkimlərə və xəstələrə: Əgər bu linza planlaşdırılırsa, heç bir nüans nəzərdən qaçırılmadan müayinə aparılmalıdır. Hər şey uyğun olarsa, ondan sonra bu əməliyyat icra olunmalıdır. 

Mövzunu yekunlaşdırmaq istəsək, ana cümləmiz: Belə bir istəyiniz varsa, yəni pasiyentlərin belə bir istəkləri varsa, həkimə müraciət edəcəklər. Həkim hərtərəfli, detallı müayinə edəcək və bunun nəticəsində əgər bir həkim pasiyentə, bu “Trifokal lens implantasiya etmək tövsiyə etmirik” sözünü deyirsə, artıq pasiyentlərin israr etməmələrini onlardan rica edirik. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir